Məhkəmə qərarları › İş №2(027)-1512/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1512/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1512/2021 04.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin (bundan sonra İB) nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun öənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İB Cavabdeh təbii Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2063,60 (iki min altmış üç manat altmış qəpik) manat məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “Azəriqaz" İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istifadə etdiyi təbii qazdan istifadə etdiyinə görə mütəmadi ödənişlər etmədiyi üçün, son dörd ayda ümumiyyətlə ödəniş etmədiyi üçün 2063,60 (iki min altmış üç manat altmış qəpik) manat borcu yaranmışdır. Həmin borc 2020-ci ildən bugünədək yaranan borcdur. İddiaçı İB tərəfindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonent (cavabdeh) tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bu barədə ərizə verməklə iddianı qəbul edərək, bildirdi ki, imkansızlıqdan dolayı qaz sərfiyatına görə yığılmış borcu ödəyə bilmir. Belə ki, pensiya pensiya almır və heç bir qazanc yeri yoxdur. Ona görə bu vaxta qədər qaza görə ödənişlər edə bilməmişdir. Hazırda ödəniş edə bilməsə də, maddi imkanı olan kimi borcu ödəyəcəkdir. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair 25.06.2018-ci il tarixdə AKX-0006688/06-2018 nömrəli müqavilə bağlanmışdır; **********05320 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza görə demək olar ki, ödəniş etməmişdir; 14.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı “Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış 25.06.2018-ci il tarixdə AKX-0006688/06-2018 nömrəli müqavilə ilə qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “Azəriqaz" İB tərəfindən keyfiyyətli qazla təmin edilmiş və sonuncu aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qazdan istifadə etsə də, müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MM-nin: 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2063,60 (iki min altmış üç manat altmış qəpik) manat məbləğində borc İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2063,60 (iki min altmış üç manat altmış qəpik) manat məbləğində borc İddiaçı İB-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar