Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1683/2021 20.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X3 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, məyyən etdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 Komissiyasının nəticələri barədə 07 iyul 2021-ci il tarixli ona aid rəyinin ləğv olunması; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işə götürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, 1988-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 07.01.2013-cü ildən həmin İnstitutda “Subtropik və qərzəkli meyvə bitkiləri” şöbəsinin müdiri, 13.01.2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “meyvə bitkilərinin becərmə texnologiyası şöbəsi”nin böyük elmi işçisi vəzifəsində çalışır. İşəgötürən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmri ilə, onunla həmin İnstitut arasındakı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb olaraq onun keçirilmiş attestasiyadan keçməmiş hesab edilməsidir. Attestasiya Komissiyasının ona aid rəyi əsassızdır və ləğv olunmalıdır. Belə ki, attestasiya qeyri-obyektiv keçirilmişdir. Belə ki, onun suallara verdiyi cavabları attestasiya vərəqəsində yazılmayıb. Attestasiya vərəqində rəy və təkliflərini bildirmək üçün imkan yaradılmayıb. Həmin vərəqə tanış olmaq üçün ona təqdim edilməyib. Rəy düzgün verilməmişdir. İşdən çıxarılmağı barədə əmrin surətini 10 iyul 2021-ci il tarixində almışdır. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmri ilə razılaşmır. Hesab edir ki, həmin əmr əsasız və qanunsuzdur. Əvvəla o, işdən çıxmağı barədə əmr verilərkən o, müalicədə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəsi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Onun işdən çıxarılmasının əsas səbəbi cavabdeh təşkilatın direktorunun ona qarşı qərəzli mövqeyi və qeyri-əxlaqi münasibəti olmuşdur. Belə ki, dəfələrlə onu işdən çıxmağa səy göstərmiş, lakin həmkarlar ittifaqının müdaxiləsi sayəsində işində qalmışdır. Bundan sonra da institut rəhbərinin ona qarşı münasibəti dəyişməmiş, onu vəzifələrindən aşağı salmış və sonda işdən çıxarılmağına nail olmuşdur. Barəsində saxta sübutlar əldə etmək üçün dəfələrlə səylər göstərmişdir. Halbuki, işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Həmin şəxs kollektiv arasında, tabe olduğu yuxarı qurumlarda onun şərəf və ləyaqətini alçaldan ifadələr söyləmişdir. İşdən kənarlaşdırıldığı müddət ərzində cavabdehin təqsirindən işsiz qalmışdır. Hesab edir ki, bu müddət üçün də onun orta əmək haqqı ödənilməlidir. O, ailə başçısını itirmiş, tək anadır, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliynin Meyvəçilik və Çayçılıq Elmi–Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmri qanunsuzdur. Odur ki, iddia tələbinin təmin edilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 Komissiyasının nəticələri barədə 07 iyun 2021-ci il tarixli ona aid rəyinin ləğv olunması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işə götürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı Zakir qızının işdən çıxarılması attestasiya komissiyasının nəticələri ilə əlaqədar olmuşdur. İddiaçı attestasiya sənədlərini attestasiya komissiyası tərəfindən tam doldurulmadan götürüb, çəkilişin görüntüləri və stenoqram yoxdur. Stenoqram elmi katib tərəfindən tərtib olunub. İddiaçı bülletenə qərardan yayınmaq məqsədi ilə çıxmışdır. Keçirilmiş attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddianı əsassız hesab edərək rədd olunmasını xahiş edir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun digər nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı attestasiya barədə xəbərdar olunmuş, attestasiyanın keçirilməsi barədə əmr tək Həzrə üçün deyil, digər işçilər üçün də olub. İddiaçı işdən azad olunması barədə 02 iyul 2021-ci il tarixli əmr yoxdur, 12 iyul 2021ci il tarixdə Həzrəyə münasibətdə əmr dəyişdirilib. İddiaçının iddiasını əsassız hesab edərək rədd olunmasını xahiş edir. Mülki işin materiallarında olan əmək kitabçasından görünür ki, İddiaçı 2001-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Mülki işin materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqindən görünür ki, İddiaçı 29.06.2021-ci il tarixdən 01 iyul tarixədək, 02.07.2021-ci il tarixdən 04 iyul tarixədək, 05.07.2021-ci il tarixdən 10 iyul tarixədək bületendə olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 26 fevral 2021-ci il tarixli 3 №li əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 №li “Azərbaycan Respublikası işçilərinin attestasiyasının keçirilməsi qaydaları” haqqında qərarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2013-cü il tarixli, 181 №li “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları” haqqında qərarına əsasən attestasiya komissiyası yaradılmış, komissiyaya 5 iyul 2021-ci il tarixə kimi şöbə və laboratoriya müdirlərinin, elmi, texniki və digər işçilərin attestasiyasını keçirərək, nəticələri barədə müvafiq sənədləri rəhbərliyə təqdim etməsi tapşırılmışdır. Mülki işin materiallarında olan AR KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilmiş attestasiyanın nəticələri barədə rəydən görünür ki, 07,08,16, 17 iyun və 01 iyul 2021-ci il tarixlərində elmi və elmi-texniki işçilərin attestasiyası keçirilmişdir. Attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 02 iyul 2021-ci il tarixli, 20 №-li Əmrindən görünür ki, keçirilmiş attestasiyasının nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 12 iyul 2021-ci il tarixli, 22 №-li Əmrindən görünür ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmrin 3-cü bəndinə dəyişiklik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12 iyul 2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə, hesab edir ki, iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 Komissiyasının nəticələri barədə 07 iyun 2021-ci il tarixli ona aid rəyinin ləğv olunması və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi” hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarının 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Mülki işin materiallarında olan 07.06.2021-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin “attestasiya komissiyası üzvlərinin rəy və təklifləri” bəndində qeyd olunur ki, İddiaçı institutun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. Elmi hesabatın tərtibində və tədqiqat işlərinin yerinə yetirilməsində kobud elmi səhvlərə yol verir. Qanun normalarının tələbinə əsasən attestasiya olunan işçinin o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmçinin, iş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında İddiaçı attestasiya olunması barədə çəkilişin cavablarının və stenoqramın olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı attestasiya olunması zamanı pozuntulara yol verilmiş, institutun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması və elmi hesabatın tərtibində və tədqiqat işlərinin yerinə yetirilməsində kobud elmi səhvlərə yol verməsi əsaslarına görə İddiaçı tutduğu vəzifəyə uyğun olmaması nəticəsinə gəlinmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işə götürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 12 iyul 2021-ci il tarixli, 22 №-li Əmri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmrin 3-cü bəndinə dəyişiklik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12 iyul 2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, məhkəmə iddiaçını və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 07.06.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilməli, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilməli, İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 07.06.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilsin. Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilsin. İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1683/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1683/2021
20.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver