Məhkəmə qərarları › İş №2(027)-1447/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1447/2022

29.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1447/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin sədri X3, Cavabdeh iştirakı ilə, İddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayon Tüləkəran bələdiyyəsi Cavabdeh qarşı “özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Tüləkəran bələdiyyəsinin mülkiyyətində olan 1,5 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı Möhüc bələdiyyəsi (2010-cu ildə Tüləkəran bələdiyyəsinə birləşdirilmişdir) ilə 04 mart 2006-cı il tarixli 05/1 saylı qərarı əsasında 06 mart 2006-cı il tarixli 07 saylı icarə müqaviləsi 5 (beş il) müddətinə bağlanılmış və 2011-ci il tarixində müqavilənin müddəti bitmişdir. Cavabdeh ilə Tüləkəran bələdiyyəsinin mülkiyyətində olan 1,5 ha torpaq sahəsini 2011-ci ildən özbaşına tutaraq, qeyri-qanuni istifadə etmişdir. Cavabdeh ona torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir. Habelə torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyə torpağından istifadə etmiş, yəni bələdiyyə torpağını özbaşına tutmuşdur. Məhkəmə iclasında iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin sədri X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, eyni zamanda ərizə təqdim edərək, bildirdi ki, sözügedən torpaq sahəsindən istifadə etmir, ona görə torpağın geri qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 07 saylı müqavilədən görünür ki, icarəverən X4 ilə icarəçi Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya biçənək kimi istifadə üçün 5 il müddətinə 1,5 ha torpaq sahəsi icarəyə verilmişdir; Quba rayon Tüləkəran bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 68 nömrəli məktubundan görünür ki, Cavabdeh ilə Möhüc Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixli 05/4 saylı protokol qərarı əsasında xx.xx.2006-cı il tarixli 07 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2011-ci il tarixdə müqavilənin bitməsinə baxmayaraq 1,5 ha torpaq sahəsini Bələdiyyəyə təhvil verilməmişdir. Cavabdeh torpaq sahəsinin boşaldaraq Bələdiyyəyə təhvil verilməsi tələb olunmuş, əks halda barəsində aidiyyatı üzrə orqanlara məlumat veriləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0.1-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdirlər; 6.2-ci və 55-ci maddələrə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumları və yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin, kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair isə yalnız X1 Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumlarının) rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir; 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunla müəyyən olunmuş müddətdə ərizəyə baxır və torpaqayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər; 9.1-ci maddəsinə əsasən torpaq sahəsini hərrac və ya müsabiqə qaydasında əldə edə bilərlər; 16.1-ci və 16.2-ci maddələrinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır; Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2006-ci il tarixdə biçənək üçün Quba rayon Möhüc Bələdiyyəsi tərəfindən 5 il müddətinə 1,5 ha torpaq sahəsi icarəyə verilmiş və həmin tarixdə bununla bağlı müqavilə bağlanmışdır. Göründüyü kimi, müqavilənin tarixi xx.xx.2011-ci il tarixdə bitmiş, lakin cavabdehə icarəyə verilmiş 1,5 ha torpaq sahəsi Bələdiyyəyə təhvil verilməmişdir. Həmin torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin sahəni onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh həmin torpaq sahəsini geri qaytarmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən torpaq sahəsindən istifadə etməyi iddiaçının hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin sahədən qanunsuz sahibliyinə son qoyulmalı, cavabdeh şəxs qeyd edilən torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh X2 tərəfindən özbaşına tutulmuş İddiaçınə məxsus olan 1,5 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçı qanuni sahibliyinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən özbaşına tutulmuş İddiaçınə məxsus olan 1,5 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin qanuni sahibliyinə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar