Məhkəmə qərarları › İş №2(027)-2416/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2416/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2416/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi , Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə istifadə hüququnun tanınması və köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, İddiaçı və uşaqları 16 iyul 2014-cü il təvəllüdlü X3 və 09 yanvar 2016-cı il təvəllüdlü X5 ilə birlikdə, vəfat etmiş əri X4 məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********7 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 28 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,0329 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması, İddiaçı və uşaqları 16 iyul 2014-cü il təvəllüdlü X3 və 09 yanvar 2016-cı il təvəllüdlü X5 ilə birlikdə vəfat etmiş əri X4 məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 28 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində 0,0329 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, 2013-cü ilin avqust ayında X9 ilə ailə qurub. Birgə nikahı 02 iyul 2014-cü il tarixində rəsmiləşdiriblər. Birgə nikahdan 16 iyul 2014-cü il təvəllüdlü X6, 09 yanvar 2016-cı il təvəllüdlü X5 və 02 dekabr 2020-ci il təvəllüdlü X7 adlı uşaqları doğulub. 2013cü ilin avqust ayında X9 ilə ailə qurandan sonra ərinin ailəsinə məxsus evə köçərək təxminən bir ildən çox orda yaşayıb. Daha sonra əri X4 məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 28 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0329 ha torpaq sahəsinin üzərində bir mərtəbəli 2 otaqlı yaşayış evi tikərək uşaqlarıyla birlikdə həmin evdə yaşayıblar. Oğlu 02 dekabr 2020-ci il təvəllüdlü X7 04 oktyabr 2021- ci il tarixində, oğlunun vəfatından sonra 22 iyun 2022-ci il tarixində əri X9 vəfat etmişdi. Əri vəfat edən günü yəni 22 iyun 2022-ci il tarixində ərinin valideynləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onu uşaqlarıyla birlikdə yaşadığları evdən çıxarmışdırlar. Həmin gündən etibarən o öz zəhmətiylə tikdiyi evə girə bilmir. Onu da qeyd edir ki, o və qızları Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən 05 sentyabr 2022-ci il tarixli, 2672 nömrəli məktuba əsasən 22 iyun 2022-ci il tarixində vəfat etmiş əri X1 vərəsələri sırasına daxildir. İki-balaca qızıyla evsiz qalmağı pis olan vəziyyəti daha da acınacaqlı edir. Cavabdehlərin özlərinə məxsus ayrı yaşayış evləri var və həmin evdə yaşayırlar. Dəfələrlə öz əziyyətiylə tikdiyi evə uşaqlarıyla birlikdə girərək yaşamaq istəsə də, cavabdehlər buna imkan vermirlər. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, iddia tələbinin təmin olunmasına dair qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı nəvələrinə görə qəbul etdiyini qeyd edərək, məhkəməyə təqdim olunmuş yazılı izahatında göstərilənləri bir daha təsdiq edərək, bildirdi ki, İddiaçı Babək qızı tərəfindən yazılmış iddia ərizəsinin bir çox məlumatları düzgün yazılmamışdır. Onun oğlu Abiyev İman iyun ayının 22-də rəhmətə gedib. Ondan sonra o da uşaqları alıb çıxıb gedib. Bu günə qədər Sevdanın üzünü görməyib. haralarda gəzir və nə işlə məşğul olur onun xəbəri yoxdur. Bütün səbəbi də onun atasını yas yerindən qovmağı olub. Oğlunun özünə qəsd etməsinin səbəbi onun atasının günahıdır. O öz qızına verdiyi bütün tapşırıqları yerinə yetirdir, yəni aiəsinə ailə kimi münasibət qoymurdu. Atasının evinə 5 metr məsafə var. Bütün günü orda keçirdi. Atası nə deyirdi onu da yerinə yetirirdi. O bir valideyn kimi onun atasına yəni Abiyev Babəkə deyəndə ki, qızına yaxşı yol göstər. Ona cavab verirdi ki, “o mənim deyil, özləri bilər”. Ancaq qızı Sevda atasının maşınına minərək Quba rayon polis şöbəsinə şikayətə getmişdilər. Özləri də onun oğlunu təqsirləndirmişdilər. Guya ki, oğlu öz ailəsinə küt alətlə xəsarət yetirib. Heç bir böhtan işə keçməmişdir. O öz nəvələrini çox istəyir, istəməməkdə mümkün deyil. Nəvələrini atası rəhmətə gedəndən sonra üçünə kimi bir dəfə adam göndərib gətirdib. Ondan sonra neçə dəfələrlə xəbər göndərib buraxmayıblar. Onun bir uşağı qara ciyər xəstəliyindən vəfat edib, həmin uşağa baxan həkim Bakı şəhəri Qarayev adına uşaq klinikasının professoru Hüseynağa müəllim uşaq vəfat edəndən sonra onun oğluna telefonla zəng eləyib demişdir ki, “sənin ailən Sevda virus daşıyıcısıdır, mütləq yoxlanılmalıdır, al uşaqlarıda gəl Bakıya müalicəyə, sizi pulsuz müayinə edəcəyəm” (getməyiblər). İndi o nəvələrinə görə narahatdır. Həmçinin qeyd etdi ki, Sevda gəlib oturub uşaqlarını böyütsün, ancaq ki, onun oğlunun adına olan torpağa yəni o həyətə onun atası anası və heç kimi yaxın durmasın. O ərizədə göstərib ki. “ərim tikdiyi ev” – lakin evi o tikib və nəvələriin adına keçirəcək. Onun yalan danışmağını ondan bəlli olur ki, onun baş müstəntiqə verdiyi izahattında o öz dili ilə “qaynatam tikən evdə” (kəlməsi) vardır. Abiyev Sevda etibarsız bir qadındır. Ona heç nəyi etibar etmək olmaz. Çünki, o öz 10 il həyat sürdüyü həyat yoldaşının 3-dən sonra ağ paltar geyməsi, atasının qurban kəsib paylaması qohum qonşunun ona nifrətedəcəyini bilən insandır. Ona görə də iddianı yalnız nəvələrinə görə qəbul edir. Məhkəmədə Cavabdeh2 bildirdi ki, oğlu, Sevda və onun atasına görə canına qəsd edib. Gəlini Sevda heç vaxt ailəsinə hörmətlə yanaşmayıb, onu bir ailə kimi saymayıb, oğlu isə həmişə onlara yaxşı baxıb, qayğı göstərib. Gəlinin gözündə əsasən mal-mülk sahibi olmaq olub. Oğlunun xətrinə onu gəlin kimi qəbul etdiyini edib. Y.Abıyeva məhkəməyə təqdim olunmuş yazılı izahatında göstərilənləri bir daha təsdiq edərək, bildirdi ki, iddianı nəvələrinə görə qəbul edir, nəvələrinə canı qurbandı. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, söbutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 28 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0329 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin AN 659275 seriya və nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,0329 ha torpaq sahəsinin hüquqi sahibliyi X4 mxsusdur. İş materiallarında olan Quba rayon İHB-nin İİ Nügədi kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 1020 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, İİ Nügədi kənd sakini olub, həmin kənddə yaşayır. Mərhum həyat yoldaşı X1 adına AR ƏMDK Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan 0,0329 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı yaşayış evi vardır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 65 nömrəli çıxarışından görünür ki, X9 ilə İddiaçı nikahları haqqında xx.xx.2014-cü il tarixli, 26 nömrəli akt qeydi tərtib olunmuş, Quba rayon İİ Nügədi kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 266616 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə vəfat etmiş, xx.xx.2022-ci il tarixində ölüm haqqında akt qeydləri kitabında 487 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən 05 sentyabr 2022-ci il tarixli, 2672 nömrəli məktubuna əsasən, İddiaçı, X6, X5, Cavabdeh2 və Cavabdeh1 22 iyun 2022-ci il tarixində vəfat etmiş X1 vərəsələri sırasına daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunma barədə qətnamə çıxarır. Göründüyü kimi məhkəmədə müəyyən edildi ki, İddiaçı X9 ilə rəsmi nikah qeyd etdirərək ailə qurublar, birgə nikahdan iki qız, bir oğlan övladları doğulub. Oğlu 02 dekabr 2020-ci il təvəllüdlü X7 04 oktyabr 2021- ci il tarixində, əri X9 22 iyun 2022-ci il tarixində vəfat edib. İddiaçı hazırki iddia ərizəsiylə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********7 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 28 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,0329 ha torpaq sahəsinin üzərində tikilmiş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülmələrini xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etdiklərini, onların ora köçüb yaşamalarına etiraz etmədiklərini bildirdilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı azyaşlı övladları ilə birlikdə mərhum X4 məxsus Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0,0329 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış sahəsinə köçürülməyi barədə tələbini qanuni hesab edir və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları ilə birlikdə mərhum X4 məxsus Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0,0329 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış sahəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar