Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1378/2021 13.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxsnə və Cavabdehə qarşı “pozulmuş əmək hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Maraqlı şəxsnə və Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsinin qanunsuz hesab olunması, əmək müqaviləsində göstərilən işə qaytarılması, iş saatının əvvəlki səviyyədə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirmişdir. 13 sentyabr 2014-cü il tarixli, 115 saylı əmrlə Cavabdehə ixtisası üzrə müəllim götürülmüş və onunla həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sonradan əməkhaqqında artım olduğu üçün 28 fevral 2017-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilmişdir. Əmək kitabçasında və müqaviləsində o, ixtisasına uyğun olaraq ibtidai sinif müəllimi kimi qeyd olunmuşdur. Lakin 2019-cu ilin sentyabr ayında məktəb direktoru X4 bildirmişdir ki, ona ibtidai sinif verilməyəcək. Bundan sonra ona əmək müqaviləsində göstərilməyən, cəmi 6 saat dərs verilmişdir. Məktəb direktoru bunu onunla izah etmişdir ki, o, 2014-cü ildə məktəbə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmədən işə qəbul edilmişdir. Halbuki işə qəbul edilərkən müvafiq əmr verilmiş və sonradan işə qəbul üzrə müsabiqədə iştirak edərək 46,2033 bal toplamışdır. Həmçinin 22.11.2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək, 50 bal toplayaraq 83,33% nəticə göstərmişdir. Müvafiq ixtisasartırma kurslarında, təlimlərdə və formlarda iştirak edərək sertifikatlar almışdır. Lakin məktəb direktoru əsassız olaraq qeyd olunan hallara qiymət vermədən ona sinif verməkdən imtina etmiş, razılığı olmadan dərs saatlarını və əməkhaqqını azaldaraq ixtisasına uyğun olmayan 6 saat dərslə təmin etmişdir. Hesab edir ki, əməkhaqqımna təsir edən həmin hərəkət onun razılığı alınaraq, əmək müqaviləsində dəyişiklik edilməsi yolu ilə həyata keçirilməli idi. Göründüyü kimi o, əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Müqavilənin ləğvi, etibarsız hesab edilməsi və ya dəyişdirilməsi barədə hər-hansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. Həmçinin hazırki əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir, hər-hansı bir vəzifəli şəxsin əmri, göstərişi və ya tapşırığı həmin qanunvericiliyə uyğun olmalıdır. İşçinin işdən azad edilməsi və ya onun əmək funksiyalarının dəyişdirilməsi daxili təlimatla deyil, qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan proseslər rəsmi şəkildə aparılmalı və buna əsas olan müvafiq maddənin normaları göstərilməlidir. Bununla əlaqədar, pozulmuş əmək hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsinin qanunsuz hesab olunması, əmək müqaviləsində göstərilən işə qaytarılması, iş saatının əvvəlki səviyyədə bərpa edilməsi və əməkhaqqında yaranmış fərqin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, onunla qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və 2019-cu ilə kimi həmin müqavilə əsasında işləmişdir. Lakin göstərilən tarixdən sonra məktəb direktoru Rayon Təhsil şöbəsinin göstərişi ilə onu müqaviləsində nəzərdə tutulmamış işə keçirmiş, lakin bu zaman onun razılığı alınmamış, bu barədə müvafiq sənədləşmə işləri aparılmamış və şikayətlərinə münasibət bildirilməmişdir. Həmçinin Təhsil Nazirliyininin və ya Rayon Təhsil şöbəsinin belə bir rəsmi göstərişi də, qeydə alınmamışdır. Aparılmış bütün hərəkətlər qeyri-rəsmi olmaqla, sənədləşdirilməmişdir. O, hazırda da müəllimlər üçün təşkil edilmiş imtahanlarda iştirak etmiş və yüksək nəticə göstərmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh direktoru X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məktəbdə ibtidai sinif müəllimi işləsə də, o, MİQ-dən kənar qaydada işə qəbul edilmişdir. İddiaçının əvvəlki işindən fərqli olaraq 6 saat dərs yükü ilə təmin edilməsi Təhsil Nazirliyinin və Rayon Təhsil şöbəsinin göstərişi əsasında həyata keçirilmişdir. Dərs saatlarının azaldılması ilə əlaqədar sənədləşmə işi aparılmasa da, bu barədə iddiaçıya məlumat verilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına olan BN seriyalı, 255753 nömrəli diplomun surətindən görünür ki, o, Azərbaycan Dövlət Pedoqoji Universitetin ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsi almışdır. İş materiallarında olan, İddiaçı adına tərtib edilmiş əmək kitabçasının surətindən görünür ki, o, Cavabdeh direktorunun 13.09.2014-cü il tarixli, 115 saylı əmrinə əsasən məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 11.09.2014-cü il tarixli, 97 saylı əmrinin surətindən görünür ki, İddiaçı Cavabdehə ixtisası üzrə müəllim köçürülmüşdür. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehdə əmək müqaviləsi üzrə ibtidai sinif müəllimi işləyir. Müqavilə 13.09.2014-cü ildə müddətsiz bağlanmışdır. İşçinin aylıq əmək haqqı 456,67 manat təşkil etmişdir. İş materiallarında olan əmək haqqı kartı hesabının çıxarışından görünür ki, sonradan cavabdehin əmək haqqı 163.80 manata endirilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 28.02.2017-ci il tarixli, xxxxxxx000201 saylı məlumatın surətindən görünür ki, Maraqlı şəxs üzrə işəgötürən X1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik (13.09.2014-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə) elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan dq.edu.az saytından əldə edilmiş məlumatdan görünür ki, İddiaçı diaqnostik qiymətləndirmədən 50 bal toplamışdır. İş materiallarında olan Təhsil Nazirliyinin 16.10.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57.3-cü maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetin ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsi almış, 13 sentyabr 2014-cü ildə Cavabdeh direktorunun 13.09.2014-cü il tarixli, 115 saylı əmrinə əsasən məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması və ona dəyişiklik edilməsi ilə bağlı bildirişlərdən görünür ki, iddiaçı ilə bağlanmış müqavilə müddətsizdir və o, müqavilə üzrə peşəkar ibtidai sinif müəllimidir. İşlədiyi müddətdə müvafiq ixtisasartırma kurslarında, təlimlərdə və formlarda iştirak etmiş, diaqnostik qiymətləndirmədən yüksək nəticə əldə etmişdir. Sonradan məktəbin direktoru tərəfindən, iddiaçının MİQ imtahanından keçməyərək, qeyri-qanuni yolla, ehtiyac olmadığı halda Cavabdehə müəllimi təyin edilməsi əsas gətirilərək, onu öz razılığı olmadan ibtidai sinif müəllimliyindən başqa işə keçirmişlər. Bu zaman onun əmək haqqında ciddi fərq (azalma) olmuş və iradəsinin əleyhinə müqavilədə nəzərdə tutulmayan işə cəlb edilmişdir. İşəgötürən qeyd olunan prosesin aparılması üçün ona Təhsil Nazirliyi və Rayon Təhsil şöbəsi tərəfindən göstəriş verildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə borcludur. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Məhkəmə bildirir ki, iddiaçının əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsinə əsas olmuş əmr (sərəncam, qərar, göstəriş) ümumiyyətlə mövcud olmadığından və həmin proses qeyri-rəsmi qaydada aparıldığından, onun 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsi əsassız hesab olunmalıdır. Göründüyü kimi iddiaçı əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun ləğvi, etibarsız hesab edilməsi və ya dəyişdirilməsi barədə hərhansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. İşçinin əmək haqqı şifahi göstəriş əsasında aşağı endirilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsi qanunsuz hesab olunmalı, o, müvafiq əmrdə və əmək müqaviləsində göstərilən işə qaytarılmalı, iş saatları əvvəlki səviyyədə bərpa edilməli və pozulmuş hüquqlarının bərpa edildiyi vaxtadək əməkhaqqında yaranmış fərqin ödənilməsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdehdə 2019-2020-ci və 2020-2021-ci dərs illərində əmək müqaviləsinə uyğun işlə təmin edilməməsi qanunsuz hesab olunsun; o, əmək müqaviləsində göstərilən işə qaytarılsın, iş saatları əvvəlki səviyyədə bərpa edilsin və ona əməkhaqqında yaranmış fərq ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1378/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1378/2021
13.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver