Məhkəmə qərarları › İş №2(027)-1550/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1550/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1550/2024 19.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh “Azəriqaz” İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3819 (üç min səkkiz yüz on doqquz) manat 36 (otuz altı) qəpik pulun tutularaq **********01360 saylı abonent koduna və 58 (əlli səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq “Azəriqaz” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X3 RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus Quba rayonu, Barlı kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB tərəfindən **********01360 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 7344 m3 və ya 733 manat 40 qəpik məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Həmin borc tamamilə ödənilmişdir. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 34560 m3 və ya 4147 manat 20 qəpik məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Həmin 4147 manat 20 qəpik borcdan cavabdeh 327.84 manat pul ödəmişdir və hal hazırda 3819,36 manat borcu qalmışdır Cavabdeh «Azəriqaz” İB-ə qarşı qarşılıqlı iddia ərizəsilə müraciət edərək, “Azəriqaz” İB-nin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, əməkdaşları tərəfindən onun abonent hesabına əsassız hesablanmış 3819 (üç min səkkiz yüz on doqquz) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Barlı kəndində 0,13 ha torpaq sahəsində fərdi yaşayış evi vardır, həmin evdə ailəsiylə birlikdə yaşayır və cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə etməyə dair alqı-satqı müqaviləsi ilə təbii qazdan istifadə edir və vaxtlıvaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəyir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ondan 3819,36 manat pulun onların hesabına tutularaq ödənilməsini xahiş etmişdir. Cavabdeh iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2022-cü il tarixində guya o sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş və bu barədə akt tərtib edilmişdir. Azəriqaz Quba XS-nın əməkdaşlarının tərtib etdiyi 28 dekabr 2022-ci il tarixli aktdan onun xəbəri olmayıb, akt qanunsuz və əsasız olduğu üçün sübut növü kimi qəbul oluna bilməz. Əgər onlar onun evinə gəlib akt tərtib etsəydilər onu xəbərdar edib tərtib etdikləri aktla tanış etməli idilər. Onun yaşadığı ünvanda qaz borusuna rezin boru ilə sayğacdan kənar xətt çəkib təbii qazdan istifadə etməmişdir. Evin küçə hissəsində cavabdeh təşkilatın quraşdırdığı sayğac var və həmin sayğacdan gələn xətlə təbii qazdan istifadə edir. Həmin kənar xətdən kimin istifadə elədiyinidən xəbəri belə olmayıb və o təsərüfatla məşğul olur, kifayət qədər imkanı vardır, kənar xətt vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə etməyə ehtiyacı yoxdur. Sonradan Cavabdeh qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim edərək, “Azəriqaz” İB-nin ondan tələb etdiyi 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X6 ilkin iddianın təmin olunmasını və yaranmış borcun cavabdehdən tutulmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, ona hesablanmış borcun əsassız olduğunu və iddianın rədd edilməsini, qarşılıqlı iddia təmin edilərək, həmin borcun onun abonent hesabından silinməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslı olmaqla hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Azəriqaz” istehsalat Birliyi ilə Cavabdeh arasında Qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqavilə”si bağlanmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh tərəfindən 34560 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan Cavabdeh adına olan **********01360 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə 03.2024-cü il tarixə 3819 (üç min səkkiz yüz on doqquz) manat 36 (otuz altı) qəpik debitor borcu vadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən məlum olur ki, Azəriqaz İB iddia ərizəsi ilə əlaqədar 58 (əlli səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə istinad edilməklə 3819.36 manat məbləğində vurlmuş ziyan və debitor borc hesablanmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir, istehlakçı isə ilkin iddiaçının hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.https://e-qanun.az/framework/21691 «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, istehlakçı yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar müdaxilə etməklə təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal “Azəriqaz” İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İstehlakçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ilkin iddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. İstehlakçının qazın talanmasında təqsirli olması müəyyən edildiyindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməkdə haqlı olmuşdur. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3819.36 manat hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Beləliklə iməhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, zərər ilin mövsümünün 6 aylıq dövrü nəzərə alınmaqla, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi və 327.84 manat ödəniş nəzərə alınmaqla, 1746 (min yeddi yüz qırx altı) manat borc müəyyən olunaraq Cavabdeh tutulub, “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Həmçinin qeyd edilən halar nəzərə alınmaqla qarşılıqlı iddia qismən təmin edilərək, Tələbnamə əsasında hesablanmış 2073 (iki min yetmiş üç) manat məbləğində zərər **********01360 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 1746 (min yeddi yüz qırx altı) manat borc və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 46 (qırx altı) qəpik hissəsi tutularaq “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “Azəriqaz” İB-nin 30 sentyabr 2022-ci il tarixli **********01360 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin. Tələbnamə əsasında hesablanmış 2073 (iki min yetmiş üç) manat məbləğində cərimə məbləği **********01360 kodlu abonent hesabından silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar