Məhkəmə qərarları › İş №2(027)-1710/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1710/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1710/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli ******* nömrəli aktın və onun əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" X1 X4 İdarəsinin əməkdaşlarının tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli ******* nömrəli aktın və onun əsasında tərtib olunmuş 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına tələbnamənin ləğv edilməsi və qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Həmin kənddə özünə məxsus fərdi yaşayış evi var. “Azəriqaz” X1 X3 İdarəsi ilə arasında bağlanmış qazın alğı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın pulunu mütəmadi olaraq ödəyir. Bildirmişdir ki, istifadə etdiyi qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* nömrəli aktda qeyd olunduğu kimi küçədə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan ictimai istifadəkəndçi ərazidə quraşdırılmışdır. 12 dekabr 2020-ci il tarixdə “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları yaşayış sahəsinə gələrək sayğacın texniki istismar müddətinin ötməsi səbəbi ilə onun yenisi ilə əvəz edilməsi zərurəti yarandığından qaz sayğacının çıxarılaraq əvəzinə yeni qaz sayğacı quraşdıracaqlarını bildirmişlər. O, bunu normal hal kimi qəbul edərək qaz sayğacının yenisi ilə əvəz edilməsinə etiraz etməmiş və əvvəlki qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin sayğac onun iştirakı olmadan çıxarıldıqdan sonra iş icraçıları, sayğac çıxarılanadək onda hər hansı nöqsanın aşkar edilmədiyini, buna görə də sayğacın dəyişdirilməsinə dair “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt № ******* nömrəli aktda hər hansı digər qeydin edilmədiyini bildirərək tərtib etdikləri aktda ona imza etdirmişlər. 2021-ci il tarixdə tərəfindən istifadə edilmiş təbii qaz həcminin dəyərində aşan pul borcu yarandığından həmin faktı araşdırarkə ona qarşı 216 (iki yüz on altı) manat məbləğində əlavə borcun rəsmiləşdirildiyi məlum olmuşdur. Yaranmış mübahisə zəminində cavabdeh təşkilat rəsmi sənədlərə əsaslandığını bildirmişdir. Həmin sənədləri tələb etdikdə ona, 29 yanvar 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* nömrəli akt surəti, 29.01.2021-ci il tarixli ’’Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surəti və onlayn qaydada çıxarılmış “abonent saldosu” təqdim etmişlər. 29 yanvar 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* nömrəli aktın surətini oxuyarkən ona bəlli olmuşdur ki, “Azəriqaz” İB-nin sayğacların yoxlanılmasına dair 29İ1710-00094-1 saylı rəyinə əsasən G-4 markalı ******* nömrəli qaz sayğacının zavod seriya nömrəsi olan lövhənin yarasız vəziyyətdə olması və çıxış plastmas borunun oturacaqdan aralanması əsasları ilə adına 2160 m3 təbii qaz itkisi rəsmiləşdirilərək, ona qarşı 216 (iki yüz on altı) manat məbləğində borc tələbi uydurulmuşdur. Hesab edir ki, göstərdiyi əsaslarla cavabdehin hərəkətləri və onun tələb etdiyi 29 yanvar 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* nömrəli akt surəti, 29.01.2021-ci il tarixli ’’Dəymiş ziyanın bərpasına dair tələbnamə” və həmin sənədlər əsasında tələb edilən 216 (iki yüz on altı) manat məbləğində borc qanunsuz və əsassızdır, həmin borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın plastmas borusunun oturacaqdan aralanması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin iyul ayı üzrə akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 12.12.2020-ci il tarixdə onun yaşadığı Quba rayonunun Alpan kəndində yerləşən mənzilində ******* nömrəli sayğacın plastmas borusunun oturacaqdan aralanması aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında “Azəriqaz” İB tərəfindən 29.01.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216,00 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216,00 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsızlığını və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın etibarsızlığı və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" X1 X4 İdarəsinin əməkdaşlarının tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt və onun əsasında tərtib olunmuş 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına tələbnamə ləğv edilməli, iddiaçının **********07510 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində pul onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azəriqaz" X1 X4 İdarəsinin əməkdaşlarının tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt və onun əsasında tərtib olunmuş 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına tələbnamə ləğv edilsin. İddiaçı **********07510 saylı abonent hesabına hesablanmış 216,00 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar