Məhkəmə qərarları › İş №2(027)-1827/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1827/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1827/2021 04.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili X1, ilkin iddia üzrə Cavabdeh2 iştirakı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X5 məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-031F Kod 30304018 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə və üzərində tikdiyi fərdi yaşayış evinə gəlini Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı il tarixdə X8 ilə ailə qurmuş, birgə nikahdan X9, Cavabdeh2, X10 adlı uşaqları doğulmuşdur. O, X8 ilə ailə qurduqdan sonra Quba rayonu, Cek kəndində yaşamışdır. 05.03.1990-cı il tarixdə ünvan 1i ünvanında mərhum ərinin adına həyətyanı torpaq sahəsi vermişlər. O da əri ilə həmin torpaq sahəsində ev tikmişdir. Əri 03.10.2020-ci il tarixdə vəfat etmişdir. Oğlu Cavabdeh2 Südabə ilə ailə qurmuş, bir müddət sonra evdə mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə gəlini onu döyərək evdən qovmuşdur. O, hazırda öz zəhməti ilə tikdiyi evindən qovulduğu üçün bir aydır ki yaşayış evinə girə bilmir. Qeyd edilənlərə əsasən, ona məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-031F Kod 30304018 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə və üzərində tikdiyi fərdi yaşayış evinə gəlini Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ünvan 1ində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-031F KOD ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İlkin iddia üzrə iddiaçı, o, İddiaçı oğlu Cavabdeh2 ilə 02.12.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan üç uşağı doğulmuşdur. Ailə qurduqları gündən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən cehiz əşyalarını da həmin evə aparmışdır. Hal-hazırda da həmin evdə yaşayır. Yaşadığı evin mülkiyyət hüququna dair sənədi yoxdur. Onun gəlin köçdüyü yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mövcuddur, İddiaçı və ailə üzvləri tərəfindən istifadə olunur. O, həmin evə cavabdehin razılığı ilə gəlin köçmüş və həmin vaxt onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, sözügedən evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Onun da mübahisəli evdən İddiaçı və ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ yaranmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin onu və uşaqlarını mübahisələndirilən evdən məhrum etmək səlahiyyəti yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisələndirilən ev ünvan 1ində yerləşir və 2003-cü ildə tikilmişdir. Evin yerləşdiyi torpaq sahəsi əvvəl ərinin mülkiyyətində olmuşdur. Cari ilin sentyabr ayında o, mübahisə predmeti olan ünvan 1ində 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi onun adına rəsmiləşdirilmişdir. Oğlu Cavabdeh2 6 ildir ki Südabə ilə evlidir. 2015-ci ildən bəri, yəni Sübadə onun vinə gəlin köçən vaxtdan aralarında ailə-məişət zəminində mübahisələr başlamış və belə də davam etmişdir. Əvvəl birlikdə yaşasalar da, həyat yoldaşı dünyasını dəyişəndən dərhal sonra gəlini onu evdən çıxarmışdır. Ev onun mülkiyyətində olsa da, Cavabdeh1 törətdiyi maneələrə görə mülkiyyətində olan əmlaka sahiblik edə bilməməklə yanaşı evinə girib yaşamaq imkanlarından məhrum edilmişdir. Ona görə, o, ilkin iddia üzrə cavabdehlərin ona məxsus əmlakdan çıxarılmasını istəyir. Sadalananları nəzərə alaraq, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək, bildirdi ki, 2015ci ildə sözügedən evə gəlin kömüş, həyat yoldaşı Səxavət də son üç aya kimi həmin evdə yaşamışdır. Həyat yoldaşı ondan boşanmaq istədiyinə görə qayınanası İddiaçı onu evdən çıxarmaq istəyir. Həyat yoldaşı Cavabdeh2 qayınanası İddiaçı ilə birgə evdən çıxıb getmiş, üç aydır ki, o, mübahisə predmeti olan evdə üç uşağı ilə yaşayır və valideynlərinin köməyi ilə dolanır. O, qayınanası və həyat yoldaşını evdən çıxarmamış, əksinə dəfələrlə qayıtmalarını demişdir. Həyat yoldaşı ondan boşanır və onlara baxmaq istəmir. Onun başqa yerdə yaşamağa maddi imkanı yoxdur. Ona görə mübahisə predmeti olan evdə ona yaşamaq hüququnun verilməsini xahiş edir. Sadalananları nəzərə alaraq, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı qəbul edərək, bildirdi ki, hal-hazırda kirayə tutduğu evdə yaşayır. Həyat yoldaşı Südabə uşaqları ilə valideynlərinin evində yaşayır. Ayrı yaşasalar da, o arada gedib uşaqlarını görmüş, onlara ərzaq almışdır. Südabə ilə barışıq əldə etmək üçün bir neçə dəfə mübahisəli evə getsə, Südabə onu evdən qovmuşdur. Faktiki olaraq valideynlərinə məxsus evdə yaşamır, ona görə də ilkin iddianı təmin olunmasına etiraz etmir. Bununla bağlı məhkəməyə təqdim etdiyi ərizəsində də qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: İV-JQ 301360 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X14 arasında 04.10.1986-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra X13 Salmanova soyadı verilmişdir; AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1ində yaşayır; AZ-İİ 113193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.10.2020-ci il tarixdə vəfat etmişdir; Quba rayonu Alekseyevka bələdiyyəsinin 360 nömrəli 02.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1ində mərhum əri X3 adına olan 0,10 ha həyətyanı torpaq sahəsində 2005-ci il tarixdə tikilmiş iki mərtəbəli altı otaqlı yaşayış evi vardır. Hazhazırda İddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşayır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 13.07.2021-ci il tarixli 2105 nömrəli məktubundan görünür ki, İddiaçı və Cavabdeh2 03.10.2020-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir; Torpağın mülkiyyətə verilməsinə dair JN-031F 30304018 nömrəli şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə X8, İddiaçı, X9, Cavabdeh2 və X6 0,10 ha torpaq sahəsi verilmişdir; 06.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X11, X10 və Cavabdeh2 ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin və 205.2 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini anaları İddiaçı bağışlamışlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışın surətindən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi 07.09.2021) görünür ki, ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir; Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyinin 08.09.2021-ci il tarixli 903 saylı arayışından görünür ki, Cavabdeh1 ünvan 1ində qeydiyyatsız yaşayır; AZ-İİ 083478 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Salmanov X2 Südabə Rövşən qızı ilə 02.12.2015-ci il tarixdə nikah bağlamışdır. Nikah bağlanandan sonra X4 Salmanova soyadı verilmişdir; AZ-T 088045, AZ-T 060303, AZ-İV 456937 nömrəli doğum haqqında şəhadənamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 bigə nikahından Ayla, Aylin və Mövlan adında uşaqları doğulmuşdur. Məhkəmə ilk iddia ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» 27.09.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdır. Məhkəmədə tədqiq edilən sübutlarla müəyyən edilir ki, qarşılıqlı iddiya üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə 02.12.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli ünvana gəlin köçmüşdür. Həmin tarixdə fərdi yaşayış evi Dövlət reyestrində qeydə alınmasa da, üzərində inşa edildiyi torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN- 031F 30304018 nömrəli şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə X8, İddiaçı, Cavabdeh2 və digər ailə üzvlərinə 0,10 ha torpaq sahəsi verilmişdir. Bununla da, X3 həmin tikiliyə gözlənilən mülkiyyət hüququ yaranmışdır. 03.10.2020-ci il tarixdə isə X8 vəfat etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» 27.09.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir: 1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır.” Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və s. beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mərhum Salmanov Nəriman mübahisəli evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı və qanuni gözləntiyə malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxil olmuşdur. ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 07.09.2021-ci il tarixdən isə İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, Cavabdeh1 2015-ci ildə həmin ünvana gəlin köçərkən keçmiş mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmasa da, 07.09.2021-ci il tarixdən əmlak reyestrdə qeydə alındığndan, istifadə hüququnun yaranması üçün o, yeni mülkiyyətçi və onun ailə üzvü hesab edilməyən İddiaçı ilə notarial qaydada təsdiq edilmiş və reyestrdə qeydə alınmış razılaşma bağlamalı idi. Lakin, müəyyən edildiyi kimi bu cür razılaşma mövcud deyildir. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddiaçının ailə üzvlərindən biri, yəni doğma oğlu olsa da, məhkəməyə verdiyi izahatında ilkin iddianı qəbul edərək, faktiki olaraq anasına məxsus evdə yaşamadığını qeyd etmiş və onun və ailə üzvlərinin evdən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin, 06.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən göründüyü kimi, Cavabdeh2 ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin və 205.2 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özünə məxsus hissəsini anası İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Beləliklə, tərəflərin arasında yaranan mübahisə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Eyni Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşdə olan sənədlərdən məlum olur ki, mübahisə predmeti olan evdən istifadə hüququnun yaranmasını istəyən şəxs, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətçi ilə aralarında hər hansı razılaşma olmamış, sonuncu iddia tələbində mübahisəli evə gəlin köçməsi və başqa yaşayış yerinin olmamasını əsas gətirərək ona istifadə hüququnun yaranmasını xahiş etmişdir. Həmçinin iş materiallarında olan Quba Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli və 16.09.2021-ci il tarixli qərarlarından görünür ki, Cavabdeh1 ilə qayınanası İddiaçı arasında ailə-məişət zəminində yaranmış mübahisələr əsasında hər ikisi inzibati məsuliyyətə cəlb edilmişdir. Bu da onu göstərir ki, tərəflər arasında yaranan mübahisələr daimi xarakter daşıyır və gələcəkdə qarşısı alınmazdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçərək uzun müddət orada yaşamasına rəğmən sonuncunun həmin evdə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Odur ki, ilkin iddia təmin edilməli; Cavabdeh2 ilkin iddianı qəbul etməsi təsdiq edilməli; İddiaçı məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı; Cavabdeh1 və Salmanov Cavabdeh2 Familə Sədi qızına məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, Cavabdeh1 qarşılıqlı iddiası isə, ünvan 1ində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun yaranmaması səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh2 ilkin iddianı qəbul etməsi təsdiq edilsin. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh1 və Salmanov Cavabdeh2 Familə Sədi qızına məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar