Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-260/2022 27.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi 25.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə 20.07.2006-cı tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış 14 nömrəli nikah qeydinin pozulması, 28.08.2004-cü il təvəllüdlü X1, 12.05.2006-cı il təvəllüdlü X2 və 05.03.2012-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılaraq, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla üç uşaq üçün 525 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 ilə 2003-cü ildə el-adəti üzrə ailə qurmuş, 20.07.2006-cı il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan 28.08.2004-cü il tarixdə Xanbikə, 12.05.2006-cı il tarixdə Rühanə və 05.03.2012-ci il tarixdə Fərid doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan dəyişmişdir. Cavabdehlə ailə münasibətləri pozulmuş və uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Bundan sonra ailənin qorunub saxlanılması qeyri-mümkündür. Nikahın pozulmasında fikri qətidir. Sadalananları nəzərə alaraq, onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların onun yanında saxlanılması və uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaç İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İ 243215 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə Cavabdeh arasında Quba rayon Qeydiyyat şöbəsində 20.07.2006-cı tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra X3 Muradova soyadı verilmişdir; AZ-İ 818294, AZ-İ 818295, AZ-İİ 886214 nömrəli doğum haqqında şəhadətnamələrin nitarial təsdiqli surətlərindən görünür ki, tərəflərin birgə nikahından 28.08.2004-cü il tarixdə X7, 12.05.2006-cı il tarixdə X9 və 05.03.2012-ci il tarixdə X10 doğulmuşdur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfindən 27.01.2022-ci il tarixdə barışıq əldə edilməsi üçün tərəflərə üç ay vaxt verilsə də, cavabdeh bununla bağlı heç bir səy göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 20.07.2006-cı tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 14 saylı nikah qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə görə məhkəmə nikaha xitam verərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. İşin diqqətəlayiq hallarını, tərəflərin fikrini, cavabdehin bu hissədə iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə tərəflərin birgə nikahından olan 28.08.2004-cü il təvəllüdlü X7, 12.05.2006-cı il təvəllüdlü X9 və 05.03.2012-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılması qənaətinə gəlir. Aliment tələbi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin aliment hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 28.08.2004-cü il təvəllüdlü X7, 12.05.2006-cı il təvəllüdlü X9 və 05.03.2012-ci il təvəllüdlü X10 hazırda analarının himayəsində qalırlar. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər-hansı etiraz təqdim edilmədiyindən bu hal mübahisə predmeti sayıla bilməz. Bununla yanaşı məhkəmə cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair iddiaçının sübut təqdim etmədiyi, digər tərəfdən yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsi əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, üç uşağa görə cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 25.11.2021-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 28.08.2004-cü il təvəllüdlü X7, 12.05.2006-cı il təvəllüdlü X9 və 05.03.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, 25.11.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşağa görə cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Müəyyən edilmiş aliment məbləği cəmi 420 (dörd yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə üç uşağa cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 5040 manat (12 ay × 420 manat = 5040 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə (30 manat + 1000 manatdan yuxarı olan hissənin 1%-i, yəni 4040 manat × 1% = 40,40 manat) təşkil edir. Beləliklə, cəmi 70,40 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20.07.2006-cı tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 14 saylı nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahından doğulmuş 13.06.2003-cü il təvəllüdlü X11, 28.08.2004-cü il təvəllüdlü X7, 12.05.2006-cı il təvəllüdlü X9 və 05.03.2012-ci il təvəllüdlü X6 anaları - İddiaçı yanında qalması müəyyən edilsin. Tərəflərin birgə nikahından doğulmuş 28.08.2004-cü il təvəllüdlü X7, 12.05.2006-cı il təvəllüdlü X9 və 05.03.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, 25.11.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşağa görə cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 70,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-260/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-260/2022
27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver