Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1256/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin azaldılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçının uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü Elvin və xx.xx.2014-cü il təvəllüdlü Cəmilə adlı 2 uşağı vardır. Xasiyyətləri tutmadığından ayrılmışlar və İmişli rayon məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, hər iki uşağın ananın himayəsində saxlanması və iddiaçıdan hər ay hər uşağa aliment müəyyən edilməsi qət edilmişdir. Cavabdeh sonradan başqa şəxslə ailə qurmuş, Cəmiləni özü ilə aparmış, Elvini isə baba-nənəsinin yanında atıb getmişdir. Burdan sonra, yəni 09 avqust 2019-cu ildə Elvin iddiaçının yanına gəlmiş və həmin tarıxdən də iddiaçının himayəsindədir. Hazırda uşağın məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Elvin iddiaçının himayəsində olsa da ondan cavabdehin xeyrinə Elvini saxlamağa görə aliment tutulmaqda davam edir və hazırda 5810 manat borc yığılmışdır. Uşağı iddiaçı saxlayır. Bu arayış və aktlarla təsdiq olunur ki, Elvin 09 avqust 2019-cu ildən iddiaçının himayəsinə gəlib onunla yaşayır. Qanuna gorə aliment yetkinlik yaşına çatmayan uşağı saxlamağa görə verilir. 2 uşağdan birini iddiaçı saxladığına görə İmişli rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməli və iddiaçı yığılmış aliment borcundan azad edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, qızı onun yanında qalır, oğlu isə 4-5 ay olar atasının yanına gedib orda qalır. Cavabdeh uşağı ondan alımentə görə almışdır. Alimentin ödənilməsini istəyir. Alimenti ödəmək atasının borcudur. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1530/2021 saylı qətnaməsindən görünür ki, 15 yanvar 2009-cu il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq anası Cavabdehnın himayəsinə verilməsi, İmişli Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, 15 yanvar 2009-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli X4 atasından alınıb anasının himayəsinə verildiyi tarixdən hesablanması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
8. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-202/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. İmişli Rayon İcra Hakimiyyəti başçısının Ölcələr kənd inzibati dairəsi üzrə nümayəndəsi və İmişli rayonu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən öz istəyi ilə atası iddiaçının yanına gəlmiş və hal-hazırda atası ilə bərabər İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır.
10. İmişli Rayon İcra Hakimiyyəti başçısının Ölcələr kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən öz istəyi ilə atası iddiaçının yanına gəlmiş və hal-hazırda atası ilə bərabər İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır.
11. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli e274015/2021-37-6-008 saylı cavab məktubundan görünür ki, icra sənədi üzrə İmişli rayon İcra və Probasiya şöbəsində xx.xx.2021 -ci il tarixdə başlanılmış icraat zamanı borclu tərəfindən müntəzəm şəkildə ödənilməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcraat dövründə İddiaçı tərəfindən “Million elektron" ödəmə sistemi vasitəsi ilə tələbkarın kart hesabına ümumilkidə cəmi 1300 manat ödəniş etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizəsində hər iki uşaqın və X4 atasının himayəsində çalanadək yəni 2023-cü ilin oktyabrınadək olan aliment borcunu və bugünədək X3 ümumilikdə 6240 manat aliment borcunun ödənilməsini tələb edir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
13. İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2(036)-202/2024 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı övladı xx.xx.2009-cu il təvəllüdlü X5 görə müəyyən olunmuş aliment ödəməkdən azad edilməsini tələb etməkdə haqlıdır və iddia göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə iddia tələbinin 5810 manat aliment borcunun silinməsi hissəsinə münasibətdə hesab edir ki, göstərilən aliment məbləği məhkəmə qətnaməsi əsasında tutulduğundan və borc məbləği qətnamənin icra edilməməsi nəticəsində yığıldığından, eyni zamanda həmin borc məbləği hər iki uşağa görə ödənilməli aliment məbləği olduğundan həmin borc məbləği silinə bilməz. Odur ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
15. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən edilməli, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 görə müəyyən olunmuş aliment ödəməkdən azad edilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 görə müəyyən olunmuş aliment ödəməkdən azad edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev