Məhkəmə qərarları › İş №2(027)-1070/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1070/2020

03.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1070/2020 03.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh3n nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və Cavabdeh3nə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının maarif ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx xxx 2009-cu il tarixli qərarı ilə ona qeyd olunan ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. xx xxxxxx 2012-ci il tarixli 8 saylı əmrlə Cavabdeh3nə UBTR (uşaq birliyi rəhbəri) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli, 15 saylı əmrlə xx.xx.2014-cü il tarixdən ali təhsilli ibtidai sinif müəllimi olaraq hazırlıq sinifinə müəllim vəzifəsinə təyin olunmuşdur. Və həmin vaxtdan 2018/2019 tədris ilinin sonuna kimi ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 2019-cu ilin sentyabr ayının 01-də ona yeni ibtidai siniflə təmin ediləcəyi həm məktəb, həm də Quba Rayon Təhsin Şöbəsinin rəhbərliyi tərəfindən vəd olunsa da bu günədək ona ibtidai sinif verilməmişdir. Halbuki, əmək müqaviləsində vəzifəsi kimi ibtidai sinif müəlliməsi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı xx.xx.2014-cü il tarixdə daxil edilmiş məlumatda işəgötürən Cavabdeh2 onun Cavabdeh3ndə əsas iş yeri olmaqla ibtidai sinif müəllimi vəzifəsinə işə götürülməklə müddətsiz əmək müqaviləsinin bağlandığı təsdiq edilmiş və əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2012-ci il, müqavilənin növü müddətsiz olaraq qeyd edilmişdir. xx xxxx 2016-cı il tarixdə MİQ-də iştirak üçün qeydiyyatdan keçmiş və Təhsil Nazirliyində ona ”Siz Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işlədiyiniz üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzsiniz” cavabı verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilməsinin yekunlarına əsasən ibtidai sinif müəllimləri arasında ən yüksək ümumi bal 50 (83,33%), ixtisas balı (87,5%) göstəricilərinə nail olmuşdur. 2017-ci ildə işlədiyi məktəbdən çıxmadan könüllü olaraq MİQ-də özünü sınamaq üçün iştirak etmiş, ümumi balı 41,1757 bal, ixtisas üzrə 31 bal toplamış, vakansiya seçimində iştirak etmişdir. 2013-cü ildən hazırki vaxtadək olan dövrdə MİQ-dən kənar işə qəbul olunduğuna görə işdən çıxarılmalı müəllimlərin siyahısında da onun adı qeyd edilməmişdir. DQ balı yüksən olan müəllim kimi məktəbəqədər hazırlıq siniflərindən biri ilk növbədə ona verilməli olduğu halda verilməmiş və onun buna etirazına cavab olaraq 2019-cu ildə siniflə təmin ediləcəyi vəd edilsə də bu günə qədər ona sinif verilməmiş, ona verilməli sinif orta ixtisas təhsilli başqa müəlliməyə verilmişdir. 2019-cu ilin dekabr ayında “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” ixtisasartırma kursunda iştirak etmiş və orada maksimum göstərici 25 mümkün baldan 24 bal toplamaqla Quba və Qusar rayonu üzrə ən yüksək göstəriciyə nail olmuşdur. Əmək müqaviləsinə dayişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı, xx.xx.2017-ci il tarixdə daxil edilmiş məlumatdan işəgötürən Cavabdeh2 ilə onun yəni, İddiaçı arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinin qeydiyyata alındığı göstərilmişdir. O, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə heç bir razılıq verməmişdir. Hesab etmişdir ki, əmək müqaviləsinin və əmək funksiyalarını onun razılığı olmadan dəyişdirilməsi əmək qanunvericiliyinin tələblərinə ziddir və qanunvericilik belə dəyişdirilmənin birtərəfli qaydada aparılmasına, əmək funksiyasının azaldılmasına və ya artırılmasına yol vermədiyindən cavabdehin bununla bağlı hərəkətləri qanunsuzdur. Hazırki halda işə götürən onunla bağlanan əmək müqaviləsinə birtərəfli qaydada razılığı olmadan dəyişiklik etməklə qanunvericiliyin tələblərini, həmçinin onun əmək hüququnu pozmuşdur ki, nəticədə əmək haqqı da əsassız olaraq azaldılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3n direktoru X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq digər cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh2 nümayəndələrini məhkəmə iclasına göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə qeyd olunan cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi ilə Quba şəhər 6 N-li məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 140570 nömrəli diplomun surətindən görünür ki, İsmayılova (Heybətova) Təranə Muradverdi qızı Azərbaycan Müəllimlər İnstitutu Quba filialının İbtidai təhsililin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıali təhsilli ibtidai sinif müəllimidir. xx xxxxxx 2012-ci il tarixdən 2019-cu ilə kimi Quba şəhəri 6 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. Məktəbin ibtidai sinif müəllimi olduğu müddətdə intizam tənbehi almamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilmiş, lakin bu barədə işçinin razılığı alınmamış, dəyişikliyin nədən ibarət olduğu müəyyən edilməmişdir. Bu müqavilədən bir müddət sonra o, ibtidai siniflə təmin edilməmiş və hazırda faktiki olaraq onun əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur. Əmək müqaviləsinə dəyişiklik edildikdən sonra əmək haqqı 456.67 manat müəyyən edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı müqavilədə nəzərdə tutulduğundan az əmək haqqı alır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının hazırda 126 manat əmək haqqı aldığı müəyyən edildi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı əmək funksiyasının dəyişdirilməsinə əsas olmuş əmr (sərəncam, qərar) ümumiyyətlə mövcud olmadığından və həmin proses qeyri-rəsmi qaydada aparıldığından onun işinin bu formada dəyişdirilməsi əsassız hesab olunmalıdır. Göründüyü kimi iddiaçı əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun ləğvi, etibarsız hesab edilməsi və ya vəzifə funksiyalarının dəyişdirilməsi barədə hər-hansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. Həmçinin hazırki əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hər-hansı bir vəzifəli şəxsin əmri, göstərişi və ya tapşırığı həmin qanunvericiliyə uyğun olmalıdır. İşçinin işdən azad edilməsi və ya onun əmək funksiyalarının dəyişdirilməsi daxili təlimatla deyil, qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan proseslər rəsmi şəkildə aparılmalı və buna əsas olan müvafiq maddənin normaları göstərilməlidir. İddiaçı ibtidai siniflə təmin edilmədikdən sonra onun əmək haqqında azalmağa doğru ciddi fərq yaranmışdır. Lakin bununla əlaqədar (əmək funksiyasının dəyişməsi və əmək haqqının azaldılması) iddiaçıya əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh3ndə əvvəlki işinə bərpa edilməli və ibtidai siniflə təmin olunmalı, əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqi ona ödənməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin İddiaçı Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilsin, o, ibtidai siniflə təmin olunsun və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqi ona ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar