Məhkəmə qərarları › İş №2(027)-1813/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1813/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1813/2023 09.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun Quba rayon Dövlət notariat kontorunun reyestrində № 4-Ə-532 nömrə ilə qeyd edilmiş, 21 iyun 2005-ci il tarixli, № 224453 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonunun Alekseyevka kəndi ərazisindən ona satılmış ümumi sahəsi 32,5 kv.m və yaşayış sahəsi 27,7 kv.m olan, iki otaqlı bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsindən mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Hazırki ərizədən görünür ki, Ərizəçi ərizəsi hüquqmüəyyənedici sənədlərin itirilməsi və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü barədə deyil, ona görə də mülki qanunvericiliyin tələbinə əsasən hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar