Məhkəmə qərarları › İş №2(027)-160/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-160/2025

11.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-160/2025 11.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 üçüncü şəxs, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla, Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 iddia ərizəsilə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o “AZ MİR CİTY" Məhdud Məsuliyyətli Cəmiyyətində heç vaxt əmək müqaviləsi ilə çalışmamış və elə bir qurumun olması barədə heç bir məlumatı olmamışdır. Lakin hazırda Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ona verilən müraciət vərəqəsində guya Cavabdeh MMC-də rəsmi əmək müqaviləsi ilə çalışdığı qeyd olunmuşdur. Hazırda ailəsini dolandırmaq üçün başqa işlə rəsmi qaydada məşğul olmağa başlamışdır. Lakin onu işə götürmək istəyən şirkət onun hazırda şirkətdə adının olduğunu və əmək müqaviləsinə xitam verilmədiyindən onu işə götürmürlər. Hazırda işsizdir, sistemdə adının olması ona bir sıra problemlər yaradır. Ailəsini dolandıra bilmir. İşsiz qalmağı ailəsində maddi sıxıntıların olmasına gətirib çıxarır. Bununla bağlı DSMF-nin X3 Xidmətinə müraciət etmişdi. Cavabında isə imtina edilərək məhkəməyə müraciət edilməyi tövsiyə edilmişdir. Hazırda onu heç bir yerdə işə götürmürlər. İş tapmaqda isə çətinlik çəkir. Ona görə də hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşiməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbinı müdafiə edərək, əmək haqqı göstərilməklə, iş yerinə dair arayışı təqdim etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və bildirmişdir ki, əmək müqaviləsi 2017-ci ildən xəbəri olmadan sistemə vurulmuşdur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əmək haqqı göstərilməklə, iş yerinə dair arayışdan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, ev 14 a qeydiyyatda olan X5 xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC-də müddətsiz əmək müqaviəsilə aylıq əmək haqqı 300 manat olan anbardar vəzifəsində işə başlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinin X2 ünavnalanmış 29 fevral 2024-cü il tarixli məktubundan qeyd olunur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməlisiniz. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada tərəfinizdən rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsi bildirişinin qüvvədən salınması X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “müraciət vərəqəsi”nin surətindən göründüyü kimi, X4 ilə AZ MİR CİTY” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müraciət olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsindən təqdim olunmuş məlumata əsasən, Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2017-ci il tarixində rəhbəri X6 (xx.xx.1981-ci il təvəllüdlü, Ş/v AZE AA1442074, Fin: 1MAYL7G) olmaqla elektron qaydada dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. İddiaçı iddiasını heç vaxt Cavabdeh MMC-də rəsmi əmək müqaviləsi ilə çalışmadığını, belə bir MMC-nin varlığından belə xəbəri olmadığını, hal hazırda başqa bir şirkətdə iş tapdığını, lakin, onun şirkətdə adının Cavabdeh MMC-də işçi kimi qeydiyyatda olduğunu və əmək müqaviləsinə xitam verilmədiyindən rəsmi işə düzələ bilməməsiylə əsaslandırır və əmək müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı X4 Cavabdeh MMC arasında hər hansı əmək müqaviləsi bağlanmamış, lakin anbardar vəzifəsinə işə düzəlməsilə bağlı əmək müqaviləsi bildirişi “Elektron hökumət” portalında gücləndirilmiş elektron imza ilə qeydə alınmışdır. Belə ki, X5 xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC-də müddətsiz əmək müqavliəsi bağladığı qeyd olunsa da, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölkə ərazisini tərk etmiş, daha sonra qayıtsa da, az müddət sonra dəfələrlə ölkə ərazisini tərk edib yenidən qayıtmaqla əmək funksiyasının icrası mümkünsüz olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X4 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi bildirişi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X5 ilə əmək müqaviləsi bağlanması barədə Cavabdeh MMC tərəfindən “Elektron hökumət” portalında qeydə alınmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar