Məhkəmə qərarları › İş №2(027)-1414/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1414/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1414/2024 14.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Quba rayon Amsar kəndində yerləşən evdən 1000 manat kompensasiya və 5 ay oturmaq icazəsi ilə çıxarılmalarını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətində Quba rayon Amsar kəndi ərazisində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən 111,8 kv metr ümumi sahəsi olan yaşayış evi vardır. Onun mülkiyyətində olan evdə cavabdehlər Siyasət və Cavabdeh2lar yaşayırlar. Özü isə ərizədə qeyd etdiyi ünvanda yaşayır, o 1999-cu ildə cavabdehlərin və onun yaxınlarının hədə-qorxusu ilə ata yurdu olan, mübahisəli evdən çıxmışdır, cavabdehlər isə qanunsuz olaraq evini zəbt edib orada yaşayırlar və evdə olan ona və həyat yoldaşına məxsus olan əmlaklardan istifadə edirlər. dəfələrlə cavabdehlərə mülkiyyətində olan evdən çıxıb, evi boşaltmağı tələb etmişdir onlar isə mənə hədə-qorxu gələrək evdən çıxmırlar ona görə də öz pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək kirayə yaşayış evinin fotogörüntülərini təqdim etmişdir. Məhkəməyə ərizə təqdim edərək cavabdehlərə kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılmasına müraciət etdiyini və hazırda 3600 manat kompensasiya ödəməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iddiaya etiraz etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matariallarını tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********97 reyestr nömrəli çıxarışa fərdi yaşayış evinin Texniki Pasportuna əsasən, Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, ümumi sahəsi 111,8 kv metr olan daşınmaz əmlak hüququ subyekti İddiaçı məxsusdur. İddiaçı tərəfindən təqdim olunan Quba rayonunda əmlak alqı-satqısı və kirayəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərən X2 tərəfindən verimiş arayışda Amsar kəndində baxdığı evin kirayə haqqı 100 manatdan aşağı deyildir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-367/2024 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan ev İddiaçı təhvil verilməsi və Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan evdən çıxarılmaları hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi X1 məxsus olmuş, üzərində tikilmiş evə dair məhkəmə mübahisələri olmuş və sonda torpaq sahəsi, həmçinin üzərində yerləşən yaşayış evinə İddiaçı vərəsəliklə mülkiyyət hüququ müəyyən olunmuşdur. Məhkəmənin qətnaməsilə İddiaçı mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan ev İddiaçı təhvil verilməsi qət olunsa da, cavabdehlərin həmin evdən çıxarılmaları hissəsində təmin edilməmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Quba rayon Amsar kəndində yerləşən evdən 3600 manat kompensasiya ödəməklə cavabdehlərin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcələsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, bu hissədə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, məhkəmə hesab edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləği ağlabatan və ədalətlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan evdən istifadə edə bilmir və cavabdehlər hazıradək olan uzun bir dövr ərzində məhz iddiaçıya məxsus evdə yaşamaqdadırlar. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilər. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya dair iddia tələbi əsasli olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən evə olan istifadə hüquqlarına İddiaçı tərəfindən 3600 (üç min altı yüz) manat konpensasiya ödənilməklə xitam verilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar