Məhkəmə qərarları › İş №2(027)-1290/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1290/2020

24.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1290/2020 24.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkküloğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkilX11oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan oğlu X6 vəsiyyət edilmiş Quba rayonu, Alpan kəndində fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun doğma atasıdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, mənzil 63-də yaşamışdır. Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi və bütün ımlakını atası oğlu yetkinlik yaşına çatmayan X6 vəsiyyət etmişdir. Atası X4 xx.xx.2016-cı il tarixdə “Kardioskleroz” xəstəliyindən vəfat etmişdir. Cavabdeh onun doğma əmisidir. Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evini zəbt etmişdir. Cavabdeh dəfələrlə xəbədar olunmuşdur ki, onlara məxsus evi tərk etsin. Lakin, bu günə kimi həmin evdə yaşamağa davam edir. Evi boşaltmaq niyyətində deyil. Əksinə onlara qarşı hər-hansısa tələblər irəli sürmək niyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil X7 iddiasını müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, mübahisə predmeti olan evin atasının olduğunu və iddiaçının həmin evə heç bir hüquqununolmadığını bildirmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 ölən günədək ona məxsus olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evini və bütün əmlakını Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A,mənzil 63-də yaşayan nəvəsi X6 vəsiyyət etmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə” nin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə anadan olmuşdur. Ata qrafasında - X3, ana qrafasında – X5 olaraq qeyd edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X3 və Cavabdeh Mehyəddin oğluna Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən JN-778A, KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək, 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyat alınmışdır. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, notarial qaydada təsdiq olunmş xx.xx.2015-ci il tarixli vəsiyyətnamə əsasənda X3 ölən günədək ona məxsus olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evini və bütün əmlakını Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A,mənzil 63-də yaşayan nəvəsi X6 vəsiyyət etmişdir. Evin texniki pasportunda göstərilən məlumata görə isə mübahisəli fərdi yaşayış evi 1989-cu ildə inşa edilmiş və hal-hazırdadək fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh Mehyəddin oğluna və onun mərhum qardaşı X2 məxsus 0.12 ha torpaq sahəsində inşa edilmişdir. İddiaçının atası vəfat etmiş, hazırkı iş üzrə isə mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçı yetkinlik yaşına çatmamış oğluna mərhum atası tərəfindən vəsiyyət edildiyini qeyd etsə də, evin məhrum atasının və ya yetkinlik yaşına çatmayan oğlunun adına rəsmiləşdirilməsi barədə hər-hansısa bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehin ailə üzvləri ilə birlikdə Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması həm obyektiv, həm də subyektiv hüquqların həyata keçirilməsinə ziddiyyət yaradır. Belə ki, iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələb etdiyi evin mülkiyyətçisi deyildir. İddiaçının atası vəfat etməzdən öncə və vəfat etdikdən sonra cavabdeh ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, bir ailə olaraq həmin evə sahiblik etmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binası mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəl predmeti təşkil edən evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarı). Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, Quba rayonu, Alpan kəndində fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin çıxarılması tələbi qanunsuz və əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı yetkinlik yaşına çatmayan oğlu X6 vəsiyyət edilmiş Quba rayonu, Alpan kəndində fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar