Məhkəmə qərarları › İş №2(027)-2086/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2086/2024

17.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2086/2024 17.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İlkin İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********81-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına olan Quba şəhərində yerləşən 0,0252 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119,1 kv.m olan fərdi yaşayış evinə dair Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ ******* nömrəli, 24 iyun 2023- cü il tarixli, reyestrdə 4Ə-1478 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********81-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli, 05 iyun 2023-cü il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, uşaqları ilə birlikdə Quba şəhəri, Qəçrəş yolunda tikilən yeni yaşayış massivində yaşayır. Təxminən bir neçə gün bundan qabaq Cavabdeh1 yaşadığı ünvana gələrək fərdi yaşayış evini tərk etməsini bildirmişdir. Bunun səbəbini soruşduqda əri Müşfiq Məmmədbəyovun guya evi ona satdığını bildirmişdir. Əri evi Cavabdeh1 sata bilməzdi. Ona görə ki, onların evi satmaq kimi bir fikri olmamışdır. Onların başqa yerdə yaşamağa yeri yoxdur. Yeganə yaşayış yeridir. Ümumiyyətlə ev almaq istəyən evə gəlib baxmalı idi, evlə maraqlanmalı idi. O, yalnız bir neçə gün bundan qabaq cavabdehi görmüşdür. Cavabdehin bu sözündən sonra “Asan xidmət” mərkəzinə müraciət edib ki, evinin alqı-satqısı ilə bağlı hər hansı bir sənədin olub-olmamasını öyrənsin. Bu zaman ona məlum olub ki, əri X4 ona verdiyi etibarnamə ilə evin alqı-satqı müqaviləsini bağlamış, yaşadığı evi Cavabdeh1 adına keçirmişdir. O ərinə etibarnaməni evində qazla bağlı borc olduğu üçün həmin borcun silinməsi ilə bağlı vermişdir. Evin satılması ilə bağlı heç bir fikri olmamışdır. Onlar evi birgə nikah dövründə tikmişdilər. Cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi, M. Qəhrəmanovun adına verilmiş çıxarış barədə rəsmi olaraq sorğu vermişdir və həmin sorğunun məlumatlarını hələ əldə etməmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsilə müraciət edərək, İddiaçı və X1 ailə üzvləri ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, cavabdehlərdən 24 iyun 2023-cü il tarixindən hesablanaraq və evindən çıxarılana qədər ona məxsus evdə yaşadıqları hər ay üçün 500 (beş yüz) manatdan kirayə haqqının hesablanılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddianı qəbul etmir, belə ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evi, Quba regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisində bağlanmış AN-İ ******* nömrəli, 24 iyun 2023-cü il tarixli, 4Ə-1478 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı tərəfindən ona satılmışdır. Ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Dəfələrlə İddiaçı və X2 ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, indiyə kimi həmin evdən çıxmayaraq mülkiyyət hüquqlarını pozmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində bildiriş göndərərək, 10 gün ərzində fərdi yaşayış evini tərk etmələrini, tərk etmədikləri təqdirdə alqı-satqı tarixindən bu günə qədər evində yaşadıqları hər ay üçün dəymiş zərər məbləğini tələb edəcəyi haqqında xəbərdarlıq etmişdir. Cavabdehlər xx.xx.2024-cü il tarixində bildirişi almaqlarına baxmayaraq heç bir cavab vermədən bir başa məhkəməyə müraciət etmişdilər. Cavabdehlər bir ildən artıqdır ki, fərdi yaşayış evindən çıxmayaraq, evindən istifadə etməyinə, həmin evi kirayə verməklə gəlir əldə etməyinə imkan vermirlər. Qeyd etdiyi fərdi yaşayış evini kirayə verərək, alqı satqı tarixindən bu günə qədər aylıq 500,0 (beş yüz) manat olmaqla gəlir götürə bilərdi. Cavabdehlər evdən istifadəyə görə əlindən çıxan həmin pulu və bundan sonra yaşadıqları müddət, yəni evdən çıxarılan günə kimi də hər ay üçün 500,0 manatdan kirə haqqını ödəməlidirlər. Hesab edir ki, İddiaçı və X4 ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılmalı, 24 iyun 2023-cü il tarixindən bu günə qədər, hər ay üçün cavabdehlərdən 500,0 (beş yüz) manat, ümumilikdə 7000,0 (yeddi min) manat məbləğində kirayə haqqı və evdən çıxarılan günə kimi də, hər ay üçün 500,0 (beş yüz) manat məbləğində kirə haqqı cavabdehlərdən alınıb ona verilməlidir. Bundan başqa İddiaçı və X4 ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşadıqları bu zamana kimi bütün kamunal xidmətlərdən istifadə etməklə Azərsuya - 502,70 azn, Azərişıqa - 85,0 azn borc yaratmışdılar. Həmin borcları da öz şəxsi vəsaitim hesabından ödəmişdir. Bu səbəbdən də həmin kamunal ödəniş xərclərini də İddiaçı və X4 ona ödəməlidirlər. X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizənin tərcümə edilmiş surətindən göründüyü kimi, (Rusiya Federasiyası, Moskva vilayəti, Marşal Krılov küçəsi, ev 16 (on altı), mənzil 61 (altmış bir) ünvanda qeydiyyatda olan, verilmə tarixi 26 dekabr 2017-ci il olan, Daxili işlər nazirliyi tərəfindən verilmiş CO ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının pasport sahibi, cinsi: kişi, vətəndaşlığı: Azərbaycan Respublikası, doğulduğu yer: Azərbaycan, xx xxxxxx 1976-cı il təvəllüdlü cavabdeh vətəndaş X4), İddiaçı ona qarşı olan iddia tələbini etiraf edir. Onunla digər Cavabdeh1 arasında borc mübahisəsi olmuş, o həmin borc mübahisəsinə görə iddiaçının məlumatı olmadan evi cavabdehin adına keçirmişdir. Onun başqa yaşayış yeri yoxdur, ona görə də iddianın etirafının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi qismində vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ilkin iddianı əsaslı hesab edir, belə ki, işdə həqiqi alqısatqı olmamış, borca görə müqavilə bağlanılmışdır. Yəni başqa əqdi prədələmək üçün müqavilə bağlanılmışdır. Digər cavabdehin də ərizəsindən göründüyü kimi, o da iddianı etiraf etmiş və evin satılmasından iddiaçının xəbəri olmadığını bildirmişdir. Hesab edir ki, cavabdehin etirafı bir tərəfdən iddianın təmin olunması üçün əsas olmalıdır. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ortada bir borc mübahisəsi vardır ki, müqavilənin də həmin borca görə bağlanması cavabdehlər tərəfindən etiraf edilmişdir. Bu müqavilə başqa əqdi prədələmək niyyəti ilə bağlanmışdır. Qeyd olunanlara əsasn ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, ərinin Mehmana borcu olduğunu bilməmişdir və həmin borcun yerinə evi satmaq barədə ona heç bir söz deyilməmişdir, bu məsələdən çox gec məlumatı olmuşdur. İddiaçı elektron ərizə ilə müraciət edərək, bildirmişdir ki, etibarnaməni Müşfiq Məmmədbəyova yaşadığı evə yaranmış qaz borcunun silinməsi ilə bağlı vermişdir. Həmin iddia ərizəsinə də etibarnamə əlavə edilmiş və Müşfiq Məmmədbəyov da onun nümayəndəsi kimi məhkəmədə iştirak etmişdir. Həmin sənədləri sübut kimi işə əlavə edir. İşə baxılmasını zamanı həmin sübutlara iddia tələbinin əsaslığı baxımından qiymət verilməsini xahiş etmişdir. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Müşfiq Məmmədbəyovla iş birliyi olmuş və Müşfiqə 12 000+5000+6000 ABŞ dolları borc vermişdir verib. Pandemiya vaxtı pulu qaytara bilmədiyindən, evi satmaq qərarına gəlmiş və birlikdə evə baxmağa getmiş, evə baxanda otaqlardan birində həyat yoldaşı yoldaşı və uşaqları olduğundan həmin otaqa girməmişlər. Onlar razılığa gələrək, 2023-cü ilin may ayında notariusa gedərək alqı-satqı müqaviləsini imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o Mehmanı da, Müşfiqi də yaxından tanıyır və tez-tez görüşüblər. Müşfiqin Mehman borcu olduğundan Müşfiq evi Mehmana satmaq qərarına gəlmiş, sözü gedən mübahisəli evə baxamağa bir yerdə getmişlər, iki otaqa və eyvana baxmış, otaqların birində Müşfiqin ailəsi olduğundan, ora baxmamışlar. Müşfiq Mehmanla danışanda, bir ildən sonra gəlib borcunu ödəyəcəyini və evi geri alacağını demişdir və bu müddət ərzində qaynansının evində qalacağını demişdir. 10-15 günə də notarial qaydada evi Mehmanın adına keçirmişdir. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 elektron ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixə, saat 16:30-a təyin edilmiş məhkəmə iclasında səhhətilə əlaqədar iştirakının mümkün olmayacağını,ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və işə onlarn iştirakı olmadan baxılmasını barədə məlumat verilsə də, növbəti, yəni xx.xx.2024-cü il tarixə, saat 16:30-a təyin edilmiş məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilib, edilməməsi barədə məhkəməyə məlumat verilməmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 iyun 2023-cü il tarixli, AN-İ ******* saylı “Daşınmaz Əmlakın alqısatqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evini Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan Cavabdeh1 satmışdır. Alqı- satqı müqaviləsi Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu tərəfindən 4Ə-1478 nömrə ilə reyesterdə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisində cap edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış barədə məlumatda Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evi, tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədə birgə nikah dövründə əldə edilmiş, arvadı İddiaçı məxsus olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evinin satılmasına etiraz etmir. X12 “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu tərəfindən Cavabdeh2 iştirakı ilə imzanın həqiqiliyi təsdiq edilmişdir və reyestrdə 8İ-10181 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu Cəmil Hüsynov tərəfindən "xxxx" ASC-nə verilmiş xx.xx.2023-cü il tarixli, 1953 və 1954 saylı məlumatlardan göründüyü kimi, Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 37800 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktub əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh2 verilməsi üçün bankda olan AZ61AİİB410400C**********209 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ərizədən göründüyü kimi, satıcı İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 37.8, 400.95 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ödəniş tapşırığı əsasında yerli büdcəyə köçürülməsi üçün, bankda olan AZ61AİİB410400C**********209 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, 438.75 manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ASC-nin AZ61AİİB410400C**********209 nömrəli depozit hesabına ödənilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış barədə məlumatdan göründüyü kimi, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evi, tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əasən xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Cavabdeh X4 məhkəməyə ünvanlanmış ərizəsində iddia tələbini etiraf etmiş və iddianın etirafının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən etiraf digər Cavabdeh1 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, qəbul edilməməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarına əsasən qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş və Reyestrdə həyat yoldaşı İddiaçı adına qeydə alınmış Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evini həyat yoldaşının etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 satılması barədə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən həmin ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Hazırda İddiaçı qaz borcunun silinməsi ilə bağlı etibarnamə verdiyini və evin satılması ilə bağlı heç bir fikri olmaması əsası ilə, mülkiyyətində olan evin cavabdehə satılmasına əsas olmuş əvvəlki əqd kimi etibarnamənin iradə ifadəsi və məzmun baxımından vacib əhəmiyyətli yanılma nəticəsində bağladığını iddia etməklə həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Əqdin etibarlı olması əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinə, formasına dair şərtlər üzrə qiymətləndirilməlidir. F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikasının Mülki Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Məhkəmə hesab edir ki, evin qaz təminatı ilə bağlı mübahisənin həlli məqsədilə iki ay müddətinə birtərəfli əqd kimi etibarnamə ilə mülkiyyətə sərəncam verilməsinin etibar edilməsi halında şəxsin həmin etibarnamənin motivləri barəsində yanılmasına istinad etməklə, lakin onu mübahisələndirmədən əlaqəli sonrakı əqddə iradə ifadəsinin pozuntusu əsası ilə etibarsızlığını tələb etməsi mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun mahiyyətinə ziddir. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən müqavilə tərəflərin iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər alqı-satqı ilə nəticələnmişdir. Habelə həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı digər hal müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qarşılıqlı iddia ilə X1 ailə üzvləri ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, cavabdehlərdən 24 iyun 2023-cü il tarixindən hesablanaraq və evindən çıxarılana qədər ona məxsus evdə yaşadıqları hər ay üçün 500 (beş yüz) manatdan kirayə haqqının hesablanılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, Cavabdeh1 ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və sərəncam verməkdə sərbəst olmaqla tələbində haqlıdır. İddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və iddia bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Bu hissədə tələbini evə görə alğı-satğı tarixindən aylıq 500 manat məbləğdə gəlirdən məhrum olması ilə əsaslandırmışdır. İddianın bu hissədə əsaslı olmasına, yəni kiradair hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materialında mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etməsi bildirişinin xx.xx.2024-cü il tarixdə çatdırıldığı müəyyən olunur və eyni tələblə daha əvvəl müraciət edilməsi və kirayə məbləğinə dair hər hansı digər sübut təqdim olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlərə qarşı qarşılıqlı iddiası zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı və X4 ailə üzvləri X5 və X3 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evindən çıxarılsınlar. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar