Məhkəmə qərarları › İş №2(027)-1245/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1245/2020

16.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1245/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli Çıxarışa əsasən ona və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin ona qaytarılması və yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, onun və ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu, Məcic-Xaca kəndi ərazisində 0,824 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və yerində onlara təhkim edilmişdir. Lakin, cavabdeh mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək oradan istifadə edir. Dəfələrlə ona bununla əlaqədar xəbərdarlıqlar edilsə də, cavabdeh və onun ailəsi həmin torpaq sahəsinin onlara qayatrılmasından imtina etmişlər. Hazırda zəbt və istifadə etdiyi torpaq sahəsinin özünün olduğunu iddia edir. Görülmüş tədbirlər heç bir nəticə verməmiş və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli Çıxarışdan görünür ki, İddiaçı Quba rayonu, Məcic-Xaca kəndində 0,824 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarına əsasən JN:0003, 32301068 saylı Dövlət Aktı tərtib edilərək, 0,82 ha torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/450 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla Quba rayonu, Məcic-Xaca kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,824 ha torpaq sahəsi JN:0003, 32301068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh məxsus Quba rayonu, Məcic-Xaca kəndində yerləşən 0,82 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 10/2525 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspert tərəfindən qeyd olunur ki, təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş, torpaq sahəsinin xəritədə yerləşmə sexmində miqyas göstərilməmişdir. Eyni zamanda mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfində qiymət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun norması vindikasiya qaydasında özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinin hüquqi şərtlərini müəyyən edir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqi üçün üç dispozitiv şərtin olması mütləqdir:1) əmlak şəxsin mülkiyyətində olmalıdır;2) həmin əmlak özgəsininn sahibliyində olmalıdır; 3) özgəsinin həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. İddiaçı Cavabdeh qanunsuz sahibliyində olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli Çıxarışa əsasən ona və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin ona qaytarılması və yaradılmış maneələrin aradan qaldırılmasını iddia etsə də, bu halların mövcudluğunu, yəni onun və ailə üzvlərinin mülkiyyətində olan 0,824 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi və bu torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyində olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı bu halları sübut edə bilməmişdir. Belə ki, iş üzrə təyin edilmiş və keçirilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/450 saylı mütəxəssis rəyi ilə, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla Quba rayonu, Məcic-Xaca kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,824 ha torpaq sahəsi JN:0003, 32301068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh məxsus Quba rayonu, Məcic-Xaca kəndində yerləşən 0,82 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu da iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməklə, iddia tələbinin əsassız olmasını göstərir. Halbuki Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iş materiallarını araşdırıb və iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbi əsassız olduğundan təmin edilməməlidir . İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməldir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması”na dair tələbi təmin edilməsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar