Məhkəmə qərarları › İş №2(027)-1691/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1691/2024

13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1691/2024 13.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək, mərhum anası Vəkilova Sinəgül Seyfulla qızına JN-072F KOD 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu, Uzunmeşə kəndi ərazisində yerləşən 20 ha həyətyanı torpaq sahəsi üzrə mirasın onun ölümündən sonra yeganə vərəsəsi Ərizəçi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Uzunmeşə kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi JN-072F Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən mərhum anası Vəkilova Sinəgül Seyfulla qızına məxsus olmaqla ondan miras qalmışdır. Valideynlərim Vəkilov Nurpaşa Nurəddin oğlu və Vəkilova Sinəgül Seyfulla qızının birgə nikahından xx.xx.1969-cu il tarixdə Ərizəçi doğulmuşdur. Valideynlərinin başqa övladları olmamış, yeganə övladları olmuşdur. Atası Vəkilov Nurpaşa Nurəddin oğlu 22 mart 2004-cii il tarixdə, anası Vəkilova Sinəgül Seyfulla qızı 14 sentyabr 2011-ci il tarixdə vəfat etmişlər. Anasının ölümündən sonra onun yeganə vərəsəsi Ərizəçi qalmış və anasından miras qalmış miras əmlaklarını faktiki o istifadə və idarə etməklə mirası qəbul etmişdir. Belə ki, anası öləndən sonra o faktiki olaraq Quba rayonu, Uzunmeşə kəndində yaşayaraq miras əmlaklarını idarə edir, evin qaz, işıq, evin, torpağın və digər kommunal xərclərini ödəyir, valideynləri öldükdən sonra kommunal xərclərə dair müqavilələr onun adına tərtib olunmuşdur. Anası Vəkilova Sinəgül Seyfulla qızının ölümündən sonra ondan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsini vərəsəlik üzrə adına rəsmiləşdirmək istəyir. Bunun üçün onun mirası qəbul edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi tələb olunur. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin 26 may 2024-cü il tarixli 2045 saylı məktubu ilə mirasın qəbulu müddətindən uzun müddət keçdiyi üçün mənə həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi izah olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Ərizəç Ərizəçi və nümayəndəsi qismində vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ 502412 seriyalı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Vəkilova Sinəgül Seyfulla qızı 14 sentyabr 2011-ci ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 10 oktyabr 2011-ci il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. AZ-İ 099379 seriyalı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Vəkilov Nurpaşa Nurəddin oğlu 22 mart 2004-cü ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 30 mart 2004 -cü il tarixdə 277 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-072F Kod 30306038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında Quba AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Quba rayonu, Uzunmeşə kəndi ərazisində 0.20 həyətyanı torpaq sahəsi Vəkilova Sinəgül Seyfulla qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi 26 may 2024cü il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”-nin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin nikahından xx xxxxxx 1969-cu il təvəllüdlü Ərizəçi doğulmuş, atası- Vəkilov Nurpaşa Nurəddin oğlu, anası- Vəkilova Sinəgül Seyfulla qızı kimi qeyd olunmuşdur. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli Quba rayon Alpan İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən mərhum anası Vəkilova Sinəgül Seyfulla qızına məxsus Quba rayonu Uzunmeşə kəndində 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən (“Torpağın mülkiyyətə verilməsinə dair” JN-072F kod 30306038 nömrəli şəhadətnamə) daşınmaz əmlakı idarə edir və qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli Quba rayon Alpan İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Vəkilova Sinəgül Seyfulla qızı 14 sentyabr 2011ci ildə vəfat etmiş, Vəkilov Nurpaşa Nurəddin oğlu (vəfat edib), Ərizəçi vərəsələri sırasına daxildir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli Quba rayon Alpan bələdiyəsindən verilmiş arayışdan görünür ki, Ərizəçi anası Vəkilova Sinəgül Seyfulla qızının dəfn xərclərini ödəmişdir, mərhuməyə məxsus olan Uzunmeşə kəndində yerləşən torpaq sahəsindən istifadə edir və mütəmadi olaraq vergisini ödəyir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayonu Uzunmeşə kəndində 0.20 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 14 sentyabr 2011-ci il tarixdə vəfat etmiş Vəkilova Sinəgül Seyfulla qızına məxsusdur və ərizəçi anasından miras qalmış miras əmlaklarını onun özü tərəfindən faktiki qəbul edildiyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Ərizəçi miras əmlakın Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəlləni 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbin əsası kimi istinad olunan hallara dair müvafiq sübutlar məhkəməyə təqdim edilmiş və mirasın vəsiyyətnamə əsasında faktiki qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, vərəsəliyin açılma yerinin Quba şəhəri olması və 14 sentyabr 2011-ci il tarixdə vəfat etmiş Vəkilova Sinəgül Seyfulla qızından miras qalmış Quba rayonu Uzunmeşə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 sentyabr 2011-ci il vəfat etmiş Vəkilova Sinəgül Seyfulla qızının mirası üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olması müəyyən olunsun və miras əmlak - JN-072F KOD 30306038 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”yə əsasən ondan miras qalmış Quba rayonu, Uzunmeşə kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin vərəsəsi Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar