Məhkəmə qərarları › İş №2(027)-156/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-156/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-156/2025 22.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2008-ci il təvəllüdlü X4 və 10 avqust 2010-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqların saxlanılması üçün hər uşağa görə 235 manat olmaqla iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 10 oktyabr 2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 14 iyul 2008-ci il tarixdə X4 və 10 avqust 2010-cu il tarixdə X3 doğulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-165/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların analarının himayəsində saxlanılmışdır. Lakin sonradan uşaqları onun yanına çıxıb gəlmiş, və hazırda uşaqlar onun yanında qalırlar. Uşaqların təlim tərbiyyəsi ilə özü məşğul olur. Özü heç yerdə işləmir, İİ qrup əlildir və əvvəl hər ay 258 manat pensiya alsa da, hazırda almır. Cavabdeh isə işləyərək hər ay 700 manat əmək haqqı alır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə uşaqlar ananın yanında saxlanılsa da, uşaqlar anasını istəmir və iki ildir ki, onunla qalırlar. İddaçı həmçinin bildirdi ki, o, Zəngilan rayonunda işləyir və ayda bir dəfə evinə gəlir. Uşaqlara onun atası və anası baxır. Uşaqların onun himayəsinə verilməsini, bundan başqa Cavabdeh evə qayıtmağını istəyir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı uşaqları ondan xəbərsiz aparmış və iki ildir ki, uşaqlar atalarının yanındadır. Bilmədiyi üçün bununla bağlı heç yerə müraciət etməmişdir. Uşaqları ataya vermək istəmir, nə də aliment ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Babayev X1 rayonunda işləyir və 2 ayda cəmi bir neçə günlük evə gəlir. Doğma anaları olmasına rağmən uşaqlar baba və nənə yanında qalırlar. Atanın işi ilə əlaqədar uzaqda yaşaması baxımından uşaqları ayda bir dəfə gördüyü üçün onların tərbiyyəsi ilə məşğul olması imkansızdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin elekron sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatında baxılaraq, iddia qismən təmin olunmuş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Quba RİHB-nın Vəl-vələ İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 0022 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulandan sonra tərəflərin birgə nikahından doğulmuş 14 iyul 2008-ci il təvəllüdlü X4 və 10 avqust 2010-cu il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində qalmaları, tərəflərin birgə nikahından doğulmuş 14 iyul 2008-ci il təvəllüdlü X4 və 10 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 160 (bir yüz altımış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi barədə 2(027)- 165/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Hazırda baxılan iddia üzrə tərəflər və iddianın əsasları Quba Rayon Məhkəməsinin 2(027)-165/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə mübahisənin subyektləri (tərəfləri), əsasları və predmeti ilə eynilik təşkil edir. Əvvəlki işdə də mübahisə məhz uşaqların üstün mənafeləri əsas tutulmaqla, tərəflərin maddi-məişət, mənəvi-əxlaqi keyfiyyətləri, uşaqların valideynlərinən kimə bağlılığı nəzərə alınmaqla həll edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddəlärinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, hazırda verilmiş iddia üzrə məhkəmə məhz hansı yeni əsasların olub-olmadığını yoxlayıb qiymət verməlidir. Məhkəmənin iclasında tərəflər dinlənilən zaman müəyyən edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə uşaqların ananın himayəsində qalması müəyyən edilsə də, həqiqətən də iki ildir ki, uşaqlar atanın yanında qalır. Bunu uşaqların özü də məhkəmə iclasında izahat verən zaman təsdiq etmişlər. Eyni zamanda müəyyən edilir ki, uşaqların atası, yəni iddiaçı Babayev X1 rayonunda işləyir və ayda cəmi bir dəfə bir neçə günlük yaşadığı evə baş çəkir. Həmin ərəfədə uşaqlar atalarının valideynləri ilə bir evdə qalırlar. Beləliklə də, ata uşaqlarını ayda bir dəfə görüb gedir. Bu faktı iddiaçı tərəf özü də məhkəmədə vermiş olduğu izahatında təsdiq edir. İddiaçı iddia tələbinin əsası kimi, uşaqların təlim tərbiyyəsi ilə şəxsən məşğul olmasını qeyd etsə də, görünür ki, qeyd olunanlar heç də həqiqətə uyğun deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, uşaqlar faktiki atasının evində qaldıqlarından, İddiaçı 2 ildir aliment öhdəliyini icra etmir və bununla da qanuni qüvvəsini almış məhkəmə qərarını icrasız edir. Bununla bağlı icra sənədi hazırda Quba Rayon İcra və Probasiya şöbəsinin icraatında hərəkətsiz qalmaqdadır. İddia tələbinin «birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması»na aid hissəsi ilə bağlı icraata da xitam veriməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən xx.xx.2024-cü il tarixli 2(102)- 624/2024 saylı məhkəmə aktında vurğulanır ki, aliment üzrə borcların müəyyən edilməsi və aliment üzrə borcları ödəməkdən azad edilməsi qaydaları və əsasları Ailə Məcəlləsinin 106 və 107-ci maddələri ilə tənzimlənir. Ailə Məcəlləsinin 106.2 və 106.3-cü maddələrinə görə aliment onu icra vərəqəsi əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, borclar məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsində deyilir ki, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol verilmir. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan, hazırki mülki işin icrratına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar