Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1766/2022 26.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 197,20 m2 olan İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,20 m2, torpaq sahəsi 0,062940 ha olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Qeyd edilən fərdi yaşayış evi əvvəllər mərhum atası X1 məxsus olmuş və sonradan qeyd edilən miras əmlak qanunla nəzərdə tutulmuş qaydada onun mülkiyyətinə keçmişdir. İş üzrə Cavabdeh onun bacısıdır. Cavabdeh xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ayrılmışdır. Həmin vaxtdan da Bakı şəhərində yaşamağa başlamışdır. Cavabdeh miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbi ilə digər bacısı X2 iddia qaldırarkən məhkəmə instansiyalarında da mirası qəbul etmədiyini və etmək fikri olmadığını bildirmişdir. Cavabdeh hal-hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması formal xarakter daşıyır və o, uzun müddətdir ki, həmin evdə yaşamır. Hazırda cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda qalması sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdığından cavabdehin istifadə hüququna xitam verilməlidir. Dəfələrlə cavabdehə sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxmasını bildirilsə də, cavabdeh buna əməl etmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Cavabdeh məhkəməyə teleqram təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəyəsini dinləyib, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hal-hazırda Cavabdeh qeyd olunan evdə formal olaraq qeydiyyatdadır, faktiki olaraq başqa ünvanda yaşayır. Cavabdehin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2001-ci il tarixədək yarandığından, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, ünvan 1 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, həmin evdə faktiki yaşamayan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativhüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehin iddiaçıya məxsus mənzilə 2000-ci ildən əvvəl həmin yaşayış evində yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, Cavabdeh 27 ildən artıqdır ki, mübahisə predmeti olan yaşayış evində yaşamamış, başqa mənzildə yaşamaqla mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 197,20 m2 olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1766/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1766/2022
26.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver