Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1684/2021 20.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 Komissiyasının nəticələri barədə 08.06.2021-ci il tarixli ona aid rəyinin ləğv olunması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnatitutu tərəfindən verilmiş, onunla həmin işə götürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02.07.2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02.07.2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 2019-cu ildən Ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. İşəgötürən - Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli 20 saylı əmri ilə onunla həmin İnstitut arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb onun attestasiyadan keçməmiş hesab edilməyi olmuşdur. İşdən çıxarılmağı barədə əmrin surətini 10 iyul 2021ci il tarixində rəsmi surətdə almışdır. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmri ilə razılaşmır. Həmin əmr əsassız və qanunsuzdur. Əvvəla işdən çıxmağı barədə əmr verilərkən o, müalicədə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəsi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin maddənin tələbinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə yalnız normativ hüquqi aktların maddələri sadalanır, qanunvericilikdə nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmır. Əslində onun işdən çıxarılmağının səbəbi cavabdeh təşkilatın direktorunun qərəzli mövqeyi olmuşdur. Həmin şəxs bu vəzifəyə təyin olunan vaxtdan onu işdən çıxaracağını bildirmiş, həmişə bunun üçün saxta əsaslar hazırlamışdır. Daim kollektiv arasında, tabe olduqları yuxarı qurumlarda onun şərəf və ləyaqətini alçaldan ifadələr söyləmişdir. İşdən kənarlaşdırıldığı müddət ərzində işsiz qalmış, bu müddət üçün də onun orta əmək haqqı ödənilməlidir. O, tək qadındır və kirayədə yaşayır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli 20 saylı əmri qanunsuz və əsassızdır. Bununla əlaqədar, pozulmuş əmək hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, 2014-cü ildən İlham Qaraqurbanlının direktor təyin edildiyini, həmin institutda elmi işçi vəzifəsində işlədiyini, 2 məqalə dərc etdiyini, pandemiya zamanı X5 qramot verdiyini, direktorun onu qərəzli şəkildə işdən azad etdiyini, onun gilasın oğurlanması barədə böhtana uğramasını, xəsətlik məzuniyyəti ərəfəsində həqiqətən xəstə olduğunu, ona attestasiya qərarının verilmədiyini, attestasiya keçirilən zaman qanun üzrə müdirin həmin attestasiyada iştirak etməməli olduğunu, attestasiya nəticələri ilə razı olmadığını qeyd edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyək, iddiaçıya institut tərəfindən başqa iş təklif olunduğunu, həmin zaman keçirilmiş iclasa gəlmədiyini, bununla bağlı akt tərtib edildiyini, iddiaçının xəbərdarlıq və şiddətli töhmət aldığını, attestasiya ilə bağlı stenefoqramın məhkəməyə təqdim edildiyini qeyd edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan TVT 094614 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 27.03.1991-ci il tarixdə “meyvə, tərəvəzçilik və üzümçülük” ixtisasını alim aqronom dərəcəsi üzrə S.Ağamalı oğlu adına “şərəf nişan ordenli” Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 saylı əmrindən görünür ki, keçirilmiş attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı 30.06.2021-ci il tarixdən 11.07.2021-ci il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba regional ərazi şöbəsinin 30.07.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin 09.07.1991 -ci il tarixli 89 nömrəli əmri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 02.07.2021-ci il tarixdə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun 20 nömrəli əmri ilə attestasiya komissiyasının nəticələrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbi pozularaq, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onun əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi üçün müəssisəyə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan X21 İnstitunun sertifikatından görünür ki, İddiaçı 17.09.2008ci il tarixdən – 29.09.2008-ci il tarixədək “məhsul yığımından sonrakı texnologiya əməkdaşlığı” proqramını uğurla başa vurduğu üçün sertifikatla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun 161T-07 saylı, 18.01.2016-ci il tarixli vəsiqəsindən görünür ki, Azərbaycan ET Bağçılıq və X9 dissertantı Dadaşova (Şirinova) Qızılgül Sabir qızı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitunda “İnformatika” fənni üzrə doktorluq imtahanından 3 (kafi) qiymət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi X3 25.12.2014-cü il tarixli, 05 nömrəli vəsiqəsindən görünür ki, Dadaşova (Şirinova) Qızılgül Sabir qızı bitkiçilik fənni üzrə yaxşı qiymət almışdır. İş materiallarında olan fəxri fərmanın surətindən görünür ki, nümunəvi əmək intizamı və tutduğu vəzifəni ləyaqətlə icra etdiyinə görə Azərbaycan ETB və SBİ-nin Aqrokimya və kütləvi analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı verilmişdir. İş materiallarında olan Aqrar Elm və X11 İttifaqı Komitəsinin fəxri fərmanından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi analitik analizlər laboratiyasının böyük elmi işçisi İddiaçı nümunəvi əmək fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilmiş attestasiyanın nəticələri barədə rəydən görünür ki, attestasiyanın nəticələrinə əsaslanaraq İddiaçı attestasiyadan keçməmiş hesab edilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixdə MÇETİ-da keçirilmiş attestasiyanın stenoqramından görünür ki, attestasiya komissiyanın üzvləri İddiaçı illik hesabtların tərtibatında bir sıra nöqsanlara yol verdiyini, monitorinq komissiyasına torpağın aqrofiziki xassələrinin təyini üsullarını izah edə bilməməsini, daxili nizam-intizam qaydalarını dəfələrlə pozduğuna görə barəsində inzibati cəza tədbirləri görüldüyünü nəzərə alaraq, onun elmi işçi vəzifəsinə layiq olmadığı qənaətinə gəlmişlər. Attestasiya Komissiyasının sədri tərəfindən İddiaçı tutduğu vəzifəyə uyğun deyil təkilifi səsverməyə qoyulmuş, səsvermə nəticəsində bu qərarın lehinə 8, əlehinə 1 səs verilmişdir. Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. İş materiallarında olan 08.09.2020-ci il tarixli, 36 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası KTN AEİM-nin Monitorinq komissiyası üzvləri tərəfindən illik hesabatlarında bir sıra çatışmamazlıqlar aşkarlandığına, heç bir dispersiya analizləri aparmadığına, eləcə də, torpağın bir sıra aqrofiziki xassələrinin təyini üsullarını komissiya üzvlərinə izah edə bilmədiyinə və bu parametrlər üzrə heç bir anlayışı olmadığına görə Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı sonuncu xəbərdarlıq şiddətli töhmət verilmişdir. İş materiallarında olan 24.01.2020-ci il tarixli, 02 saylı əmrin surətindən görünür ki, sistematik olaraq əmək intizamını pozduqlarına görə İddiaçı və digər işçilərə xəbərdarlıq edilmiş, bir daha belə hallara yol verilərsə onlar haqqında daha ciddi inzibati cəza tədbiri görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13.07.2021-ci il tarixli aktın surətindən görünür ki, Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi İddiaçı əmək kitabçasını və İnsitutun 12.07.2021-ci il tarixli, 22 nömrəli əmrinin surətini götürməkdən imtina etmişlər. İş materiallarında olan 12.07.2021-ci il tarixli, 20 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən X15 və Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12.07.2021-ci il tarixdən tutduqları vəzifədən azad edilmişlər. İş materiallarında olan 13.07.2021-ci il tarixli aktdan görünür ki, 13.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 keçməyən əməkdaşlarından İddiaçı və X13 rəhbərliyi tərəfindən irəli sürülən iş təklifi etmək üçün təkrar iclasa dəvət olunmalarına baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişlər. Elm haqqında 14 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunun 25.3- 25.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndində əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində əsasə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-6-cı bəndinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 01.09.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda ümumi analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 02.07.2021-ci il tarixdə isə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun 20 nömrəli əmri ilə attestasiya komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmişdir. X17 Xidməti tərəfindən bu məsələ ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi tövsiyə olunmuşdur. Buna əsasən İnstitutun direktorunun 12.07.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi 02.07.2021-ci il tarixli, 20 nömrəli əmr verilərkən işçi əmək qabiliyyətini müvəqqəti itirmiş və işdə olmamışdır. İddiaçı məhz qeyd olunan əmrin ləğv edilməsini məhkəmədən xahiş etmiş, 12.07.2021-ci il tarixli əmrdən isə məlumatının olmadığını bildirmişdir. Həmçinin Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun keçirdiyi attestasiyada İnstitutun direktoru tərəfindən İddiaçı bir sıra suallar verilmiş, onun işində intizamsızlığa yol verdiyi bildirilmiş və sonda tutduğu vəzifəyə uyğun gəlməməsi barədə qərara gəlinmişdir. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır (1.2.). Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir (2.1.). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir (2.4.). Göründüyü kimi attestasiya keçirilərkən 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərə məlumat verilməli, onun keçirilməsinin məqsəd, vəzifə və metodları izah edilməli olduğu halda bu barədə iddiaçıya məlumat verilməmişdir. Həmçinin işçinin intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməz hal olmasına baxmayaraq, stenoqramından göründüyü kimi, onun peşəkarlığı daxili nizam-intizam qaydalarına riayət etməməsi ilə dəyərləndirilmişdir. Eyni zamanda, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməməsinə baxmayaraq, İnstitutun direktoru qanuna zidd olaraq komissiyasının üzvü kimi çıxış etmiş və işçiyə yönəldici suallar vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun keçirdiyi attestasiyanın nəticələri İddiaçı münasibətdə əsassız hesab olunaraq ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02.07.2021-ci il tarixli əmrin ləğv edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, qeyd olunan əmrə işəgötürən tərəfindən dəyişiklik edilərək, iddiaçının işdən azad edilməsi barədə yeni əmr verilmiş və həmin əmrdə iddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məhz 02.07.2021-ci il tarixli əmri mübahisələndirdiyindən və həmin əmrin mübahisələndirilən hissəsi isə hazırda qüvvədə olmadığından onun məhkəmə tərəfindən ləğv edilməsinə zərurət yoxdur. Lakin işçi 02.07.2021-ci il tarixdən məcburi işi buraxdığı üçün ona həmin müddət hesablanaraq orta aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun 08.06.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməsin. Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1684/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1684/2021
20.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver