Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2090/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Rəhim oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rəhim oğlunun Cavabdeh qarşı “zəbt edilmiş torpağın dəyərinin pul ilə əvəz edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə ona məxsus Quba şəhəri, 31-ci kvartalda yerləşən yaşayış evinin Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,08 ha torpaq sahəsinin 34.68 kv.metr hissəsinin tərəfindən vurulmuş zərərin əvəzi kimi 34.68 kv.metr hissəsinin dəyərinin bazar qiyməti ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 31-ci kvartalda özünə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş, Cavabdeh sonradan onun torpağı ilə yanaşı torpaq sahəsi əldə edib və torpaq sahəsinə çıxarış alarkən məlum olmuşdur ki, onun inşa etdiyi evin 34,68 kv.metr hissəsi onun mülkiyyətində olan torpağa düşmüşdür. Cavabdehə bildirmişdir ki, o, cavabdehin torpağına qəsdən müdaxilə etməmiş, ona görə də zəbt olunmuş torpağın pulunu hər hansı formada ona ödəməyə hazırdır. Lakin cavabdeh onunla razılaşmamış, Quba rayon Məhkəməsində iddia qaldıraraq onun inşa etdiyi evin 34,68 kv.metr onu torpağın hissəsi sökülməsini xahiş etmiş və Quba rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək onun qanunsuz olaraq zəbt etdiyi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətində 34,68 kv.metr torpaq sahəsində aparılmış tikintinin sökülməsi və həmin zəbt edilmiş torpaq sahəsinin cavabdehə qaytarılması qət edilmişdir və iş hal-hazırda icra şöbəsindədir. O, cavabdehin torpağını bilərəkdən, qəsdən zəbt etməmiş, torpaqların yanaşı olub və hasara alınmamışdır. Ona görə də səhvən onun inşa etdiyi evin cavabdehin torpağının 34,68 kv.metr hissəsi düşmüşdür. O, dəfələrlə cavabdehə müraciət edərək, torpağın pulunu onu qane edən qaydada ödəməyi təklif etmiş, lakin o, razılıq verməmiş, ona görə də məhkəməyə müraciət edib səhvən zəbt edilmiş 34,68 kv.metr torpağın dəyərinin ödənilməsini xahiş edir. Cavabdehlə 34,68 kv.metr torpağın mübahisəsi olduğu üçün mülkiyyətini təsdiq edən çıxarış ala bilmir. Quba rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsindən aşkar olur ki, onun inşa etdiyi cavabdehin mülkiyyətində olan torpağın 34,68 kv.metr hissəsi düşmüşdür. O, özünə ev inşa edərək həmin evdə ailəsi ilə birlikdə yaşayır, evi kompleks şəklində olan bir inşaatdır, əgər evi cavabdehin torpağına düşən hissəsi sökülərsə bütün evinin sökülməsinə səbəb olar. Ona görə də o, cavabdehə inşa etdiyi evin hissəsinə düşən 34,68 kv.metr torpağın dəyərini hazırki, bazar qiyməti ilə ödəməyə hazırdır və ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı Rəhim oğlunun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məzmununda iddiaçı torpaq sahəsini zəbt etməsi ilə bağlı məhkəmə qərarının olduğunu və icraya yönəldiyini təsdiq edir. Hazırki, iddianı verməkdə məqsədinin özünün qanuna zidd əməlinə pul kompensasiyası ödəməklə haqq qazandırmaq istədiyini açıq aşkar nümayiş etdirir. Bu cür hallar cəmiyyətdə insanların mülkiyyətini qəsd etmiş, zəbt etmiş və sonradan onun dəyərini almağa məcbur buraxmağa yönəlmiş hərəkətlərə rəvac verilməsinə münbit şərait yaradar ki, buna qəti yol vermək olmaz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-143/2020 saylı, 01.12.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətində 34.68 kv.m torpaq sahəsində aparılmış tikinti cavabdehin hesabına sökülməsi və həmin zəbt olunmuş 34.68 kv.metr torpaq sahəsi Cavabdeh qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Quba rayon Məhkəməsinin 2(027)- 143/2020 saylı, 01.12.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətində 34.68 kv.m torpaq sahəsində aparılmış tikinti cavabdehin hesabına sökülməsi və həmin zəbt olunmuş 34.68 kv.metr torpaq sahəsi Cavabdeh qaytarılması qərara alınmışdır. Quba rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə ona məxsus Quba şəhəri, 31-ci kvartalda yerləşən yaşayış evinin Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,08 ha torpaq sahəsinin 34.68 kv.metr hissəsinin tərəfindən vurulmuş zərərin əvəzi kimi 34.68 kv.metr hissəsinin dəyərinin bazar qiyməti ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etsə də, məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvəzi olaraq kompensasiya ilə əvəz edilməsinə razı olmamışdır. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi üçün kompensasiya ödənilməsi o halda, tətbiq edilə bilər ki, buna qarşı tərəfin yəni, cavabdehin razılığı olsun. Həmçinin, iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ yoxdur. Çünki qeyd edilən sahənin qanunsuz tutulması məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-157.5-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Rəhim oğlunun Cavabdeh qarşı “zəbt edilmiş torpağın dəyərinin pul ilə əvəz edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2090/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2090/2021
24.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver