Məhkəmə qərarları › İş №2(027)-2563/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2563/2025

18.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2563/2025 18.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayədəsi və vəkili Nümayəndə, Cavabdeh X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyasının icrası vəzifələrinin həvalə olunduğuX4nın iştirakı ilə İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba- X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Cavabdeh1 və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba- X3 İdarəsi) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 10 iyun 2025-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, və onun iddia ərizəsinin təmin olunaraq işə bərpa olunmağı və ödənilməmiş əmək haqqımın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəlliməsi vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində nəaliyyətləri olmuşdur və heç bir vaxt iş fəaliyyəti ilə əlaqədar irad tutulmamış, iki uşaq anasıdır, uşaqları hal-hazırda ödənişli olmaqla tələbədir, universitetdə əyani təhsil alırlar. Digər müəllimələr ilə birlikdə o da, atestasiyadan keçirilməyə cəlb edilmişdir. Atestasiya komissiyasının vərəqəsində qeyd edilir ki, iştirakçı Edur qammasını və növlərini ifa etdi. Cis moll qammasını və növlərini ifa etdi. Aplikaturaları düzgün ifa etmirdi. Aparıcı sektakkord neçənci pillədən qurulur sualı verildi- cavabladı. Y.Haydn sonata D dur əsərini peşəkar ifa etmədi. Verilmiş not nümunəsini üzdən zəif ifa etdi. Haydn yaradıcılığına dair suallar verildi-cavabladı. Haydn neçə simfoniyanın müəllifidir sualı verildi-cavabladı. Hansı ştrixlərdən istifadə edir sualı verildi-cavablaya bilmədi. Romantizm dövrünə dair suallar verildi-cavabladı. Pedaqoji təcrübəyə dair suallar verildi, polifonik əsərlərdən nələri tədris edirsiniz sualları verildi-cavabladı. Orta siniflərə hansı proqramı verirsiniz sualı verildiqismən cavabladı. Baxın neçə inversiyası var sualı var verildi-cavabladı. Üç səsli inversiya necə aldanır sualı verildi-cavabladı. Pedallardan suallar verildi-cavablaya bilmədi. Sinkopa nədir sualı verildi-cavabladı.Verilən suallara verdiyi cavablara görə komissiya nəticədə ona uyğun deyil rəyini verdi. Hesab edir ki, ona qarşı atestasiya komissiyası tərəfindən ona verilən sualların əksəriyyətinə cavab verməyinə baxmayaraq ona qarşı qərəzli münasibət nümayiş etdirilib və əsassız olaraq Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun 10 iyun 2025-ci il tarixli 16 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70 -ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla qeyd etmək istəyir ki, atestasiya komissiyası Uşaq Musiqi məktəbinin aparıcı fortopiano müəllimələrindən biri olmağına və 13 il 4 ay iş stajı olmasına baxmayaraq ona qarşı qərəzli və qeyri obyektiv qərar qəbul edilmişdir. Atestasiya Komissiyasının qərarı ilə razı deyil ona görə ki, komissiya onu nə iş stajını, nə seçilən müəllimə olmağını və nə də ki, suallara verdiyi müsbət cavabları nəzərə almamışdır. Qeyd etmək istəyir ki, işlədiyi 13 il 4 ay ərzində aparıcı müəllimə kimi onun iş fəaliyyətində nəaliyyətləri olmuşdur. Belə ki, dərs dediyi məzun Nuray Məlikova 2022-ci ildə Sumqayıt Musiqi Kollecinə, 2023-cü il məzunu X9 Zeynallı adına Bakı Musiqi Kollecinə, 2024-cü il məzunu Gülay Musayeva isə Sumqayıt Musiqi Kollecinə qəbul olmuşlar. Attestasiya komissiyası tərəfindən 11 sual verilib, 9 suala cavab vermiş, proqramdan kənar iki sual verilib və həmin suallara da müsbət cavab vermişdir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbin direktorunun 10 iyun 2025-ci il tarixli 16 saylı Əmri ləğv edilməli, o, işə bərpa edilməli və ödənilməmiş əmək haqqı ona ödənilməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Quba- X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktor vəzifəsi üzrə əmək funksiyasının icrası vəzifələrinin həvalə olunduğu X4 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı özü artıq uzun müddətdir ki, məktəbdə musiqi müəllimi kimi fəaliyyət göstərir. Özü təcrübəli müəllimədir. Əmrin tərtib edilməsinə əsas məhz attestasiya komissiyasının qərarı olmuşdur. Müəllimdən hər hansı bir narazıçılığı olmamışdır. İndi də onun işə bərpa edilməsinə hər hansı bir etirazı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Cavabdeh1 və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba- X3 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatına qeyd etmişdir ki, attestasiya Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur. Komissiyanın üzvləri də Nazirlik tərəfindən müəyyən olunur. Eyni zamanda məktəbdən də bir nəfər nümayəndə attestasiya komissiyasının üzvü kimi çıxış edir. Əsasən aplikaturaların ifasına qiymət verilir. Ola bilər ki, müsbət qərar verilməməsinə əsas məhz aplikaturaların düzgün ifa olunmamasıdır. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən xx.xx.2025-ci il tarixdə keçirilən attestasiya komissiyasının üzvü X2 ifadəsində qeyd etmişdir ki, onun özü də həmin məktəbdə musiqi müəlliməsi vəzifəsində çalışmışdır. Attestasiyanın keçirilməsində həmkar kimi iştirak etmişdir. Gülnarə müəllimə sulların əksəriyyətini cavablandırmış, yalnız 1-2-nə cavab verə bilməmişdir. Təcrübəli müəllimədir. Nəaliyyətləri çoxdur. Şagirlərindən kolleclərə qəbul olanların sayı kifayət qədərdir. İİİ. İşin faktiki halları: xx.xx.2025-ci il tarixli 16-k nömrəli əmrə əsasən Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 10 iyun 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iştirakçı Edur qammasını və növlərini ifa etdi. Cis moll qammasını və növlərini ifa etdi. Aplikaturaları düzgün ifa etmirdi. Aparıcıseptakkord neçənci pillədən qurulur sualı verildi- cavabladı. Y.Haydn sonata D dur əsərini peşəkar ifa etmədi. Verilmiş not nümunəsini üzdən zəif ifa etdi. Haydn yaradıcılığına dair suallar verildi-cavabladı. Haydn neçə simfoniyanın müəllifidir sualı verildi-cavabladı. Hansı ştrixlərdən istifadə edir sualı verildi-cavablaya bilmədi. Romantizm dövrünə dair suallar verildi-cavabladı. Pedaqoji təcrübəyə dair suallar verildi, polifonik əsərlərdən nələri tədris edirsiniz sualları verildi-cavabladı. Orta siniflərə hansı proqramı verirsiniz sualı verildi-qismən cavabladı. Baxın neçə inversiyası var sualı var verildicavabladı. Üç səsli inversiya necə aldanır sualı verildi-cavabladı. Pedallardan suallar verildi-cavablaya bilmədi. Sinkopa nədir sualı verildi-cavabladı. Quba şəhər Uşaq İncəsənət Məktəbinin İşçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 16 may 2025-ci il tarixli, 3 nömrəli protokola əsasən İddiaçı tutuduğu vəzifəyə uyğun hesab edilməmişdir. Attestasiya Komissiyasının 11 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən fortepiano müəllimi İddiaçı tutuduğu vəzifəyə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Mədəniyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Quba Rayon Məhkəməsinin icraatında olan İddiaçı Soltanməcid qızının cavabdeh Quba şəhər Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işlə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, videogörüntünün təqdim edilməsi barədə sorğunuza cavab olaraq bildiririk ki, texniki nasazlıq səbəbindən iddiaçının attestasiyası zamanı çəkilmiş görüntülərin məhkəməyə göndərilməsi 1 (bir) aya qədər gecikdirilə bilər. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 2018-ci il 8 noyabr tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. Attestasiya Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun strukturuna daxil olmayan tabeliyindəki konkret müəssisə tərəfindən həyata keçirilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

70. “c” maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbui edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

288. “x” maddəsinə əsasən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 300.1. əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarım araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 01 dekabr 2011-ci il tarixdən etibarən Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində musiqi müəllimi vəzifəsində işləmiş, 16 may 2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilmədiyi əsası ilə Quba şəhər Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli 16-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilməklə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında gətirdiyi arqumentlər ondan ibarətdir ki, sualların əksəriyyətini cavablandırmasına baxmayaraq, attestasiya komissiyası tərəfindən ona qarşı qərəzli münasibət göstərilmişdir. Məhkəmə tərəfindən 16 may 2025-ci il tarixli attestasiya vərəqəsinə baxış keçirilməsi zamanı ona verilən suallardan əksəriyyətini cavablandırdığı müəyyən olunur. Belə ki, İddiaçı Edur qammasını və növlərini ifa etdi. Cis moll qammasını və növlərini ifa etdi. Aparıcıseptakkord neçənci pillədən qurulur sualı verildi- cavabladı.Haydn yaradıcılığına dair suallar verildi-cavabladı. Haydn neçə simfoniyanın müəllifidir sualı verildi-cavabladı.Romantizm dövrünə dair suallar verildi-cavabladıBaxın neçə inversiyası var sualı var verildi-cavabladı Pedaqoji təcrübəyə dair suallar verildi, polifonik əsərlərdən nələri tədris edirsiniz sualları verildi-cavabladı Üç səsli inversiya necə aldanır sualı verildicavabladı. Sinkopa nədir sualı verildi-cavabladı. Aplikaturaları düzgün ifa etmirdi. Hansı ştrixlərdən istifadə edir sualı verildi-cavablaya bilmədi Pedallardan suallar verildicavablaya bilmədi. Verilmiş not nümunəsini üzdən zəif ifa etdi Y.Haydn sonata D dur əsərini peşəkar ifa etmədi. Orta siniflərə hansı proqramı verirsiniz sualı verildi-qismən cavabladı.. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən qərəzli mövqenin mövcud olması halının araşdırılması istiqamətində attestasiyanın keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim edilməsi barədə AR Mədəniyyət Nazirliyinə müvafiq sorğu göndərilməsinə və həmin sorğuya cavab verilməsi məqsədilə məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq, videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.2025-ci il tarixdə keçirilən attestasiya komissiyasının üzvü olmuş və əvvəllər Quba şəhər Uşaq İncəsənət məktəbində müəllim olaraq çalışmış X2 da məhkəmə iclasında verdiyi ifadəsində iddiaçının sualların əksəriyyətinə cavab verdiyini təsdiqləmişdir. Məhkəmə həmçinin qeyd edir ki, AR Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanununun sözügedən normasının məzmunundan görünür ki, bu göstəriş imperativ xarakter daşımamaqla, əmək müqaviləsinin mütləq qaydada ləğvini nəzərdə tutmur. Bu isə onu deməyə əsas verir, attestasiya komissiyasının qərarının müsbət olmaması əmək müqaviləsinə xitam verilməsi üzrə işəgötürən üzərinə hər hansı bir öhdəlik qoymur. Əlavə olaraq AR Əmək Məcəlləsinin 67-ci maddəsinin ikinci bəndində göstərilmişdir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktor vəzifəsi üzrə əmək funksiyasının icrası vəzifələrinin həvalə olunduğu X4 da verdiyi izahatda İddiaçı işə bərpa olunmasına hər hansı bir etirazının mövcud olmadığını bildirməklə, onun fəaliyyətindən razı olduğunu və attestasiya komissiyasının qərarına əsasən iddiaçının vəzifəyə uyğun olmadığı müəyyən edildiyindən əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir.

V.Nəticə

Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli 16-k saylı əmri ləğv edilməli, iddiaçı Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilməli və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli 16-k saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh1 X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar