Məhkəmə qərarları › İş №2(027)-1332/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1332/2025

27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1332/2025 27.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X8 və Maraqlı şəxs1 cəlb olunmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi 10 avqust 2005-ci il tarixdə Quba rayonu, Rük kəndində doğulmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, atası qrafasında Maraqlı şəxs2 Şifahi oğlu, anası qrafasında “Niyətova (Cəfərova) Səmirə Mehi qızı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələbinə əsasən ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X8 maraqlı şəxs kimi mülki işə cəlb edilməklə, Maraqlı şəxs2 Şifahi oğlu tərəfindən atalığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 10 avqust 2005-ci ildə Quba rayonu, Rük kəndində anadan olmuşdur. Anası Cəfərova (Niyətova) Səmirə Mehi qızı, atası Maraqlı şəxs2 Şifahi oğlu olmuşdur. Valideynlərim arasında rəsmi nikah olmamış və mən ev şəraitində anadan olduqdan sonra valideynlərinin səhlənkarlığı nəticəsində adına doğum haqqında şəhadətnamə alınmamışdır. Anası X2 başqa şəxslə nikaha daxil olaraq “Cəfərova” soyadını qəbul etmişdir. O, hal-hazırda yetkinlik yaşına çatan şəxs kimi özü sənədlərini qaydasına salmaq və doğulmağının qeydə alınması üçün Maraqlı şəxs1nə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsi tərəfindən 13 noyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilən “X5 X13”nın 2.5.3-cü və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün tibb müəssisəsinin sənədi, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğuma kömək etmiş həkimin verdiyi sənəd olmadığı üçün doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bundan sonra o, doğum haqqında tibbi şəhadətnamə almaq üçün rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək doğum haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. O, bir daha qeyd edir ki, o, ev şəraitində doğulduğundan doğum haqqında tibbi şəhadətnamə almağım qeyrimümkündür. Lakin onun 10 avqust 2005-ci ildə Quba rayonu, Rük kəndində doğulmağını atası Maraqlı şəxs2 Şifahi oğlu və digər şahidlər təsdiq edə bilərlər. Doğum faktının müəyyən edilməsi ona şəxsiyyətini təsdiq edən sənəd almaq üçün lazımdır. Bu faktı başqa qaydada təsdiq etdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ərizəçi onun oğludur. Ərizəçi 10 avqust 2005-ci il tarixdə Quba rayonu, Rük kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X12 izahatında göstərmişdir ki, Ərizəçi 10 avqust 2005-ci il tarixdə Quba rayonu, Rük kəndində doğulmuşdur. Onun atası Maraqlı şəxs2 Şifahi oğlu, anası isə Niyətova (Cəfərova) Səmirə Mehi qızıdır. Maraqlı şəxs1 rəisi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-891/2024 saylı imtina məktubundan göründüyü kimi, həmin faktın təsdiq edilməsinin qeyri-mümkün olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Quba RMX-nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X16 qeyd olunan tarixdə Quba RMX-da, nə də ki Quba RMX-nın tabeliyində olan tibb məntəqələrində doğuşla bağlı hər hansı qeydiyyatı aşkarlanmamışdır. Buna görə də həmin sənədin təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 2002- 2007-ci illət üzrə Ərizəçi barəsində Maraqlı şəxs1ndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan X4, X10 və X9 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, aktda qeyd olunan fotoşəkil Ərizəçi aiddir. Ərizəçi 10 avqust 2005-ci il tarixdə Quba rayonu, Rük kəndində doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 187-cı maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırki iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Quba rayon Rük kəndində oğlan cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Həmin uşağa doğum haqqında şəhadətnamə verilərkən soyadı “Niyətov”, adı “Pərviz”, ata adı “Şövkət”, ata qrafasında "Maraqlı şəxs2 ", ana qrafasında "Niyətova (Cəfərova) Səmirə Mehi qızı" qeyd olunsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dovlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar