Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1709/2021 16.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi, tələbnamənin (qərarın) ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi kəndində yaşayır. 28 yanvar 2021-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək qaz sayğacına baxış keçirmişlər. Bu zaman barəsində 28 yanvar 2021-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Həmin akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Bundan sonra həmin akta əsasən ona 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın Bərpasına dair tələbnaməyə əsasən 216 manat məbləğində borc hesablanmış, dəymiş ziyanın həcmi 2160m3 qeyd edilmişdir. Onun fərdi yaşayış evinə qaz sayğacı küçədə quraşdırılmış, o, həmin sayğaca müdaxilə edə bilməz və başqalarının müdaxilə etməsini görməmişdir. Həmin qaz sayğacının qorunması “Azəriqaz” İstehsalat Birliyinin öhdəliyinə düşür. Belə ki, qaz sayğacına müdaxilə edilməməsi üçün o, orada dayanıb keşik çəkə bilməz.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cırıq izləri olması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin iyun ayı üzrə akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 28.01.2021-ci il tarixdə onun yaşadığı Quba rayonunu Zərdabi kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cırıq izləri olması aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında “Azəriqaz” İB tərəfindən 29.01.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1944 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsızlığını və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın etibarsızlığı və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt üzrə yazılmış 29 yanvar 2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə (qərar) ləğv edilməli və həmin tələbnamə (qərar) üzrə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt üzrə yazılmış 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə (qərar) ləğv edilsin. İddiaçı **********09830 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1709/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1709/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver