Məhkəmə qərarları › İş №2(027)-1392/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1392/2020

28.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1392/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə torpaqdan istifadə ilə bağlı Quba rayonu, Güləzi kənd bələdiyyə sədri ilə bağlanmış icarə müqaviləsi üzrə, Güləzi kənd bələdiyyəsinin ümumi torpaq fonduna aid Xanagahyolu kəndinin ərazisində, Quba rayon torpaq şöbəsinin əməkdaşlarının tərtib etdikləri plana uyğun ona istifadə üçün verilmiş 4,0 ha torpaq sahəsinin bir hissəsini zəbt etmiş Cavabdeh həmin torpaq sahəsinin alınaraq, qanuni sənədlər əsasında onun qanuni icarə müqaviləsi üzrə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əslən Quba rayonunun Xırt kəndində anadan olsa da, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yaqub Əliyev küçəsi, 26 № li evdə pasport qeydiyyatındadır. Yay aylarında, Quba rayonunun Güləzi icra ərazisi üzrə olan Xanagahyolu kəndində yaşayır. O, şəxsi təsərrüfatında olan heyvandarlığın inkişaf etdirilməsi məqsədilə, xx xxxxxx 2002-ci il tarixdə Quba rayonunun Güləzi kənd bələdiyyə sədri işləmiş Məhəmməd Ələsgərova ərizə ilə müraciət edərək, Güləzi kənd bələdiyyəsinin ümumi torpaq fonduna aid olan Xanagahyolu kəndinin ərazisində, 4(dörd) ha torpaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. Bununla bağlı onunla bələdiyyə arasında xx.xx.2002-ci il tarixdə torpaqdan istifadə ilə bağlı müqavilə bağlanmışdır. Eləcə də Güləzi kənd bələdiyyə sədri işləmiş Məhəmməd Ələsgərov, xx.xx.2002-ci il tarixdə 4(dörd) ha biçənək sahəsini 15 il müddətinə icarəyə verilməsinin mümkünlüyü barədə 21 № li qərar çıxarmışdır. Daha sonra xx xxxxxx 2002-ci il tarixdə Güləzi kənd bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 № li qərarına əsasən, həmin 4(dörd) ha biçənək sahəsinə DK və XK-nin Quba rayon şöbəsinin mütəxəssislərin iştirakı ilə baxış keçirilərək, ona həmin sahənin ayrılmasını məqsədə müvafiq bilmiş yə bu barədə Plandan çıxarış da verilməklə müvafiq akt tərtib edilmişdir. O, illik icarə haqqı kimi müəyyən edilmiş pulu, torpaq vergisi ilə bağlı Beynəlxalq bankın Quba filialına hər il mütəmadi olaraq vergi ödəyir. Baxmayaraq ki, o, 2002-ci ildən 15 il müddətinə Quba rayonunun Güləzi kənd bələdiyyəsinin sədri ilə Xanagahyolu kəndində, 4(dörd) ha torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlamış, həmin dövrdə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətindən çıxarış verilməmişdir. 15 illik icarə müqaviləsinin müddətinin tamam olunmasından sonra, ona xx.xx.2018-ci il tarixdə Güləzi kənd bələdiyyəsinin hal-hazırkı sədri Çingiz Əliyevin adına ərizə yazdıqdan sonra, həmin tarixdə mənimlə Güləzi kənd bələdiyyəsi arasındabağlanmış ********** N° li icarə müqavilə ilə əlaqədar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X9 əməkdaşlarının iştirakı ilə, 4 (dörd) ha icarəyə götürdüyü torpaq sahəsində qiymətləndirmə işi aparılmışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 5 saylı X9 əməkdaşlarının iştirakı ilə tərtib edilmiş, "Torpaq sahəsinin planı" və ölçüsündə, ona qanuni sənədlə verilmiş 4(dörd) ha torpaq sahəsinin faktiki olaraq 3.7039 hektar olması, yəni 30 sot torpaq sahəsinin az göstərilməsi aşkar edilmişdir. Sonradan müəyyən edilmişdir ki, ona verilmiş 4(dörd) ha biçənək otlaq sahəsindən Güləzi bələdiyyəsinin sədri Çingiz Əliyev tərəfindən qeyri qanuni olaraq 30 sot torpaq sahəsi kəsilərək öz bacanağı Cavabdeh, həyətyanı torpaq sahəsi kimi verilmişdir. Halbuki, ona biçənək kimi ölçülərək verilmiş 4(dörd) ha torpaq sahəsində, pay torpaqlarının verilməsi nəzərdə tutulmamışdır. Çingiz Əliyevdən əvvəlki bələdiyyə sədri olmuş, axırıncının dayısı Asəf Əbdürrəhmanovun zamanında, sonuncu öz bacanağı Cavabdeh, həmin 4(dörd) ha biçənək torpaq sahəsinin ərazisindən ev tikmək üçün pay torpağı vermiş və o da həmin sahədə qanunsuz olaraq ev tikmişdir. Həmin şəxsin ev tikməsinə dair heç bir sənədi yoxdur. Halbuki, pay torpağı Cavabdeh və ailəsinə Quba rayonunun Aşağı Atuc kənd ərazisində verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlak və dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, ona verilmiş icarə torpaq sahəsinin ölçüsü 3,7 hektardır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli 03/10894 № li arayışda da, ona xx xxxxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin faktiki ölçüsü 3.7039 ha olmuş və Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətində rəsmi dövriyyədən keçmiş və alğı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 5 saylı X9 arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilməklə, qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır. Torpaq sahəsinin bazar dəyərinin 7500 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, Quba rayonu Güləzi kənd bələdiyyəsinin sədri Çingiz Əliyev, tutduğu vəzifədən sui-istifadə edərək, ona icarə müqaviləsi əsasında 15 il müddətinə Xanagahyolu kəndindi ərazisində istifadə üçün verilmiş 4(dörd) ha biçənək torpaq sahəsindən 30 sot torpaq sahəsini sənəd üzrə ayıraraq, onun icazəsi və məlumatı olmadan mənzil tikmək üçün qanunsuz olaraq vermiş və bununla da onun Azərbaycan Respublikasının Konstitusuyasının 29-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmaqla vəzifə cinayətini törətmişdir. Eləcə də, Quba rayonu Güləzi kənd bələdiyyəsinin sədri Çingiz Əliyev, vəzifə saxtakarlığına yol verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 5 saylı X9 əməkdaşlarına yanlış məlumat verməklə, onun müqavilə əsasında icarə üçün 4(dörd) ha deyil, 3.7039 ha torpaq sahəsini götürməyi barədə məlumat verməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlak və dövlət reyestrindən xx.xx.2018- ci il tarixli ********** saylı çıxarışda, həqiqətə uyğun olmayan məlumatların qeyd olunmasına şərait yaratmışdır. Odur ki, Quba rayonu Güləzi kənd bələdiyyəsinin sədri Çingiz Əliyevin tutduğu vəzifədən sui-istifadə edərək vəzifə cinayətini törətməsi, vəzifə saxtakarlığına yol verməsi ilə bağlı araşdırmanın aparılması, icarə müqaviləsi əsasında ona istifadə üçün verilmiş 4(dörd) ha torpaq sahəsindən, sənəd üzrə öz dayısı Rasimin bacanağı Cavabdeh, həyətyanı torpaq sahəsi kimi verilmiş qanunsuz 30 sot torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün aidiyyəti orqanlara göstəriş verilməsi məqsədi ilə, xx xxxx 2019-cu il tarixdə tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə, Quba rayonunun prokurorunun adına şikayət ərizələri ilə müraciət etmişdir. Lakin, həmin vaxtdan bir il keçməsinə baxmayaraq, müraciətləri öz qanuni həllini tapmamışdır. xx xxx 2019-cuil tarixdə Quba rayonunun Güləzi kənd bələdiyyə sədri X8 ilə, xx xxxx 2020-ci il tarixə kimi bağlanmış icarə müqaviləsində, 4(dörd) ha torpaq sahəsini kənd təsərrüfat təyinatı ilə istifadə etməklə icarə haqqı 80 manat məbləğində müəyyən edilmişdir. Eləcə də xx xxxx 2020-ci il tarixdə yeni seçilmiş Güləzi kənd bələdiyyəsinin sədri X5 ilə, xx xxxx 2021 ci il tarixə kimi bağlanmış icra müqaviləsində, 4(dörd) ha torpaq sahəsini kənd təsərrüfat! təyinatı ilə istifadə etməklə icarə haqqı 80 manat məbləğində olmaqla müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, təmin edilməsini məhkəmədən xahiş edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddia tələbini qəbul etməməyərək iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması əsasına görə rədd olunmasını xahiş etmişdir. İddia tələbi aşağıda qeyd edəcəyi faktlara əsasən əsassızdır. İddiaçı iddia ərizəsində göstərdiyi kimi xx xxxxxx 2002-ci il tarixdə Güləzi bələdiyyəsinin qərarı 4 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. Onunla Güləzi bələdiyyəsi arasında icarə müqaviləsi 2017-ci ilin dekabr ayında sona çatmışdır. Sonradan bələdiyyəyə müraciət etmiş, bələdiyyə ilə aralarına icarə müqaviləsi bağlanmış və xx.xx.2018-ci il tarixdə ona 3,70 ha torpaq sahəsinə dair plan və ölçüsü hazırlanmış və ona xx.xx.2018-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 3,70 ha göstərilmişdir. Beləliklə 4 hektar torpaq sahəsinin icarəyə almasına dair bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinin vaxtı bitmişdir. İddiaçının mülkiyyətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 3,7 hektar torpaq sahəsi vardır. İddiaçının mülkiyyətində olan 3,7 hektar torpaq sahəsindən kənara kimə nə torpaq sahəsi verilib onun iddiaçıya heç bir aidiyyatı yoxdur, onu mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Əksinə iddiaçının mülkiyyətində Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 3,7 hektar torpaq sahəsi olmasına baxmayaraq faktiki olaraq mülkiyyətində 4,50 hektardan çox torpaq sahəsi vardır. İddiaçının 0,30 ha torpaq sahəsinə iddia etmək üçün subyektiv hüququ yoxdur. Hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən xx.xx.2002-ci il tarixli, 21 saylı qərarı əsasında biçənək sahəsi olaraq 4 ha torpaq sahəsi 15 illik İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan **********90 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Xanagahyolu kəndində yerləşən 3,7 ha torpaq sahəsi Quba rayonu, Güləzi bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləçdirilməsinə dair 02/10894 saylı arayışından görünür ki, Quba rayonu, Xanagahyolu kəndində yerləşən 3,7039 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 7500 manat təşkil edir. İş materiallarında olan torpaq sahəsinin dövrü-mövsumi (müvəqqəti) icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli, 11 saylı müqavilədən görünür ki, Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 02 saylı qərarı əsasında biçənək sahəsi olaraq 4 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixədək İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin dövrü-mövsumi (müvəqqəti) icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli, 08 saylı müqavilədən görünür ki, Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən biçənək sahəsi olaraq 4 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixədək İddiaçı istifadəsinə verilmişdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyətə qəsd və ya başa maneələr əşyanı götürmədən və ya ondan mərhum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə araşdırması ilə sübuta yetirilmişdir ki, İddiaçı ilə Quba rayonu Güləzi Bələdiyyəsi ərazisində yerləşən 4,0 hektar torpaq sahəsinin 15 il müddətinə heyvandarlığın inkişafı üçün icarəyə verilməsi barədə xx.xx.2002-ci ildə icarə müqaviləsi bağlanmış, iddiaçı bu müddət ərzində torpaq sahəsindən istifadə etmişdir. Müqavilənin müddəti tamam olduqdan sonra iddiaçının Quba rayonu, Güləzi kənd Bələdiyyəsinə müraciətləri əsasında xx.xx.2019-cu il tarixli, 11 saylı müqavilə ilə Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 02 saylı qərarı əsasında biçənək sahəsi olaraq 4 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixədək və sonuncu dəfə xx.xx.2020ci il tarixli, 08 saylı müqavilə ilə Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən biçənək sahəsi olaraq 4 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixədək İddiaçı istifadəsinə verilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdə torpaqdan istifadə ilə bağlı Quba rayonu, Güləzi kənd bələdiyyə sədri ilə bağlanmış icarə müqaviləsi üzrə, Güləzi kənd bələdiyyəsinin ümumi torpaq fonduna aid Xanagahyolu kəndinin ərazisində, Quba rayon torpaq şöbəsinin əməkdaşlarının tərtib etdikləri plana uyğun ona istifadə üçün verilmiş 4,0 ha torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt etdildiyini iddia etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, icarə müqavilələrinə əsasən iddiaçının istifadəsinə Quba rayonu, Güləzi kənd ərazisində 4,0 ha torpaq sahəsi verilmişdir. Lakin, iş materiallarında olan **********90 reyestr nömrəli Çıxarışla müəyyən olunmuşdur ki, Quba rayon Güləzi kənd Bələdiyyəsinin mülkiyyətində Quba rayonu, Xanagahyolu kəndi ərazisində 3,7 ha torpaq sahəsi vardır. Bundan başqa, İddiaçı cavabdehin onun icarəsinə verilmiş torpaq sahəsinin 0,30 ha hissəsini zəbt edərək, mənzil inşa etməsini iddia etsə də, həmin tikilinin ona Quba rayonu, Güləzi Bələdiyyəsi tərəfindən icarəyə verilmiş torpaq sahəsində olduğunu sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X2 iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: X2 xx.xx.2002-ci il tarixdə torpaqdan istifadə ilə bağlı Quba rayonu, Güləzi kənd bələdiyyə sədri ilə bağlanmış icarə müqaviləsi üzrə, Güləzi kənd bələdiyyəsinin ümumi torpaq fonduna aid Xanagahyolu kəndinin ərazisində, Quba rayon torpaq şöbəsinin əməkdaşlarının tərtib etdikləri plana uyğun ona istifadə üçün verilmiş 4,0 ha torpaq sahəsinin bir hissəsini zəbt etmiş Cavabdeh həmin torpaq sahəsinin alınaraq, qanuni sənədlər əsasında onun qanuni icarə müqaviləsi üzrə istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar