Məhkəmə qərarları › İş №2(027)-1135/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1135/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1135/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı , İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yelo Bank” ASC-nin xeyrinə 24 sentyabr 2021ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən bağlanmış № 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 4700.00 AZN məbləğində texniki overdraft borcunun və 67.00 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 24 sentyabr 2021-ci il tarixli bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə hesabında olan vəsaitdən 4700.00 AZN artıq məbləğdə vəsaiti məxaric etməklə texniki overdrafta yol vermişdir. 03 mart 2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24 sentyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış № 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 4700.00 AZN texniki overdraft borcu vardır. 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinin 10-cu paraqrafının 4-cü hissəsinin 32-ci bəndində texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək,eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 24 sentyabr 2021-ci il tarixli bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. İş materiallarında olan 03 mart 2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24 sentyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış № 01 saylı Əlavəyə əsasən plastik kart üzrə, İddiaçı ASC-nə 4700.00 AZN texniki overdraft borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 67.00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında banl hesabı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı hesabın kreditləşməsini icra etməklə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbləri bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67.00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən plastik kart üzrə 4700.00 AZN məbləğində texniki overdraft borcu və dövlət rüsumu üçün ödənilmiş 67.00 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar