Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1640/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı valideyinin əlavə xərclərə cəlb olunması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X7 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn 18 fevral 2019-cu il təvəllüdlü X5 müalicə olunması üçün cavabdehdən hər ay 50 manat əlavə xərc tutularaq ona ödənilməsi, Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn 18 fevral 2019-cu il təvəllüdlü X5 3 yaşı tamam olana qədər keçmiş ərindən (cavabdehdən) 100 manat tutularaq ona aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icalsında iddiaçı X7 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 iyul 2018-ci il tarixdə birgə nigaha daxil olmuşlar. Birgə nikahlarından 18 fevral 2019-cu il tarixində qızları X9 dünyaya gəlmişdir. Quba rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(027)-384/2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Belə ki, Sabit ona qarşı kobudluq edərək evdə səbəbsiz söz söhbətlər yaradırdı. Bu da aralarında münaqişəyə gətirib çıxarırdı. Evə baxmırdı, onun və övladının maddi təminatı ilə maraqlanmırdı. Belə ki, cavabdeh onu 01 avqust 2020-ci il tarixdə valideynlərinin evinə aparmış, səhərisi gün ona yazaraq bildirmişdir ki, onunla bir ailədə yaşamaq istəmir. Həmin vaxtdan valideynlərinin evində yaşayır. Cavabdeh qızına heç bir maddi yardım göstərmir və dolanışığı ilə maraqlanmır. Cavabdeh Quba rayonu Kəlnov kənd orta məktəbində müəllim vəzifəsində çalışır. Bundan başqa bütün kənd camaatı kimi təsərrüfatla məşğuldur. Həyətində mal qarası vardır. Bütün bunlardan da gəlir əldə edir. Buna baxmayaraq o öz gəlirlərini məhkəmədən gizlətməklə, uşağının xəstə olmadığını bildirməklə məhkəməni aldadır. Hətta sorğu ilə uşağın ürək qüsurlu olduğu üçün dispanser qeydiyyatda olması barədə arayış məhkəmədə elan edildikdən sonra da məhkəməyə yalan danışmağa davam edirdi. Onunla nikahda olan zaman Sabit evli iki uşaq anası bir xanımla münasibət quraraq onun da ailəsini dağıtmışdır. Ailəsi onun yüngül həyat tərzi keçirdiyinə görə dağılmışdır. O, hamilə olanda onun bu hərəkətlərinə dözə bilmirdi. Böyük psixoloji stres və sarsıntı vəziyətində keçirdiyi hamiləlik övladının ürək qüsurlu doğulmasına səbəb oldu. Hətta uşağının xəstə doğulması da Sabitdə mərhəmət hissini oyatmadı. O gecə yarısı evə gəlməyini, yaxud da heç evə gəlməməyini tərgitmədi. Cavabdeh onu yola vermədiyi üçün 01.08.2020-ci il tarixdə qonaq getmək adı ilə atası evinə aparmış, səhərisi gün ona gəlib bütün əmlakını aparmasını, onunla bir ailədə yaşamaq istəmədiyini yazmışdır. Həmin vaxtdan o, valideynlərinin yanında yaşayır. 19.03.2021-ci il tarixli 2(027)-384/2021 saylı Quba rayon məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh 10.12.2020-ci il tarixdən etibarən hər ay 170 manat sabit pul məbləğində aliment, uşağın müalicə olunması üçün 6 ay müddətində əlavə xərc olaraq 50 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bu günə qədər, Sabit ona alimentin az miqdarını ödəmişdir. Ürək qüsurlu övladının bütün müalicəsini və xərclərini valideynləri çəkir. Onun valideynləri Qubada “Qul bazarı” adlanan Paşaoba kəndinə fəhləlik üçün işləməyə gedir. Gündə 10-15 manat müqabilində işləyərək evə çörək pulu gətirirlər. Onu da balaca qız nəvələrinin müalicəsinə xərcləyirlər. Maddi vəziyyətləri hədsiz dərəcədə ağır olduğundan uşağının maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyillər. Lakin müqəddəs müəllim adına layiq olmayan Cavabdeh aliment ödəmək öhdəliyindən yayınmaq üçün müxtəlif yollara əl atır. X1 xəstəliyi davam edir. Bununla bağlı 01.06.2021-ci il tarixli Respublika Uşaq Klinik xəstəxanasının stasionar xəstənin tibbi vərəqəsindən 603 saylı çıxarışdan göründüyü kimi, Mazədə Anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, son vaxtlar şikayətləri artdığı üçün RUKX-ya göndərilib. Xəstəliyi davam edir və mütəmadi müalicə alır. (Çıxarış əlavə edilir.) Qeyd edir ki, o, uşağa qulluq etdiyim üçün heç bir yerdə işləyə bilmir. Ona görə də hesab edir ki, Sabit ona uşaq 3 yaşına çatanadək aliment, Mazədə sağalanadək əlavə xərc ödəməlidir. Atanın övladının saxlanılması və müalicəsi üçün aliment ödəməkdən yayınması Azərbaycan xalqının mülli dəyərlərinə ziddir. İddiasının təmin olunmasını xahiş edir. 16 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək və məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ərizədə uşağın ürək qüsuru olduğundan müalicəsi və ona baxılması üçün hər ay sabit pul məbləğində 50 manat müalicə xərci kimi pul vəsaitinin ondan tutulmasım xahiş etmişdir. İddiaçının bu tələbi tam əsassızdır və heç bir məntiqə də uyğun deyil. Göründüyü kimi, uşağa əlavə xərclərin ödənilməsi üçün Qanunda konkret əsaslar göstərilmişdir. Ondan alimentdən əlavə uşağa 50 manat pulun tələb edilməsi üçün heç bir əsas yoxdur. Uşağının ağır xəstəliyi yoxdur, şikəst deyil və onun hər hansı bir kənar xidmətə ehtiyacı yoxdur. Uşaq doğulanda onun ürəyində qeyri-ciddi qüsuru olub, ancaq bu qüsur əhəmiyyətsiz olduğuna görə onun normal həyatına təsir etmir, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Əgər övladımın ciddi xroniki bir xəstəliyi, sağlamlığında hər hansı ciddi bir problem olsaydı, dövlət tərəfindən ona müavinət ödənilməsi təmin olunardı. Quba rayon məhkəməsinin 19 mart 2021-ci il il tarixli, 2(027)-384/2021 saylı qətnaməsi ilə onun İddiaçı ilə 04 iyul 2018-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, övladı X5 anası İddiaçı himayəsinə verilməsi, hər ay ondan 170 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, eləcə də qızı Mazədə Babayevanın müalicə olunması üçün 6 ay müddətində əlavə xərc olaraq 50 manat pul vəsaitinin ondan tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağın 3 yaşı tamam olana qədər aliment kimi hər ay ondan 100 manat alınaraq ona ödənilməsini tələb edir. Bu tələbinin onunla əsaslandırır ki, uşaq ürək qüsurludur, ona görə də uşağa baxmağa ehtiyac var. Qanunun tələbinə görə keçmiş arvada aliment ödənilməsi üçün keçmiş ərin buna zəruri vəsaiti olmalıdır. Ancaq onun nəinki keçmiş arvada aliment ödəməyə, heç özünün də gündəlik zəruri xərclərini ödəməyə vəsaiti yoxdur. Belə ki, qeyd edildiyi kimi, onun əmək haqqıından başqa, qazancı və gəliri yoxdur. İddiaçının ərizəsində, güya onun kənddə təsərrüfatla məşğul olması barədə qeyd etdikləri həqiqətə uyğun deyildir. Təsərrüfat aparmır, heç buna vaxtı da yoxdur, səhər iş yerinə - məktəbə gedib, axşam evə qayıdır, bundan əlavə məktəb rəhbərliyinin tapşırığı ilə müxtəlif tədbirlərdə iştirak edir. Özü Kələnov kənd tam orta məktəbində idman müəllimi işləyir və aylıq əmək haqqı 340 manat təşkil edir. Quba rayon məhkəməsinin 19 mart 2021-ci il il tarixli, 2(027)-384/2021 saylı qətnaməsinə əsasən hər ay əmək haqqıından 220 manat tutulub İddiaçı göndərilir. Bundan əlavə, 2019-cu ildə "xxxx" ASC-nin Quba filialından götürdüyü və bir hissəsini Lamiyənin xərclərinə, gəzintilərinə verdiyi kreditə görə bankın cədvəlinə əsasən hər ay 256 manat banka ödəyir. Daha doğrusu həmin məbləği tam ödəyə bilmir və borc toplanılır. İddiaçı valideynləri və qardaşı ilə birlikdə yaşayır, məhkəmə qətnaməsinə əsasən hər ay ondan 220 manat pul alır. Özü atası və anası ilə birlikdə yaşayır, atasının 67, anasının isə 62 yaşı vardır. İkisinin də əmək qabiliyyəti yoxdur, atası pensiya, anası isə evdar qadın kimi dövlətdən müavinət alır. Valideynləri müxtəlif xəstəliklərdən əziyyət çəkirlər, onların mütəmadi olaraq tibbi müayinəyə və müalicəyə ehtiyacları vardır. Onlar onun himayəmdə olsalar da, maddi cəhətdən onlara baxa bilmir. Odur ki, iddiaçının uşağın müalicəsi və ona baxılması üçün hər ay sabit pul məbləğində 50 manat pul vəsaitinin və uşağın 3 yaşı tamam olana qədər aliment kimi hər ay 100 manat pulun ondan alınaraq ona ödənilməsi barədə tələbləri tam əsassızdır və buna qəti etiraz edir. İddiaçı ona qarşı “Uşağın müalicəsi və ona baxılması üçün hər ay sabit pul məbləğində 50 manat pul vəsaitinin və uşağın 3 yaşı tamam olana qədər aliment kimi hər ay 100 manat pulun ondan alınaraq ona ödənilməsi barədə» iddia tələbləri tam əsassız olduqlarına görə təmin edilməməsini xahiş edir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin (bundan sora Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İV seriyalı, 369324 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 18.02.2019-cu il tarixdə Babayeva Mazədə Sabit qızı anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(027)-384/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 10.12.2020-ci il tarixdən başalayaraq, 18 fevral 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı veriməsi, 18 fevral 2019-cu il təvəllüdlü X5 müalicə olunması üçün altı ay müddətində əlavə xərc olaraq hər ay 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Respublika Uşaq Klinik Xəstəxanası publik hüquqi şəxs Stasionar xəstənin tibbi vərəqəsindən 603№li Çıxarışdan görünür ki, 18.02.2019-cu il təvəllüdlü X9 ürək qüsurludur. İş materiallarında olan Quba rayon Zərqova İƏD üzrə nümayənədiliyinin 04.08.2021-ci il tarixıi, 256 saylı arayışından görünür ki, Cavabdeh nümayəndəliyin Kələnov kənd sakini olub, halhaızrda həmin kənddə yaşamaqla, atası X3 və anası X4 ibarət ailə tərkini vardır. İş materiallarında olan Quba rayon Zərqova İƏD üzrə nümayənədiliyinin 05.08.2021-ci il tarixli, 257 saylı arayışından görünür ki, Cavabdeh Zərqova kənd İƏD üzrə nümayəndəliyinin ərazisində onun hesabında təsərrüfatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 29.07.2021-ci il tarixli 330 saylı arayışından görünür ki, Babayev X8 tam orta məktəbində 2014-cü il tarixdən müddətsiz müqavilə ilə işləyir və aylıq əmək haqqı məbləği 401 manat 11 qəpik manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin dinqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanun normalarının tələbinə əsasən iddiaçının azyaşlı Mazədə Babayevanın müayinə və müalicəsinə sərf etmiş olduğu vəsait onun saxlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əlavə xərclər hesab edilir ki, məhkəmə Mazədə Babayevanın müalicəsi ilə bağlı faktiki çəkilmiş əlavə xərclərə digər valideyni olan cavabdehi cəlb edə bilər. Həmin xərclərin hansı məbləğdə olmasını sübut etmə vəzifəsi isə iddiaçı Lamiyyə Babayevanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. BMT-nin Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən «uşaq qanunla və digər vasitələrlə sosial müdafə ilə təmin olunmalı, onun fiziki, əqli mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir». Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olnumalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 18 fevral 2019-cu il təvəllüdlü X5 müalicə olunması üçün 6 (altı) ay müddətinə əlavə xərc olaraq hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməsi, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 fevral 2019-cu il təvəllüdlü X5 müalicə olunması üçün 6 (altı) ay müddətinə əlavə xərc olaraq hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti və X5 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh 18 fevral 2019-cu il təvəllüdlü X5 müalicə olunması üçün 6 (altı) ay müddətinə əlavə xərc olaraq hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti və X5 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1640/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1640/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver