Məhkəmə qərarları › İş №2(027)-2774/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2774/2025

03.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2774/2025 03.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı (X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı X3 Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı qeydlərin (əmək müqaviləsinə xitam bildirişinin) elektron informasiya sisteminə-“Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 fevral 2016-cı il tarixdə mənimlə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mən bir müddət satıcı kimi cavabdehə məxsus mağazada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddət işlədikdən sonra işdən çıxmışdır. İşdən çıxarkən ona bütün sənədləşmə işlərinin bitdiyi bildirilmişdir. 2025-ci ilin yay aylarında yeni işə daxil olmağımla bağlı əmək müqaviləsi bağlamaq üçün elektron informasiya sisteminə daxil olduqda aktiv əmək müqaviləmin olduğu mənə bildirmişdir. Həmin müqavilə ilə maraqlandıqda ona məlum olmuşdur ki, iş üzrə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi elektron informasiya sistemində bu günə kimi xitam verilməmiş və aktiv olaraq qalmışdır. həmin əmək müqaviləsinə xitam vermək üçün işəgötürən olan Cavabdeh müraciət etmiş, onu tapa bilməmişdir. İşləmədiyi və əmək haqqı almadığım halda elektron sistemdə aktiv olan əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehi tapa bilmədiyi və yeni işə daxil olmağı üçün həmin poblemin həll olunması vacib olduğundan köməklik göstərmələri üçün X5 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinə müraciət etməli olmuşdur. Həmin qurum tərəfindən müraciətimə baxılaraq hazırkı məsələnin yalnız məhkəmə vasitəsilə həll edilə biləcəyi bildirilmişdir. Belə ki, dövlət orqanının cavabında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməli, işəgötürən tərəfindən bu vəzifə icra olunmadığı halda rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu olmadığı müəyyən edilməklə əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli olduğu və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı Əmək və Məşğulluq altsistemində qeydlərin aparılması hüququnun X5 Xidmətinə həvalə edilməli olduğu bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə verərərək Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh iştirakı olmadan xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı qeydlərin (əmək müqaviləsinə xitam bildirişinin) elektron informasiya sisteminə - “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh uzun müddətdir ki Azərbaycanda deyildir. Hazırda isə onunla heç bir əlaqəsi qalmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əmək müqaviləsinə xitam verilməsinin “Əmək və məşğulluq” altsistemində müvafiq qeydin aparılması DƏMX-nin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun İşəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq altsisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməlidir; - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən tərəflər xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışdır. - elektron məhkəmə informasiya sistemində əldə edilən məlumata əsasən cavabdeh xx.xx.2024-cü il tarixindən ölkə ərazisindən çıxmışdır. - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir; IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X1 Şamo Şavval oğlu tərəfindən xx.xx.2016-cı il tarixdə “satıcı” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı qeyd edilən şirkətlə hər hansı bir əmək münasibətlərinin qalmadığını, əmək münasibətlərinin pozulduğunu əsas gətirərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir müraciətə cavab verilməmişdir. Müfəttişliyin də müvafiq cavab məktubundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilmiş hesab edilməli, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. V. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilmiş hesab edilsin. İddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar