Məhkəmə qərarları › İş №2(027)-2450/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2450/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2450/2025 21.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxslər X7, X4 nümayəndəsi X3 və X8 iştirakları ilə, Ərizəçi X2 maraqlı şəxslər X15,X9, X5, X16 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ İşin mahiyyəti Ərizəçi X6 məhkəməyə ərizə ilə müraciət edərək, 09 aprel 2015-ci ildə vəfat edən X14 miras qalmış ünvan 1 ünvanında ƏMDK-i yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa, texniki pasporta əsasen 0.0166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etməyi barədə faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. X6 ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri- atası X10, anası X28, qardaşları X11, X17, bacıları X12, X9 və o X6 olmuşdur. Ataları və anaları 15 iyun -1955-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. X1 28 mart 2002-ci ildə, anaları X28, isə 09 aprel 2015-ci ildə vəfat etmişdir. Hal-hazırda miras qoyanın X11, X17, X12, X9, X6 - vardır. ünvan 1 ünvanında ƏMDK-i yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa, texniki pasporta əsasən 0.0166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, valideynləri - 28 mart 2002-ci ildə vəfat edən X10 və 09 aprel 2015-ci ildə vəfat edən X14 miras qalmışdır. Halhazırda qeyd olunan miras qalmış əmlaka vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyir. Bununla ələqədar Quba Regional "Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinin 04 avqust 2025-ci il tarixli 3889 nömrəli məktubu ilə mirasın qəbulu müddətini ötürməməyi, mirasın faktiki qəbulu, ona sahiblik etməyi barədə sübutlar təqdim etmədiyindən qanun üzrə vərəsəlik hüququna dair şəhdətnamənin verilməsindən imtina edlmişdir. Ona görə də mirası qəbul etmək faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək izah edilmişdir. Həmin faktı başqa yolla təsdiq etmək mümkün deyildir, bu fakt yalnız məhkəmə vasitəsilə müəyyən edilməlidir. Məhkəmə tərəfindən X15,X9, X16 və X5 maraqlı şəxs qismində işə cəlb edilmişlər. İİ Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçi X6 ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər X15,X4 nümayəndəsi X5 və X16 məhkəmədə verdikləri izahatda ərizəçi Ağahüseyn İsmayılovun 09 aprel 2015-ci il tarixdə vəfat etmiş anası Əzizə İsmayılovaya məxsus olmuş fərdi yaşayış evində əvvəldən yaşadığını, anasının ölümündən sonra da miras əmlakı faktiki olaraq qəbul etdiyini bildirmişlər. Eyni zamanda aralarında miras əmlakla bağlı hər hansı bir mübahisənin mövcud olmadığını da qeyd etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ İşin halları İİ-ЖГ 362722 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1958-cı il tarixdə anadan olmuşdur. Onun atası – X10, anası – X21r. ИЕ 212445 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X10 ilə X28 arasında xx.xx.1955-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. AZ-İ 144291 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2002-ci ildə vəfat etmişdir. AZ-İ 737354 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X28 xx.xx.2015-ci ildə vəfat etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X18 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, AR Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürdüyündən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Quba Regional “Asan Xidmət”X27 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İsmayılova Əzizənin ailə üzvləri; əri X10-xx.xx.2002-ci ildə vəfat edib, oğlu X6 -xx.xx.1958, oğlu X5 -xx.xx.1960, qızı-X12 -xx.xx.1965, qızı X9 xx.xx.1967, oğlu X13r xx.xx.1973 İV Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X18 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.Sözügedən şəxs 09 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin sonuncu mirasın qəbulu müddətinin ötürülməsini əsas gətirərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda ərizəçi Ağahüseyn İsmayılov mirasın qəbul edilməsi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə bildirir ki, miras qoyan Əzizə İsmayılova 09 aprel 2015-ci il tarixdə vəfat etdiyindən hazırki işə həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları) Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırki işə şamil olunmadığı barədə hüquqi mövqeyi əsas götürüb, qeyd edir ki, ərizəçinin anası 09 aprel 2015-ci il tarixdə vəfat etdikdən sonra , sonuncuya məxsus fərdi yaşayış evini faktiki olaraq qəbul etmiş, həmin evdə yaşamağa davam etmişdir. Qeyd edilən faktı məhkəmə tərəfindən işə maraqlı şəxs qismində cəlb edilmiş şəxslər də verdikləri izahatlarla təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəmə Plennumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 10-cu maddəsinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi X2 göstərdiyi hallar, yəni ƏMDK-i yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa, texniki pasporta əsasen 0.0166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etməyi barədə faktın müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 aprel 2015-ci ildə vəfat edən X14 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən 0.0166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair ərizəçi X2 mirası qəbul etməyi barədə fakt müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar