Məhkəmə qərarları › İş №2(026)-53/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-53/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-53/2025 14.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı (X4, X20, X16 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində cavabdehin payının müəyyən edilməsi və pay müəyyən edildikdən sonra həmin payın naturada ayrılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı (X4, X20, X16 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 aprel 2023-cü il tarixə olan borc məbləğindən dövlət hesabına 8560,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1ində yerləşən, JN-0068, KOD 30702018 nömrəli Dövlət aktına əsasən X10 və onun ailə üzvləri olan X3, X18, X4, X20, X16, X21, X17 və X11 ümumi birgə mülkiyyətində olan 16,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh payının ayrılaraq naturada müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26 aprel 2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26 aprel 2023cü il tarixə yaranan 9499,46 manat borcuna görə 8600 manat məbləğində əmlakı (ünvan 1ində yerləşən, JN-0068, KOD 30702018 nömrəli Dövlət aktına əsasən X10 və onun ailə üzvləri olan X3, X18, X4, X20, X16, X21, X17, X11 ümumi birgə mülkiyyətində olan 16,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) siyahıya alınmış və bu barədə 28 aprel 2023-cü il tarixli, **********2 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02 may 2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26 aprel 2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8560,80 manat ödənilməmiş borcu qalmışdır. Hal-hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən cavabdehin vergi borcuna görə siyahıya alınmış cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı verilən iddia ərizələri məhkəmə tərəfindən təmin olunmur. Belə ki, Cavabdeh və digər vergi ödəyiciləri ilə bağlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satışı ilə bağlı verilmiş iddia ərizələri məhkəmə tərəfindən mümkün sayılmamış, həmin qərardadlardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qeyd olunan səbəbdən X10 və onun ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən Cavabdeh payının ayrılması, həmin payın vergi orqanı tərəfindən yenidən qiymətləndirilərək siyahıya alınması və təkrar inzibati məhkəməyə siyahıya alınmış əmlakın satılması üçün müraciət etmək zərurəti yaranmışdır. 28 aprel 2023-cü il tarixli, **********2 saylı protokol tərtib edilərkən Cavabdeh mülkiyyətində başqa daşınar və ya daşınmaz əmlak, bank hesabında pul vəsaiti olmadığından iddiaçı tərəfindən cavabdehin vergi borcuna görə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi siyahıya alınmışdır. Onu da qeyd etmək zəruridir ki, Cavabdeh bank hesabına da vergi borcunun ödənilməsi ilə bağlı sərəncam qoyulmuş, lakin bank hesabı aktiv olmadığından sərəncam icra olunmamışdır. Hazırkı vəziyyətdə Cavabdeh vergi borcunun tutulması üçün siyahıya alınmış əmlakın satılması mümkün deyil. Bu səbəbdən də cavabdehə məxsus payın naturada ayrılması üçün məhkəməyə müraciət olunmuşdur. İddiaçı sonradan tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 aprel 2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə 8560,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1ində yerləşən, JN-0068, KOD 30702018 nömrəli Dövlət aktına əsasən X10 və onun ailə üzvləri olan X3, X18, X4, X20, X16, X21, X17 və X11 ümumi birgə mülkiyyətində olan 16,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh payının müəyyən edilməsi, pay müəyyən edildikdən sonra həmin payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi X19 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, əsas fəaliyyət obyekti də kafe fəaliyyətinin göstərilməsi olmuşdur. Lakin onun 26 aprel 2023-cü il tarixə ödənilməmiş vergi borcu yaranmışdır. Buna görə də idarənin qərarı ilə onun əmlakının siyahıya alınması qərarına gəlinmiş, lakin cavabdehin ayrıca mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əşya olmadığından, onun və ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin siyahıya alınması həyata keçirilmişdir. Cavabdehin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən onun ödəməli olduğu gəlir vergisi hesablanmış və 26 aprel 2023-cü il tarixə 8560,80 manat vergi borcu yaranmışdır. Onun hazırda 6039 manat qalıq vergi borcu, borcu ödəməsini gecikdirdiyinə görə 2747 manat faiz borcu mövcuddur. Verilmiş suala cavab olaraq bildirdi ki, hazırda cavabdehin vergi borcu üzrə hər hansı icra sənədi mövcud deyil. O, yekun olaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 17 mart 2025-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X22 bildirmişdir ki, hazırkı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsinə istinad edirlər. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehdən yaranmış vergi borcunun tutulmasına dair hər hansı bir icra sənədi mövcud deyil. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı təşkilat tərəfindən onun vergi borcu düzgün hesablanmamış, əsassız yerə şişirdilmişdir. Bununla bağlı artıq iddiaçı təşkilata şikayət də ünvanlamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan JN-0068 saylı, KOD 30702018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli, 22 nömrəli qərarı ilə Qobustan rayonunun Ərəbqədim kəndində yerləşən 16,46 hektar torpaq sahəsi X5 və onun ailə üzvləri X1, X7, X2, X12, X8, X13, X9 və X11 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh əmlakının siyahıya alınması haqqında 26 aprel 2023-cü il tarixli, **********2 nömrəli qərar qəbul olunmuş, 28 aprel 2023-cü il tarixdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********2 nömrəli protokol tərtib edilmiş, ona əlavə edilmiş siyahı üzrə Cavabdeh 8600 manat dəyərində əmlakı siyahıya alınmışdır. İşdə surəti olan Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2- 1(118)-2311/2024 saylı qərarından görünür ki, iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 aprel 2023cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8560,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8600 manat məbləğində siyahıya alınmış əmlakının (ünvan 1i ünvanında yerləşən Seriya JN-0068 nömrəli Dövlət aktı əsasında 1 sotu 50 manat olan 1,72 ha (172 sot) torpaq sahəsi) satılması barədə qərar çıxarılmasını xahiş etmiş, həmin qərarla iddia rədd edilmişdir. İşdəki iddiaçı tərəfindən 07 fevral 2025-ci il tarixində verilmiş məlumatdan görünür ki, Cavabdeh 17 aprel 2013-cü il tarixdə vergi qeydiyyatına alınmış, onun əsas fəaliyyəti kafelər tərəfindən fəaliyyətin göstərilməsindən ibarət olmuşdur. Cavabdeh VÖEN-ə bağlı hesabına (sahibkarlıq hesabına) 2020-ci il tarixdə daxil olan 80605 manat pul vəsaitinə görə 4030 manat, 2021-ci il tarixdə daxil olan 39625 manat pul vəsaitinə görə 1981,25 manat, 2022-ci il tarixdə daxil olan 30450 manat pul vəsaitinə görə 1516,8 manat gəlir vergisi analoji qaydada hesablanmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə 15 avqust 2024-cü il tarixdə 424,32 manat ödəniş edilmişdir. Cavabdehin bugünə olan ümumi borcu 6039,38 manat əsas, 2747,86 manat faiz borcu olmaqla, ümumilikdə 8787,24 manat təşkil edir. İddiaçının hazırkı tələbi iki hissədən ibarət olmaqla, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində cavabdehin payının müəyyən edilməsi və pay müəyyən edildikdən sonra həmin payın naturada ayrılması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin yaranmış vergi borcuna görə onun ümumi birgə mülkiyyətdəki əmlakdan payının müəyyən edilərək həmin paya tutmanın yönəldilməsi üçün payın ayrılmasını tələb etsə də, hazırda cavabdehdən borcun tutulmasına dair hər hansı icra sənədinin mövcud olmadığını bildirmişdir. Cavabdeh isə sözügedən borc məbləğini mübahisələndirmiş, onunla razılaşmamış, iddiaçı təşkilata bununla bağlı şikayət ünvanladığını da qeyd etmişdir. Göründüyü kimi, hazırda cavabdehin vergi borcuna dair mübahisə mövcuddur və ümumi məhkəmənin həmin vergi borcuna dair mübahisəni araşdırmaq səlahiyyəti də mövcud deyil. Bu səbəbdən də məhkəmə bildirir ki, iddiaçının MM-in 224.1-ci maddəsinə uyğun olaraq tələbinin təmin edilməsi və onun cavabdehin kreditoru hesab olunması üçün icra sənədinin mövcudluğu zəruridir. Ona görə də hazırkı halda iddiaçının tələbinin təmin edilməsi mümkün deyil. Bunun digər bir səbəbi isə odur ki, cavabdehin iddiaçıya olan cəmi vergi borcunun məbləği ilə bağlı mübahisə olduğundan həmin borc məbləği dəqiq müəyyənləşdirilmədən, MM-in 224.1-ci maddəsinin məzmununa uyğun olaraq iddiaçının hazırkı tələblə çıxış etməsi üçün şərt kimi müəyyən edilmiş “birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə” şərtinin də mövcudluğunu müəyyən etmək olmur. Belə ki, borcun məbləği barəsində mübahisə olduğu təqdirdə cavabdehin hansı məbləği ödəyə bilməsi üçün başqa əmlakının kifayət edib-etməməsini aydınlaşdırmaq qeyri-mümkündür. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı (X4, X20, X16 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində cavabdehin payının müəyyən edilməsi və pay müəyyən edildikdən sonra həmin payın naturada ayrılması tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı (X4, X20, X16 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində cavabdehin payının müəyyən edilməsi və pay müəyyən edildikdən sonra həmin payın naturada ayrılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar