Məhkəmə qərarları › İş №2(027)-1110/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1110/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1110/2021 27.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun 19.02.1982-ci ildən 01.08.2005-ci ilədədk Quba 2716 saylı Avtomobil dəstəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin social sığorta stajı kimi nəzərə alınması barədə qətnaməs çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin qanunun o cümlədən 25, 28 və 30.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə pensiya təyinatı üçün göstərdiyi illərin onun sığorta stajına daxil edilməsi ilə əlaqədar yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə müraciət etməsi, müraciətin nəticəsi onu qane etmədikdə, həmin inzibati orqanın hərəkətsizliyindən, hərəkətlərindən və ya imtina qərarından aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; ərizəçiyə pensiya təyinatı üçün göstərdiyi illərin onun sığorta stajına daxil edilməsi ilə əlaqədar yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə müraciət etməsi, müraciətin nəticəsi onu qane etmədikdə, həmin inzibati orqanın hərəkətsizliyindən, hərəkətlərindən və ya imtina qərarından aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakm: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar