Məhkəmə qərarları › İş №2(026)-305/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-305/2023

23.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-305/2023 23.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X16 və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinin direktoru X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 01 sentyabr 2004-cü il tarixdən etibarən əmək müqaviləsi bağlanmaqla Cavabdeh1 tərəfindən işə qəbul edilmiş, ixtisası üzrə müəllim işləmişdir. Hazıradək işlədiyi müddətdə müdiriyyət tərəfindən heç bir xəbərdarlıq, töhmət və ya hər hansı cəza almamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişinin elektron çıxarışından görünür ki, 21 sentyabr 2004-cü ildən etibarən əmək müqaviləsi əsasında Qobustan rayon təhsıl şöbəsi tərəfindən işə qəbul edilmiş, lakin 21 sentyabr 2022-ci il tarixdə 88 saylı əmrlə əmək müqaviləsinə xitam verılmışdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsi- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halları göstərilmişdir. 21 sentyabr 2022-ci ıl tarixdə Qobustan rayon Poladlı kənd tam orta məktəbinin X17 yığıncağında Qobustan Rayon Təhsil Sektorunun 2 nəfər əməkdaşının, həmçinin 16 nəfər Həmkarlar İttifaqının üzvlərinin iştirak etməsi yazılmışdır. X15 rayon Mahir Kərimov adına Poladlı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmış təqdimata baxılmışdır. Həmin təqdimatla əlaqədar ATİAHİ Qobustan Rayon Poladlı kənd orta məktəbinin ilk Həmkarlar Təşkilatının sədri S.İsmayılov yığıncaq iştirakçılarına məlumat vermişdir. Protokolda yazılıb ki, müəllimlərdən bir neçəsi çıxış edərək onun-İddiaçı xəstə olduğu üçün məktəbə gəlmədiyini qeyd ediblər. Lakin heç bır şəxs gedib onunla söhbət aparmalarına və məktəbə gətirməyinə razılıq vermədi. X12 əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. DŞRTİ Qobustan Rayonu üzrə təhsil sektoru Poladlı kənd tam orta məktəbinin 21 fevral 2023-cü il tarixli 88 saylı əmrindən çıxarışında “ATİAHİ Qobustan Rayon Poladlı kənd tam orta məktəbinin ilk Həmkarlar Təşkilatının 21 sentyabr 2022-ci il tarixli, 80 nömrəli protokoluna Həmkarlar ittifaqının üzvü, Poladlı tam orta məktəbinin rus dili müəllimi İddiaçı heç bır səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə Poladlı kənd tam orta məktəbinin 21 sentyabr 2022-ci il tarixli 1 saylı təqdimatına baxıldı. ƏSAS: İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işinə xitam verilsin."-yazılmışdır. Barəsində verilmiş əmək müqaviləsinə xitam qərarı ilə qətiyyən razılaşmır. Çünki əmək funksiyasına və əmək intizamına həmişə ciddi riayət etmişdir. 26 avqust 2022-ci il tarixli çıxarış epiqrizinin əslindən də görünür ki, o, 02 iyul 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixinədək müalicədə olmuşdur. 31 yanvar 2023-cü il tarixli çıxarış epiqrizinin əslindən göründüyü kimi 28 sentyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixinədək yenidən müalicədə olmuşdur. Əmək qabiliyyətinin olmaması vərəqəsinin əslindən (xəstəlik bülleteni) görünür ki, 28 sentyabr 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixinədək stasionar müalicədə olduğundan işdən azad edilmiş və 01 fevral 2023-cü il tarixindən işə başlamağı barədə qərar verilmişdir. Bundan əlavə, Cavabdeh1nə təqdim etmək üçün bu ərizəyə daxil etdiyi arayışın əslindən göründüyü kimi, həqiqətən də 29 avqust 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixinədək həkim-psixiatrın nəzarəti altında olmuş və fərdi qaydada ambulator müalicə qəbul etmişdir. 58/422 saylı 16 mart 2023-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən də görünür ki, o hal-hazırda psixi vəziyyətinə görə pedaqoji fəaliyyətinə davam edə bilər. Bütün bu fakt və sənədləri vaxtında Qobustan Rayon Poladlı kənd orta məktəbinin rəhbərliyinə təqdim etmiş, onlar bu sənədlərin surətlərini götürüblər. Lakin işlədiyi məktəbin rəhbərliyi onu qondarma ittihamlarla günahlandırmağa başladılar. Bu səbəbdən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə şikayətlər etmişdir. Bu şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X21 Təhsil İdarəsindən ona 329/2-H-4093/3-4/2023 saylı, 18 aprel 2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Verilmiş cavabda təsdiqlənib ki, bütün lazımi tibbi sənədlərini işlədiyi məktəbin rəhbərliyinə təqdim etmiş və stasionar müalicədə olması barədə vaxtında məlumat vermişdir. Eyni zamanda məktəb rəhbərliyi onun müalicədə olmasından şəxsən xəbərdardır. Lakin cavabda yazılmışdır ki, guya spirtli içkilərdən və narkotik vasitələrdən istifadə etmiş, məktəbdə siqaret çəkmiş və guya məktəbə üzü saqqallı formada gəlirmişdir. Halbuki, bunlar ona qarşı şər-böhtandır. O, spirtli içki içən deyil və narkotik aludəçisi də olmamışdır. Məktəbdə siqaret də çəkməmiş - o cümlədən məktəbə üzü saqqallı formada da gəlməmişdir. Cavabdehlər bunu sübut etməlidir. Ümumiyyətlə işlədiyi məktəbin rəhbərliyinə qarşı kobudluq da etməmişdir. Əgər etmiş olsaydı, onu başqa maddə ilə işdən azad edərdilər. Odur ki, işə-bərpa tələbi ilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin Mediasiya Təşkilatının verdiyi 13 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi qarşı tərəf mediasiya prosesində iştirak etməmişdir. Ona görə də işə-bərpa iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinin onun işdən azad edilməsi ilə bağlı əmrini ləğv edib onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X21 Təhsil İdarəsinin nümayəndəsi X16 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddiası əsassızdır. İddiaçı 01 sentyabr 2004-cü il tarixdən Qobustan rayon Poladlı kənd M.Kərimov adına tam orta məktəbdə rus dili müəllimi işləmişdir. O, 23 dekabr 2021-ci il tarixdə məktəbdə olan zaman polis əməkdaşları tərəfindən təcili tibbi yardım maşını vasitəsi ilə psixatriya xəstəxanasına aparılmışdır. 04 mart 2022-ci il tarixədək Psixi Sağlamlıq Mərkəzində müalicə almışdır. M. Həsənov 05 mart 2022-ci il tarixdə məktəbə gəlmişdir. Məktəb rəhbərliyi ondan psixoloji cəhətdən sağlam olması barədə arayış təqdim etməsini tələb etmişdir. Pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə o, məktəb rəhbərliyinə heç bir sənəd təqdim etməmişdir. Buna görə də İddiaçı dərs tədris etməsinə icazə verilməmişdir. Daha sonra İddiaçı aprel ayında məktəb rəhbərliyinə Bakı şəhər 2 saylı X6 tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqi təqdim etmişdir. Lakin bu sənəd onun pedaqoji fəaliyyətlə məşğul olmasına və sinfə girib şagirdlərə dərs deməsinə əsas vermir. Həmin xəstəlik vərəqində İddiaçı spirtli içkilərdən və narkotik maddələrdən istifadə etdiyi də qeyd edilmişdir. Rəhbərlik ondan müayinə aldığı xəstəxana tərəfindən pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə təkrar sənəd tələb etmişdir. O, isə aprel ayında müayinə aldığı xəstəxanadan deyil, digər psixatriya xəstəxanasından sənəd alaraq məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavininə təqdim etmişdir. İddiaçı məktəbə üzü saqqallı formada gəldiyi, məktəbdə siqaret çəkdiyi və müəllimin etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün məktəb direktoru onu intizama dəvət etmişdir. O, isə direktora qarşı kobudluq göstərmiş, təhqir etmiş və məktəbi tərk etmişdir. Bu hadisədən sonra o məktəbə gəlməmişdir. Məktəbin direktor əvəzi V. İsmayılov məktəb rəhbəri olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görmüş, X21 Təhsil İdarəsinə hadisə barədə rəsmi məlumat vermişdir. DŞRTİ-nin əməkdaşı Rafiq Adgözəlov tərəfindən məktəbdə araşdırma aparılmış və bu barədə akt tərtib edilmişdir. Araşdırma zamanı İddiaçı barədə tərtib edilmiş rəsmi sənədlərə baxış keçirilmişdir. Məktəb rəhbərliyi tərəfindən İddiaçı işə gəlməməsi barədə aktlar tərtib edilmiş, pedaqoji şurada müzakirə olunmuş və intizam tənbehləri görülmüşdür. Bunlara məhəl qoymayan İddiaçı məktəbə gəlməmişdir. Mövcud vəziyyəti nəzərə alaraq məktəbin direktoru məktəbin həmkarlar ittifaqı komitəsinə təqdimat yazmışdır. İddiaçı heç bir səbəb olmadan işdə olmaması və bunun əsasında işdən azad olması barədə məktəbin həmkarlar ittifaqı komitəsi iclas təşkil etmişdir. Həmin iclasda məktəb kollektivi və RTS-nun əməkdaşları iştirak etmişlər. İclas İddiaçı uzun müddət, heç bir səbəb olmadan işə gəlmədiyinə və bu barədə rəsmi sənəd təqdim etmədiyinə görə ARƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 21 sentyabr 2022-ci il tarixdən işdən azad olunmasına qərar verilmişdir. Buna görə də İddiaçı 21 sentyabr 2022-ci il tarixdən işdən azad olunmuşdur. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin rəhbərliyi rus dili fənni üzrə kadr çatışmazlığı barədə RTS-a müraciət etmişdir. Həmin müraciət əsasında Qobustan rayon Ərəbqədim kənd tam orta məktəbinin rus dili müəllimi X1 tam orta məktəbinə ikinci iş yeri olmaqla müddətli müqavilə əsasında rus dili müəllimi göndərilmişdir. X21 Təhsil İdarəsinin nümayəndəsi X16 məhkəməyə ərizə təqdim edərək Qobustan rayon Poladlı kənd Mahir Kərimov adına tam orta məktəbin direktoru X3 Misir Nizam oğlu ilə davamlı olaraq işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilməsinə dair əmr vermişdir. İddiaçı işdən azad olunması barədə əmri vaxtinda alsa da, işə bərpa olunmaq üçün məhkəməyə müraciət etmənin 1 aylıq iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddətinin buraxılması ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinin direktoru X7 iddianı qəbul etməyərək X10 izahatına oxşar izahat verərək göstərdi ki, İddiaçı 23 dekabr 2021-ci il tarixdən 2022-ci ilin mart ayına kimi Psixi Sağlamlıq Mərkəzində müalicə almışdır. M. Həsənov 05 mart 2022-ci il tarixdə məktəbə gəlmişdir. Məktəb rəhbərliyi ondan psixoloji cəhətdən sağlam olması barədə arayış təqdim etməsini tələb etmişdir. O, isə müalicə aldığı xəstəxanadan deyil, Sumqayıt xəstəxanasından sənəd gətirmişdir. İddiaçı məktəbin dəhlizində siqaret çəkdiyi üçün məktəbin tədris hissə müdiri vasitəsi ilə onu otağına çağıraraq irad bildirdikdə, M. Həsənov ona kobud cavab verərək “sən kimsən deyərək” otaqdan çıxmışdır. O, avqust ayında məktəbə xəstəliyi barədə sənəd versə də, sentyabr ayında dərslər başlayanda məktəbə gəlməmişdir. 21 sentyabr 2021-ci il tarixdə həmkarlar ittifaqı komitəsi iclas təşkil etmiş və həmin iclasda məktəb kollektivi və RTS-in əməkdaşları iştirak etmişlər. İclas İddiaçı uzun müddət, heç bir səbəb olmadan işə gəlmədiyinə və bu barədə rəsmi sənəd təqdim etmədiyinə görə ARƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 21 sentyabr 2022-ci il tarixdən işdən azad olunmasına qərar verilmişdir. İddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinin direktoru X7 məhkəməyə ərizə təqdim edərək Qobustan rayon Poladlı kənd Mahir Kərimov adına tam orta məktəbin direktoru kimi İddiaçı ilə davamlı olaraq işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilməsinə dair əmr vermişdir. İddiaçı işdən azad olunması barədə əmri vaxtinda alsa da, işə bərpa olunmaq üçün məhkəməyə müraciət etmənin 1 aylıq iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddətinin buraxılması ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş, DŞRTİ Qobustan rayonu üzrə təhsil sektoru Poladlı kənd tam orta məktəbinin 21 fevral 2023-cü il tarixli № 88 saylı əmrindən çıxarışdan görünür ki, ATİAHİ Qobustan Rayon Poladlı kənd tam orta məktəbinin ilk Həmkarlar Təşkilatının 21 sentyabr 2022-ci il tarixli, 80 nömrəli protokoluna əsasən Həmkarlar ittifaqının üzvü, Poladlı tam orta məktəbinin rus dili müəllimi İddiaçı heç bır səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə Poladlı kənd tam orta məktəbinin 21 sentyabr 2022-ci il tarixli 1 saylı təqdimatına baxılmışdır. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 18 iyun 2021-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 18 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı uzun müddət heç bir səbəb olmadan işə gəlmədiyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ona xəbərdarlıq elan edilmişdir. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 20 dekabr 2021-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 50 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı uzun müddət heç bir səbəb olmadan işə gəlmədiyi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq işində dönüş yaratmadığı üçün ona töhmət elan edilmiş, göstərilən hallar təkrar olunarsa onun töhməti sonuncu xəbərdarlıqla şiddətli töhmətlə əvəz ediləcəyi bildirilmişdir. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 22 aprel 2022-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 72 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını, əmək müqaviləsi üzrə əmək funksiyalarını kobud surətdə pozduğuna, məktəbin ümumi nizamnaməsinə əməl etmədiyinə və töhmət elan edilməsinə baxmayaraq işində dönüş yaratmadığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və ona göstərilən hallar təkrar olunarsa onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 oktyabr 2022-ci il tarixli ambulator kitabçadan (xəsətlik tarixçəsindən) çıxarışdan görünür ki, 24 avqust 1979-cu il təvəllüdlü X20 02 iyul 2022-ci il tarixdə şizofreniya paranoid forma diaqnozu ilə xəstəxanaya daxil olmuş, 10 aprel 2022-ci il tarixdə evə yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 fevral 2023-cü il tarixli ambulator kitabçadan (xəsətlik tarixçəsindən) çıxarışdan görünür ki, 24 avqust 1979-cu il təvəllüdlü X20 29 sentyabr 2022-ci il tarixdə şizofreniya paranoid farma diaqnozu ilə xəstəxanaya daxil olmuş 31 yanvar 2023-cü il tarixdə ev sahə psixiatr müşahidəsinə yazılmışdır. Sumqayıt şəhər Psixiatiriya xəstəxanasının 16 mart 2023-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı şizofreniya paranoid forma, remissiya halı F20.0- hal-hazırda psixi vəziyyətinə görə pedaqoji fəaliyyətinə davam edə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatiriya xəstəxanasının 16 mart 2023-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı şizofreniya paranoid forma, remissiya halı F20.0- hal-hazırda psixi vəziyyətinə görə pedaqoji fəaliyyətinə davam edə bilər. Mediasiya şurasının Sumqayıt 1 saylı mediasiya təşkilatının 13 aprel 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı işə bərpa tələbinə dair müraciəti ilə əlaqədar tərəflərin biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 21 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı 01 sentyabr 2004-cü il tarixdən Qobustan rayon Poladlı kənd M.Kərimov adına tam orta məktəbdə rus dili müəllimi işləmişdir. O, 23 dekabr 2021-ci il tarixdə məktəbdə olan zaman polis əməkdaşları tərəfindən təcili tibbi yardım maşını vasitəsi ilə psixatriya xəstəxanasına aparılmışdır. 04 mart 2022-ci il tarixədək Psixi Sağlamlıq Mərkəzində müalicə almışdır. M. Həsənov 05 mart 2022-ci il tarixdə məktəbə gəlmişdir. Məktəb rəhbərliyi ondan psixoloji cəhətdən sağlam olması barədə arayış təqdim etməsini tələb etmişdir. Pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə o, məktəb rəhbərliyinə heç bir sənəd təqdim etməmişdir. Buna görə də İddiaçı dərs tədris etməsinə icazə verilməmişdir. Daha sonra İddiaçı aprel ayında məktəb rəhbərliyinə Bakı şəhər 2 saylı X6 tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqi təqdim etmişdir. Rəhbərlik ondan müayinə aldığı xəstəxana tərəfindən pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə təkrar sənəd tələb etmişdir. O, isə aprel ayında müayinə aldığı xəstəxanadan deyil, digər psixatriya xəstəxanasından sənəd alaraq məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavininə təqdim etmişdir. 22 aprel 2022-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 72 nömrəli əmri ilə İddiaçı müəllimlərin etik davranış qaydalarını, əmək müqaviləsi üzrə əmək funksiyalarını kobud surətdə pozduğuna, məktəbin ümumi nizamnaməsinə əməl etmədiyinə və töhmət elan edilməsinə baxmayaraq işində dönüş yaratmadığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və ona göstərilən hallar təkrar olunarsa onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51.1-ci maddısinə əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 70-ci maddəsinin d) bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M. Kərimov adlına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar