Məhkəmə qərarları › İş №2(027)-1642/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1642/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1642/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2na JN:158 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu Digah kəndi ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Digah kəndi olması və həmin mirasın X5 ölümündən sonra o, Ərizəçi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayonu Digah kəndi ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:158 Kod 30307038 saylı Dövlət Aktına əsasən mərhum X2na məxsus olmaqla ondan miras qalmışdır. X1 və Ömərova (Şadiyeva) Nərminə Mütəllim qızı 1978-ci ildə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxx 1979-cu il tarixdə bacısı Maraqlı şəxs1 və xx xxxxxx 1981-ci il tarixdə özü-Ərizəçi doğulmuşdur. X1 və Ömərova (Şadiyeva) Nərminə Mütəllim qızının nikahları 06 dekabr 1990-ci il tarixdə pozulmuşdur. X2 16 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra onun vərəsələri özü-Ərizəçi və bacısı Maraqlı şəxs1 qalsalar da, atasından miras qalmış 0,47 ha torpaq sahəsi olan miras əmlakını faktiki özü istifadə və idarə etməklə qəbul etmişdir. Bacısı Maraqlı şəxs1 miras qalmış torpaq sahəsini nə faktiki idarə etməklə, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Atasının ölümündən sonra ondan miras qalmış 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə torpaq vergisini hər il özü ödəmiş və miras qalmış torpaq sahəsini o əkib-becərir. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə atasından miras qalmış əmlak olan Quba rayonu Digah kəndində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki idarə etməklə mirası o qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Asan xidmət mərkəzində notariat kontoruna müraciət etmişdir. Quba regional Asan xidmət mərkəzində notariat ofisinin 18 iyun 2021-ci il tarixli, 1819 saylı məktubu ilə mirasın qəbulu müddətindən uzun müddət ötdüyü üçün ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs1 ərizəni qəbul edərək, mərhum X2nun ölümündən sonra ondan miras əmlaka Ərizəçi mülkiyyət hüququnun müəyyən olunmasına etirazının olmadığını və həmin mirası faktiki olaraq Ərizəçi qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Quba regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan JN-158 seriyalı, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X11 görünür ki, X5 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,47 hektar torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 21.06.2021-ci il tarixli, 441 saylı arayışından görünür ki, X7 Quba rayonunun Digah kəndində yaşamış və 16.11.1999-cu ildə vəfat etmiş, vəfat etdikdən sonra Ərizəçi və Maraqlı şəxs1 qalmışlar. Mülki işin materiallarında olan 13 dekabr 1999-cu il tarixdə verilmiş AZ seriyalı 009707 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 16.11.1999-cu il tarixdə vəfat etmişdir. X5 vəfat etdiyi vaxt-16.11.1999-cu il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixli) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Yenə də həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişətin predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin tələbinə əsasən mübahisə predmeti olan Quba rayonu Digah kəndi ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi o halda miras kütləsinə daxil ola bilərdi ki, həmin əmlak ərizəçinin X2 vəfat edənədək onun əmlakı olsun və daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış olsun. Lakin iş materiallarından görünür ki, iddiaçı Ərizəçi X2 16 noyabr 1999-cu il vəfat etmiş, mübahisə predmetini təşkil edən Quba rayonu Digah kəndi ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onun adına dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda Quba rayonu Digah kəndi ərazisində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi heç cür X5 miras kütləsinə daxil ola bilməzdi. Ona görə də qanunun tələbinə əsasən həmin torpaq sahəsinə X5 vərəsəsi olan Ərizəçi vərəsəlik üzrə hər hansı hüququ yaranmır. Ərizəçi mübahisəli torpaq sahəsinin X2na məxsus olması, xüsusi mülkiyyətində olan əmlak kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, ondan miras qalması və həmin torpaq sahəsini faktiki istifadə və idarə etməklə qəbul etməsi, atasının ölümündən sonra ondan qalmış mübahisəli torpaq sahəsinə dair torpaq vergisini ödəməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar