Məhkəmə qərarları › İş №2(026)-507/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-507/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-507/2021 06.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin sədri əvəzi X3, Ərizəçi oğlunun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu 18 sentyabr 2011-ci il tarixdən 18 yanvar 2015-ci il tarixə kimi İ qrup əlil övladı X1 qulluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Məhkəmə hesab edir ki, belə olan halda bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə izah edir ki, ərizəçi Ərizəçi 18 sentyabr 2011-ci il tarixdən 18 yanvar 2015ci il tarixə kimi İ qrup əlil övladı X1 qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməli, onun İ qrup əlil övladına qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsinə dair müvafiq icra hakimiyyəti orqanına və ya onun sturuktur bölməsinə müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdikdə isə onun hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar