Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-135/2022 11.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 25.01.2011-ci il tarixdə Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 12 saylı nikahın pozulması, cavabdehlə birgə nikahlarından anadan olmuş 06.03.2007-ci il təvəllüdlü X4, 13.12.2009-cu il təvəllüdlü X5 və 05.08.2011-ci il təvəllüdlü X3 onun yanında qalması, X4, X5 və X6 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 175 (yüz yetmiş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh - Cavabdeh arasında 25.01.2011-ci il tarixdə Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 saylı nikahları qeydə alınmışdır. Lakin onların el-adəti ilə toyları olmuş və 2006-cı ildən ərarvad münasibətlərində qeyri-rəsmi yaşamışlar. Nikahaları isə yuxarıda da qeyd etdiyi kimi 2011-ci ilin yanvar ayının 25-də rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç övladları - 06.03.2007-ci il təvəllüdlü X4, 13.12.2009-cu il təvəllüdlü X5, 05.08.2011-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hazırda cavabdehlə onun arasında olan ailə münasibətləri dözülməz həddə çatmışdır. Onların bir ailə kimi bir yerdə yaşamaqları artıq qeyrimümkündür. Onların bir ailə kimi bir evdə yaşamaqları ən çox övladlarının psixologiyasına təsir edir. Bir ana kimi övladlarının səhhəti onun üçün çox önəmlidir. Ona görə də cavabdehlə aralarında olan nikah münasibətlərini sonlandıraraq, uşaqlarının onun himayəsinə verilməsini və onlara alimentin təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, tərəflər nikahın pozulmasına təkid etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, nikahın pozulmasına və birgə nikahdan anadan olmuş uşaqlarının iddiaçının yanında qalmalarına etiraz etmədiyini, lakin, avtomobil ustası işlədiyini, aylıq gəliri 500-600 manat məbləğində olduğundan hər ay 300 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. İddiaçı X7 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 25.01.2011-ci il tarixdə nikahları bağlanmış və nikah Quba regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 12 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – 06.03.2007-ci il təvəllüdlü X4, 13.12.2009-cu il təvəllüdlü X5 və 05.08.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu, cavabdehin buna etiraz etmədiyini, tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, analarına daha çox bağlı olduqlarını, iddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini, cavabdehin isə buna etiraz etmədiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar iddiaçının (ananın) himayəsində qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşaqların saxlanması üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 175 manat məbləğində müəyyən edilə bilməz. İddiaçının uşağın onun yanında qalmasını tələb etdiyini və onun saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment hər uşaq üçün hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşaq üçün hər ay 130 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 25.01.2011-ci il tarixdə Quba regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 12 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 06.03.2007-ci il təvəllüdlü X4, 13.12.2009-cu il təvəllüdlü X5 və 05.08.2011-ci il təvəllüdlü X6 adlı uşaqlar anaları İddiaçı himayəsində qalsın. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 06.03.2007-ci il təvəllüdlü X1, 13.12.2009-cu il təvəllüdlü X2 və 05.08.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.09.2021-ci il tarixindən başlayaraq hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-135/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-135/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver