Məhkəmə qərarları › İş №2(026)-467/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-467/2025

25.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-467/2025 25.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı və Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadları ilə təyin edilmiş alimentlərin məbləğlərində dəyişiklik edilərək hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində alimentin təyin edilməsi və 3000 manat məbləğində hesablanmış aliment üzrə borcu ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırkı iddia ərizəsi ümumiyyətlə imzalanmamışdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin iddiaçıya onu da izah etməyi zəruri sayır ki, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı və Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadları ilə 2 ayrı qətnamə üzrə (müvafiq olaraq Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(026)-37/2015 saylı və 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnamələri) müəyyən edilmiş aliment məbləğlərinin indeksasiyası həyata keçirilmişdir. Ona görə də həmin qətnamələrlə müəyyən edilmiş və müvafiq qərardadlarla indeksasiya edilmiş aliment məbləğinin azaldılmasına dair iddiaçı tərəfindən ayrı-ayrılıqda iddia ərizələri verilməlidir. İşdəki 20 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar