Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1394/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə, Quba rayonu Xanagah kəndində yerləşən ona məxsus yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 1984-cü ildə Quba rayonu Xanagah kəndində yerləşən birmərtəbəli yaşayış evini X1 alıb. 2007-ci ildə cavabdehlərə müvəqqəti istifadəyə verib, bir müddət orda yaşadığdan sonra onlar Bakı şəhərində özlərinə yer alaraq kəntdən köçüb gediblər. Bir müddət orda yaşadığdan sonra 2018-ci ildə qardaşı Binyamin bədbəxt hadisə nəticəsində əlil olmuş, hər şeylərini satıb yenidən kəndə qayıdarağ ondan həmin evdə müvəqqəti yaşamağı xahiş ediblər. Qardaşına yazığı gəlib yenidən onlara evi müvəqqəti istifadəyə verib. Ailə münaqişəsinə görə onlar Quba rayon Məhkəməsinin qərarı ilə boşanıblar və onlara qarşı da təxribatlar başlanılıb, dəfələrlə münaqişə yaradıblar,lakin dəfələrlə tələb etməyinə baxmayaraq evi boşaltmağdan imtina ediblər. Məhkəmə qaydasında boşanmağlarına baxmayaraq həmin evdə bir yerdə yaşayırlar. Hazırda da onların ucbatından əmlakından istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə, Quba rayonu Xanagah kəndində yerləşən ona məxsus yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək göstərdi ki, sözü gedən evi qardaşı satın alıb, O, hal-hazırda həmin evdə yaşamır, ordan çıxıb, başqa yerdə qalır və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 bildirmişdi ki, o iddianı qəbul etmir. Belə ki, həmin evin yerləşdiyi torpaq sahəsi alınanda Bünyaminin 7-8 yaşı olub, sonradan qaynanası o torpağı Binyaminə verib və evi bir yerdə tikiblər. Binyaminlə aralarındakı nikah pozulsa da onlar bir yerdə həmin evdə yaşayır, evin yarısı ona çatır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdi. Məhkəmə İddiaçı, Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi əşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Çıxarış”ın surətindən görünür ki, Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 55,30 kv.metr yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinə məxsusdur. İş materiallarında olan 09.08.1984-cü il tarixli aktın surətindən məlum olur ki, X3 məxsus Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ev İddiaçı tərəfindən alınmış, torpaq sahəsi isə, 09.08.1984-cü il tarixli 50 nömrəli əmrə əsasən Quba rayonu Rustov sovetliyinin Xanagah kənd sakini X2 hesabından silinib, həmin kəndin sakini İddiaçı hesabına keçirilmişdir. İş materiallarında olan 13.03.1984-cü il tarixli “Satın alma” müqaviləsinin surətindən məlum olur ki, Quba rayonu Rustov sovetliyinin Xanagah kənd sakini X5 özünə məxsus 1955-ci ildə 0.16 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış evini həmin kəndin sakini İddiaçı satıb və satın alma müqaviləsi notarius tərəfindən təsdiq edilib. İş materiallarında olan JN-063A kod 30321078 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin surətindən görünür ki, Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi Quba rayonu AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Reyestr nömrəsi **********22-10301 olan “Texniki pasport”un təsdiqlənmiş surətindən görünür ki, Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin hüquq subyekti İddiaçı məxsusdur. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Quba rayonu Rustov kəndində qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, İddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə, Quba rayonu Xanagah kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə, Quba rayonu Xanagah kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan yaşayış evindən çıxarılsınlar. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1394/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1394/2021
30.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver