Məhkəmə qərarları › İş №2(027)-1661/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1661/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1661/2025 06.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Quba rayonu, Rustov kəndində yerləşən gəlin köçdüyü yaşayış evinə onun və azyaşlı övladı X1 istifadə hüququnun müəyyən edilərək, həmin evə köçürülməyi, eləcə də, 60 manat mediasiyaya dair xərc və 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Minac Qədir oğlu ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış və akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulması, həmin nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 anası - Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızının yanında qalması, Cavabdeh1 xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızına ödənilməsi qət edilmişdir. Cavabdehdən ayrıldıqdan sonra məcbur qalıb azyaşlı övladı ilə valideynlərinin evində yaşayır. Lakin valideynlərinin evi olduqca darısqaldır. O və övladından başqa 7 nəfər valideylərinə məxsus evdə yaşayırlar. Qardaşı ailəlidir, o da həyat yoldaşı və iki övladı ilə valideynlərinə məxsus evdə yaşayır. Özü heç bir yerdə işləmir, maddi imkanı aşağıdır, kirayədə yaşamağa maddi imkanı çatmır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək, mübahisə predmeti olan evin ona babasından vəsiyyət üzrə keçdiyini, birgə nigah dövründə əldə edilmədiyini, iddiaçının həmin evə dair heç bir hüququ olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 eyni məzmunlu ifadə verərək iddianı qəbul etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: - İş materiallarına əlavə edilmiş nigahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı arasındakı nigah xx.xx.2024-cü il tarixdə xitam verilmiş, akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli, 0126 nömrə ilə qeyd edilmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2(027)-1153/2024-cü il tarixli Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış və akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. - İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən İddiaçı Quba rayonunun Rustov kəndində daimi qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. - İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli notarial təsdiq olunmuş vəsiyyətnaməyə əsasən X4 özünə məxsus həyətyani sahəsini və evini öz nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan SSR tərəfindən verilmiş xx.xx.1989-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 Quba rayonu Rustov sovetliyinin Dəhnə kəndində yaşayış sahəsi verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçı və Cavabdeh1 birgə nigahından öncə əldə edilmiş, cavabdehin babasının mülkiyyətində olmuş, birgə nigahdan öncə yəni 2004-cü il tarixdə vəsiyyətnamə ilə cavabdehə verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının; 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıb ya yox?; 2) şəxs yaşadığı yerdən məhrum edilib ya yox?; 3) məhrum edilmə qanunidirmi? Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Azərbayca Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən -Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında münasibətlər 2001-ci il tarixdən sonra yarandığı üçün Mulki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməlidir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. İddiaçı Quba rayonu Rustov kəndində gəlin köçdüyü fərdi yaşayış evinə özünün və övladının köçürülməsini tələb etsədə, həmin evə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi evə dair cavabdehlər tərəfindən iş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, hazırki mübahisə predmeti olan ev cavabdehə babasından miras qalmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının mübahisəli evə dair gözlənti hüququ da yoxdur. Belə ki, həmin fərdi yaşayış evi birgə nigahdan yəni 2014–cü il tarixdən öncə əldə edilmiş və vəsiyyətnamə tərtib edilmşdir. Məhkəmə qeyd edir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında İddiaçı mübahisəli fərdi yaşayış dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar (müqavilə və s.) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Həmçinin iddiaçının övladının köçürülməsi ilə bağlı qeyd etmək lazımdır ki, tələb bu hissədə təmin edilə bilməz, belə ki, xx.xx.2024-cü il tarixli, 2(027)-1153/2024 saylı Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflərin birgə nigahından olan xx.xx.2015-ci il təvəllüdlü X2 anası - Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızının yanında qalması müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evinə köçürülməyə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi rədd edildiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da İddiaçı özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özünün və övladının Quba rayonu Rustov kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar