Məhkəmə qərarları › İş №2(027)-1309/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1309/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1309/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Masi oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun Cavabdeh Masi oğlu ilə ailə qurarkən gəlin köçdüyü və sonradan əlavə artırmalar etdikləri Quba rayonu, Çiçi kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə el adəti üzrə ailə qurmuş, nikahlarını 04 oktyabr 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14.11.2010-cu il təvəllüdlü X5 və 03.07.2015-ci il tarixdə isə X2 anadan olmuşdur. O, ailə qurarkən cavabdehin yaşadığı Quba rayonu Çiçi kəndində yerləşən evə gəlin köçmüşdür. Onlar daimi olaraq həmin evdə yaşamışlar və fasilələrlə Rusiya Federasiyasına getmişlər. O, gəlin köçərkən həmin ev 1 mərtəbə, 2 otaq və zirzəmidən ibarət və təmirsiz idi. O, həmin evə gəlin köçdükdən sonra ev təmir olunmuşdur. Əlavə olaraq 1 otaq, hamam, mətbəx və həyətdə dalanacaq tikilmişdir. Bundan başqa birgə nikah dövründə həmin evə yeni məişət əşyaları da alınmışdır. Ona məxus cehiz-əmlakı da orada qalmışdır. Cehiz əmlakı 1 ədəd qızıl boyunbağı, 1 ədəd taxt, 2 ədəd tumbo, 1 ədəd şefoner, 1 ədəd dörd göz şkaf, 1 ədəd uşaq kravatı, 1 ədəd xalça, 1 ədəd taxt döşəyi, 2 ədəd yorğan, 1 ədəd yastıq, 5 ədəd pakrıval, 1 ədəd zolaqlı pakrıval, 1 ədəd çemodan (içindəki əşyalarla birlikdə), 1 ədəd mikser, 1 dəst 6 əddədən ibarət fincan və nəlbəki, 24 ədəd qaşıq (xörək qaşığı, çəngəl, çay qaşığı), 4 ədəd plov qaşığı, 6 ədəd desert qaşığı, 1 ədəd divan üstü, 1 ədəd skater (vilur), 1 ədəd uşaq ədyalı, 1 ədəd qalın ədyal və 2 ədəd dəsmaldan ibarətdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonrada pisləşmişdir. Həmin evdə yaşamağa onlara imkan verməmişdir. O, məcbur olaraq uşaqlarını da alıb Quba şəhərində kirayə qalmağa getmişdir. Ona məxsus cehiz əmlakı da cavabdehə məxsus evdədir. Dəfələrlə həmin evə köçüb yaşamaq istəsə də cavabdeh buna imkan verməmişdir. 2020-ci ildən artıq uşaqları ilə birlikdən cavabdehdən ayrı kirayə evdə yaşayır. İddiasının təmin olunmasını xahiş edir. 10 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Masi oğlunun etibarnamə əsasında nümayəndəsi X7 iddianı qəbul etməyərək, göstərmişdir ki, təmsil etdiyi Cavabdeh Masi oğlu onun qardaşıdır. Cavabdeh Təravəti qaçıraraq ailə qurmuş, nikahlarını 04 oktyabr 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14.11.2010-cu il tarixdə Mais və 03.07.2015-ci il tarixdə Fatimə adlı iki uşaqları anadan olmuşdur. Onlar ailə qurarkən bir müddət Sumqayıt şəhərində bacıgildə yaşamış, bir neçə gün sonra Quba rayonu, Çiçi kəndinə köçüb yaşamışlar. İddiaçının köçüb yaşamaq istədiyi Quba rayonu, Çiçi kəndində yerləşən ev Zəbihşahın adına deyil atasının adına olub. Həmin ev yanmış, evin sənədləri də ev yanarkən yanmışdır. Atası rəhmətə gedəndən sonra sözügüdən fərdi yaşayış evi anasının adına keçməlidir cünki valideynləri arasında rəsmi nikah olub və həmin evdə onların birgə nikah dövründə əldə edilib. Hazırda ev heç kimin adına deyil. Evə dair sənədlər anasının adına alınacaqdır. İddiaçı 2020-ci ilin fevral ayından Rusiya Federasiyasına atasının evinə qayıdıb getmişdir. Təravət və uşaqlarının Quba rayonu, Çiçi kəndində yerləşən evdən heç bir istifadə hüquqları yaranmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Masi oğlu həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə bu iş üzrə 26 avqust 2021-ci il tarixli məhkəmə iclasını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının və 10 avqust 2021-ci il tarixdə məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 04 oktyabr 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 600920 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Masi oğlu ilə X3 arasında nikah 2010-cu ilin oktyabr ayının 04 günündə, 23 № ilə qeydə alınmış, nikahdan sonra arvad Məmmədova soyadını qəbul etmişdir. İş materiallarında olan 28.06.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 283777 №-li və 28.08.2015-ci il tarixdə verilmiş İİİ-TH seriyalı, 564535 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh Masi oğlu ilə İddiaçı oğlunun birgə nikahından 14.11.2010-cu il tarixdə X6 və 03.07.2015-ci il tarixdə X2 doğulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28.07.2021-ci il tarixli, **********74 №li məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Cavabdeh Masi oğluna məxsus Quba rayonu, Çiçi kəndində yerləşən 1 mərtəbəsi, 3 otaqlı fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçının uşaqları ilə birlkidə köçüb yaşamasını tələb etdiyi iddia predmetini təşkil edən Quba rayonu Çiçi kəndində yerləşən fərdi yaşayış evi cavabdehin valideynlərinin birgə nikahı dövründə tikilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Quba rayonu Çiçi kəndində yerləşən həmin fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı evin mülkiyyətçiləri ilə İddiaçı, həmçinin İddiaçı uşaqları arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamış və İddiaçı və uşaqlarının həmin yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu ili oktyabırn 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Köhnə redaksiyada (1964-cü il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında o cümlədən iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən paylar məlum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasəni ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İddiaçı fərdi yaşayış evinin mülkiyyətçiləri ilə yəni cavabdehin valideynləri ilə fərdi yaşayış evindən istifadəsilə bağlı notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanması və mübahisəli evə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Beləliklə, hazırki işdə evə köçürmə ilə bağlı qanunda göstərilən şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, X1 X4 qarşı evə köçürülmə barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar