Məhkəmə qərarları › İş №2(027)-31/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-31/2024

19.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-31/2024 19.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və tikililərin, qurğuların cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 07 avqust 2019-cu il qeydiyyat tarixli **********61 daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus 1.5944 ha torpaq sahənin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona verilməsi və cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 cavabdeh qismində tanınmasını və torpaq sahəsinin Quba rayonunda yerləşdiyindən iddia tələbinə aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmasını məhkəmədən xahiş etmişdi. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 07 avqust 2019-cu il qeydiyyat tarixli **********61 daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Quba rayonu İsnovqışlaq kəndi ərazisində yerləşən 1.5944 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Torpaq sahəsini yeni aldığı vaxtlar mütəmadi olaraq torpaq sahəsinə gedib-gəlib. Bakı şəhərində yaşadığından son illər torpaq sahəsindən istifadə etməyib və gedib gəlməyib. 2022-ci ilin fevral ayında torpaq sahəsinə baxmaq üçün gedərkən torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt olunduğunu görüb. Belə ki, Cavabdeh1 onun xəbəri və razılığı olmadan torpaq sahəsini zəbt etmiş, mişar daşından köməkçi bina inşa etdirmiş, su çəni yerləşdirmişdir. Cavabdeh1 zəbt edərək istifadə etdiyi torpaq sahəsinin ona məxsus olmasını və torpaq sahəsindən çıxmasını bildirib. Cavabdeh torpaq sahəsinin ona məxsus olmasını və torpaq sahəsindən çıxmayacağını bildirib. O, torpaq sahəsinin ona məxsus olması barədə sənədləri tələb etdikdə, o heç bir sənəd təqdim edə bilməyib. Cavabdehin qanunsuz hərəkətləri barədə onun Quba rayon İHB-nin Aparatına ünvanladığı müraciətinə 29 sentyabr 2021-ci il tarixli, 2235/3 saylı cavab məktubunda bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsində başqa vətəndaş tərəfindən qanunsuz tikilən tikilinin sökülməsi mübahisəli xarakter daşıdığından həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını təklif etsə də o, çıxmayacağını bildirir. O öz mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq, həmin torpaq sahəsindən istifadə etməyinə və əkibbecərməyinə imkan vermir və beləliklə də onun həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını pozur. Cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmaq fikrində deyildir. Bununla da onun torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdıraraq, ona həm maddi, həm də mənəvi ziyan vurur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və tikililərin,qurğuların cavabdehin hesabına sökülməs tələbinə dair iddia ərizəsindən imtina etdiyini və həmin torpaq sahəsi ilə bağlı heç bir tələb və şikayətinin olmayacağını bildirmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi təqdim edilməsinə və göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müvafiq ərizə və onun əsaslandığı dəlilləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcələnin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtina ərizəsi qəbul edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 261.0.4, 261.0.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və tikililərin,qurğuların cavabdehin hesabına sökülməs tələbinə dair iddia ərizəsi üzrə iddia tələbindən imtina qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar