Məhkəmə qərarları › İş №2(026)-582/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-582/2024

13.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-582/2024 13.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi Vəkil və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “övladı Nurizənin 08 may 2007-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulması faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, övladı Nurizənin 08 may 2007-ci ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2006-cı ildə 1992-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikasının vətəndaşı X14 ilə el adəti üzrə toy edib evlənmiş, nikahlarını isə 16 iyun 2023-cü ildə rəsmiləşdirmişlər. Birgə qeyri-rəsmi nikahlarından 08 may 2007-ci ildə Nurizə, 13 oktyabr 2012-ci ildə isə Emil adlı uşaqları anadan olmuşdur. X15 sənədləri olmadığından onu heç bir xəstəxana qəbul etməmişdir. Ona görə də qızı Nurizə Ərəbşalbaş kəndində ev şəraitində doğulmuşdur. Qızına doğum haqqında şəhadətnamə almaq istəsə də, xəstəxana şəraitində doğulmadığı üçün şəhadətnamə vermirlər. Arvadı ikinci uşağa hamilə olan zaman onun doğum şəhadətnaməsini tapmışlar. Ona görə də oğlu Emil Şamaxı rayon xəstəxanasında doğulmuşdur. X14 qanuna müvafiq olaraq Dövlət Miqrasiya Xidmətində qeydiyyata durmuş, 2023-cü ildə Azərbaycan Respublikası vətəndaşlığını və şəxsiyyət vəsiqəsini almışdır. Bundan sonra oğlu Emil üçün doğum haqqında şəhadətnamə almışlar. Qızı Nurizə ev şəraitində doğulduğu üçün onun doğum haqqında şəhadətnaməsi olmadığından o, təhsil ala bilməmişdir. Qızı Nurizənin 08 may 2007-ci il tarixdə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, 16 avqust 2006-cı ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində toy edərək X14 ilə evlənmişdir. Lakin həyat yoldaşı Gürcüstan Respublikası vətəndaşı olduğuna görə və sənədləri qaydasında olmadığına görə həmin vaxt nikahı rəsmiləşdirə bilməmişlər. Aralarındakı nikah yalnız həyat yoldaşına 2023-cü ildə şəxsiyyət vəsiqəsi aldıqdan sonra rəsmi qeydə alınmışdır. Onların evliliyindən 08 may 2007-ci ildə Nurizə adlı qızı, 13 oktyabr 2012-ci ildə isə Emil adlı oğlu doğulmuşdur. Oğlu Şamaxı rayon xəstəxanasında doğulmuşdur. Qızı Nurizə isə 08 may 2007-ci ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində evdə doğulmuşdur, X3dır. Nurizənin doğumu vaxtı qonşuları Dursun ilə birlikdə həyat yoldaşını Şamaxı rayon xəstəxanasına aparsalar da, yoldaşının şəxsiyyət vəsiqəsi olmadığına görə xəstəxana onu qəbul etməmişdir. Buna görə də doğuşu evdə mamaçalığı bacaran Dursun adlı qonşusu qəbul etmiş, həmin vaxt evdə anası Güləndam və digər qonşusu Validə olmuş, Validə də Dursuna kömək etmişdir. Bu zaman onların bir qızı doğulmuş, həmin uşaq da hazırda məhkəmə iclasında iştirak edir və sağlam uşaqdır. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil ərizəçinin bildirdikləri ilə razılaşaraq hər hansı bir əlavəsinin olmadığını bildirdi və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi (rəisi) X8 bildirdi ki, ərizəçi qızına doğum haqqında şəhadətnamə verilməsi məqsədilə əvvəlcə Maraqlı şəxsnə müraciət etmişdir. Onun müraciəti ilə bağlı müvafiq arxiv sorğuları verilmiş olsa da, hər hansı bir məlumat aşkar edilmədiyindən, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında dinlənilmiş uşaq bildirdi ki, onun adı Nurizə Ağazadədir. Hazırda 17 yaşı tamam olmuş olsa da, onun hər hansı bir sənədi YOXDUR. X3, atası Ərizəçidur. Hazırda Abşeron rayonu, Nübar qəsəbəsində valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X14 bildirdi ki, onun Ərizəçi ilə nikahından Nurizə və Emil adlı iki uşağı doğulmuşdur. Nurizə 08 may 2007-ci ildə, Emil isə 13 oktyabr 2012-ci ildə doğulmuşdur. Nurizə adlı qızı Qobustan rayonu, Ərəbşalbaş kəndində yaşadıqları evdə doğulmuşdur. Belə ki, həmin vaxt o, Gürcüstan vətəndaşı olduğu üçün sənədləri qaydasında olmamış, Azərbaycan Respublikası vətəndaşlığı aldıqdan sonra 2023-cü ildə şəxsiyyət vəsiqəsi ala bilmişdir. O, Nurizənin doğulması üçün Şamaxı rayon xəstəxanasına müraciət etsə də, vəsiqəsi olmadığına görə onu xəstəxanaya qəbul etməkdən imtina etmişlər. Doğum ev şəraitində qonşuları Dursun, Validə və qaynanası Güləndamın iştirakı ilə olmuş, doğuşu Dursun qəbul etmişdir. Uşaq da hazırda məhkəmə zalındadır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X11 bildirdi ki, o, ərizəçinin valideynləri ilə Qobustan rayonunun Ərəbşalbaş kəndində üzbəüz qonşudur. 2006-cı ildə ərizəçi ilə Gürcüstün vətəndaşı olmuş Sahibənin toyunda da iştirak etmişdir. Hətta ərizəçinin anası Güləndam Ağazadə onun dayısı qızıdır. 2007-ci ildə Sahibənin hamiləliyi ilə bağlı sancıları olmuş, nəhayət 08 may 2007-ci ildə uşağın doğumu üçün onu Şamaxı rayon xəstəxanasına aparmışlar, həmin vaxt özü də ərizəçi və yoldaşı Sahibə ilə birlikdə xəstəxanaya getmişdir. Lakin həmin vaxt Sahibə Novruzovanın şəxsiyyət vəsiqəsi olmadığına görə onu xəstəxanaya qəbul etməmişlər. Bu işlərdə təcrübəsi olduğuna görə doğuşu ev şəraitində özü qəbul etmiş, bu zaman qonşusu Validə də ona kömək etmişdir. Nurizə də daxil olmaqla, kənddə 5-i qız, 2-si oğlan olmaqla, 7 doğuş qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 bildirdi ki, o, ərizəçi ilə qonşudur, 2006-cı ildə onun toyunda da iştirak etmişdir. 08 may 2007-ci ildə ərizəçi ilə yoldaşı Sahibənin uşaqları doğulmuşdur. Belə ki, əvvəlcə Sahibəni Şamaxı rayon xəstəxanasına aparsalar da, sənədləri olmadığına görə onu qəbul etməmişlər. Bundan sonra onu evə gətirmişlər və doğuşu evdə qonşusu Dursun qəbul etmiş, o da Dursuna kömək etmişdir. Həmin vaxt hazırda məhkəmə iclasında da iştirak edən Nurizə dünyaya gəlmişdir. Hazırda onun 17 yaşı olsa da, hər hansı bir sənədi YOXDUR. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X12 bildirdi ki, 2006-cı ildə onun oğlu olan ərizəçi ilə Gürcüstan vətəndaşı olan Sahibə Novruzovanın toyunu etmişlər. Lakin həmin vaxt Sahibənin sənədləri qaydasında olmamışdır. 08 may 2007-ci ildə Sahibəni doğuşu üçün Şamaxı rayon xəstəxanasına aparsalar da, xəstəxana onun şəxsiyyət vəsiqəsi olmadığına görə gəlinini qəbul etməkdən imtina etmişdir. Buna görə də doğuşu evdə qonşuları Dursun qəbul etmiş, digər qonşusu Validə isə ona kömək etmişdir. Doğulmuş qız nəvəsinin adını isə Nurizə qoymuşlar və hazırda nəvəsinə sənəd ala bilmirlər. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 08 avqust 1985-ci ildə doğulmuşdur. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AA4824195 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X14 05 dekabr 1988-ci ildə doğulmuşdur. İşdə surəti olan AZ-İİ 570465 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X14 16 iyun 2023-cü ildə nikahlarını bağlamış, bu barədə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 16 iyun 2023-cü ildə 791 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağazadə, arvada Novruzova soyadı verilmişdir. İşdə surəti olan AZ-İV 912360 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 13 oktyabr 2012-ci il təvəllüdlü X13 atası Ərizəçi, X3dır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AA5626888 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X17 13 oktyabr 2012-ci ildə doğulmuşdur. İşdəki Qobustan rayon Ərəbşalbaş kənd sakinləri X4, X5 və X1 iştirakı ilə tərtib edilmiş və Qobustan RİHB-nin Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəsi M.Məmmədov tərəfindən təsdiq olunmuş 15 oktyabr 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayonu, Ərəbşalbaş kəndində kənd sakini X9 08 may 2007-ci il tarixdə ev şəraitində 1 qız uşağı doğulmuşdur. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qızı 08 may 2007-ci il təvəllüdlü X7 doğum haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olmadığı üçün doğum haqqında şəhadətnamə vermək imkan xaricindədir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə işin hallarını və yuxarıda göstərilən hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçinin tələbinin əsası kimi istinad etdiyi hallar, yəni onun Sahibə Novruzova ilə olan evliliyindən 08 may 2007-ci ildə qız uşağının tibb müəssisəsindən kənarda, yəni ev şəraitində anadan olması, doğuşa kömək göstərmiş həkimin olmaması, yalnız kənd əhalisi arasında doğuşa kömək edən mamaça kimi bilinən qonşunun köməyi ilə uşağın doğulması, doğulmuş uşağın anasının Sahibə Novruzova və atasının Ərizəçi olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. İlk öncə qeyd etmək lazımdır ki, ərizəçinin müəyyən edilməsini istədiyi faktı məhkəmədənkənar qaydada müəyyənləşdirməyin başqa yolunun olması hazırda müəyyən edilmir. Ərizəçinin qızının tibb müəssisəsində doğulması və doğuş tibb müəssisəsindən kənarda olsa da, həkimin kömək göstərməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda Ailə Məcəlləsinin 44.1-ci və MPM-in 307.2.11-ci maddələrinə görə ərizəçinin qızının 08 may 2007-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulması faktı yalnız şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, məhkəmə hazırkı vəziyyətdə müəyyən edilməsi tələb olunan fakt ilə bağlı istənilən sübutun mötəbərliyini nəzərə almağı zəruri hesab edir. Ərizəçinin qızının 08 may 2007-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulması faktı məhkəmə iclasında iştirak edən uşağın anasının, nənəsinin, eləcə də, doğuşa kömək göstərmiş qonşuların ifadələri ilə təsdiq olunur. Belə ki, müəyyən olunur ki, ərizəçi əvvəllər Gürcüstan Respublikası vətəndaşı olmuş Sahibə Novruzova ilə 16 avqust 2006-cı ildə faktiki toy etməklə evlənmiş, Sahibə Novruzovanın lazımi sənədləri olmadığına görə nikahın qeydə alınması mümkün olmamış, eləcə də, ilk uşağın doğuşu zamanı Sahibə Novruzovanın hər hansı sənədi olmadığından doğumun tibb müəssisəsində həyata keçirilməsi mümkün olmamış, uşağın doğumu 08 may 2007-ci ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində ev şəraitində həyata keçirilmişdir. Sahibə Novruzovanın 08 may 2007-ci ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində ev şəraitində qız uşağı dünyaya gətirməsi faktı şahid ifadələri ilə yanaşı, Qobustan rayon Ərəbşalbaş kənd sakinləri X4, X5 və X1 iştirakı ilə tərtib edilən və Qobustan RİHB-nin Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəsi M.Məmmədov tərəfindən təsdiq olunan 15 oktyabr 2024-cü il tarixli aktla da müəyyən edilmişdir. Məhkəmə tərəfindən 08 may 2007-ci ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulması faktının təsdiq edilməsi istənilən uşağın məhkəmə iclasında iştirakı təmin edilmiş, o, adının Nurizə Ağazadə olduğunu, hazırda 17 yaşında olduğunu, atasının Ərizəçi, anasının Sahibə Novruzova olduğunu qeyd etmiş, hazırkı vaxtadək hər hansı sənədi olmadığına görə təhsil ala bilmədiyini də bildirmişdir. Bununla yanaşı, uşağın atası və anasının kimliyi barəsində də hazırda hər hansı mübahisə mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, atası 08 avqust 1985-ci il təvəllüdlü Ərizəçi və anası 05 dekabr 1988-ci il təvəllüdlü X14 olan qız uşağının 08 may 2007-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Atası 08 avqust 1985-ci il təvəllüdlü Ərizəçi və anası 05 dekabr 1988-ci il təvəllüdlü X14 olan qız uşağının 08 may 2007-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar