Məhkəmə qərarları › İş №2(027)-322/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-322/2024

14.02.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-322/2024 14.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-967A KOD 30316018 ha Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 tərəfindən, Torpaqın mülkiyyətə verilməsinə dair JN-777A KOD 30316018 saylı Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, mərhum X6 və mərhum X7 tərəfindən ona 15 mart 2003-ci il tarixdə satılmasına dair alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayonu Zərdabi kəndində yaşayır. 2003-ci ilin əvəllərində yaşadığı ərazidə torpaq sahəsi almaq üçün maraqlananda Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahələrinin satılmasını eşitdi. Qeyd edilən torpaq sahələrini almaqla bağlı maraqlanmaq üçün həmin vaxt sağ olan Cavabdeh2 və Cavabdeh1 ataları olmuş Nadir Süleymanovun yanına gedərək torpaq sahələrinin sənədləri ilə maraqlanmışdır. Həmin vaxt Nadir Süleymanov ona Quba Rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə JN-777A KOD 30316018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4, Cavabdeh2, Cavabdeh3 və X5 ayrılmış Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin və Quba Rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999cu il tarixli, 115 saylı qərarı ilə JN-967A KOD 30316018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh1 məxsus olan Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha torpaq sahəsinin satıldığını bildirmişdir. Torpaq sahələrinin sənədləri ilə tanış olduqdan sonra həmin torpaq sahələri ona yerində də göstərilmişdir. Bununla bağlı aralarında olan razılığa əsasən torpaq sahələrinin satın alınması üçün həmin vaxtın məzənnəsi ilə 16000000 (16 milyon manat) məbləğində pul ödədi. Bundan sonra isə oğlunun xəstəliyi ilə əlaqədar satın aldığı torpaq sahələri ilə bağlı sənədləşmə işlərini tam yekunlaşdıra bilməməmişdir. Belə ki, övladının müalicəsi və ailəsini dolandırmaq üçün 2007-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasına gedərkən aldığı torpaq sahələrinə nəzarət etməyi kiçik oğluna və o cümlədən torpaq sahəsinin qonşuluğunda digər qonşularına tapşırmışdır. O, 2014-cü ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra ona məlumat verildi ki, onun satın aldığı torpaq sahələrində ev tikilir. O, qeyd edilən problemlə maraqlandıqda ona cavabdehlər və onların valideyni Nadir Süleymanov tərəfindən göstərilən torpaq sahələrinin bələdiyyə tərəfindən müharibə veteranına ayrıldığını gördü və ona bildirdilər ki, iş üzrə cavabdehlər tərəfindən ona satılan torpaq sahələri bu ərazidə deyil, başqa ərazidə yerləşir. Bələdiyyə sədrinin göstərişi ilə guya onun aldığı torpaq sahələrinin sürüşdüyü ərazidən 0,12 ha torpaq sahəsinin onun satın aldığı torpaq sahəsi olduğu ona göstərilmiş və o həmin torpaq sahəsinin istifadəyə yararlı hala gətirmək üçün əlavə olaraq 4800 manat məbləğində xərc də çəkmişdir. Sonradan satın aldığı torpaq sahələrinin rəsmiləşdirilməsi üçün torpaq şəhadəmamələrində adları qeyd edilən cavabdehlərlə əlaqəyə keçərək satın aldığı torpaq sahələrinin alqı-satqı müqavilələrinin notarial qaydada rəsmiləşdirilməsi üçün sənədləşmə işlərinə başlamışdır. Hətta cavabdehlər Sədaqət Danyalova və Cavabdeh3 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 və xx.xx.2002-ci il tarixdə vəfat etmiş X3 vərəsələri olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmışdır. Həmin sənədləşmə işlərində də şəxsən iştriak etmişdir. Vərəsəlik problemi də aradan qalxdıqdan sonra artıq alqı-satqının notarial qaydada həyata keçirilməsi mərhələsinə gəlindikdə ona satılmış torpaq sahələrinə dair şəhadətnamələrə çıxarış alınması tələb edilmiş və bu zaman iş üzrə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və ona imtina cavab verilərək torpaq sahəsində başqa şəxslər tərəfindən fərdi yaşayış evlərinin tikildiyi üçün çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra artıq iş üzrə cavabdehlər, xüsusilə Cavabdeh1 torpaq sahələrinin onun adına rəsmiləşdirilməsindən tamamilə boyun qaçırmış, onunla ümumiyyətlə heç bir dövlət idarəsinə gəlməyəcəyini bildirmidir. Bundan sonra o, şikayət ərizəsi ilə Quba Rayon Polis Şöbəsinə müraciət etdikdə isə iş üzrə Cavabdeh1 polis şöbəsində izahat verərək torpaq sahələrinin öz razılıqları ilə 2003-cü il tarixdə ona satıldığını etiraf etmişdir. Lakin buna baxmayaraq iş üzrə cavabdehlər ona torpaq sahəsi satarkən düzgün torpaq sahəsinin yerini göstərməməklə, o cümlədən halhazırda da torpaq sahəsinin həqiqi koordinatları üzrə daşınmaz əmıakın dövlət reyestrindən çıxarış alaraq və çıxarışın alnması üçün yaranmış maneələri həll edərək alqısatqınl rəsmiləşdirməməklə onu aldadırlar. O, bir alıcı kimi üzərinə düşən vəzifəsini layiqincə icra edərək torpaq sahələrinin dəyərini cavabdehlərə tamamilə ödəmişdir. Cavabdehlər isə öz üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək alqı-satqı əqdinin notarial qaydada təsdiq edilməsinən imtina edirlər. Aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qeyd olunan maddənin tələblərinə əməl edərək, alıcı tərəf kmi öz üzərinə düşən vəzifələri yəni aldığı torpaq sahəsinə görə dəyərini satıcılara ödəyərək torpaq sahələrini satın almışdır. Cavabdehlər də öz növbəsində həmin həmin torpaq sahələrinin pulunu alaraq satdıqları torpaq sahəsini sənədləri ilə birlikdə ona vermişlər. Bu günə kimi həmin alqı-satqı müqaviləsi cavabdehlərin təqsiri üzündən təsdiq etdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, 2003-cü ildə oğlu ilə birlikdə Nadirin satdığı torpağa baxmışlar, yerləri müəyyən olunub, arxayın oturmuşlar. Satdığı torpaq Şahinin və Sədaqətin adına olub. 2010-cu ildə Nadir ölüb. 2014-cü ildə bilmişlər ki, onlara satılan yerdə Salman adlı qazi üçün ev tikirlər, hazırda evi tikib orada yaşayır. Şahinlə isə aralarında heç bir alqı-satqı olmayıb. İddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı həmkəndlisidir. Adına və bacısına məxsus torpağı mərhum atası Mikraminə satmışdır. Atası onların razılığını almamışdır. Yaşadığı ev atasının adınadır. Mirası o qəbul etməmişdir, anası qəbul etmişdir. İddianı əsassız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirr. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-777A KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X7, Cavabdeh2, Cavabdeh3, X3 mülkiyyətindədir. İş materiallarında olan JN-967A KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-1286 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN:777A, KOD 30316018 olan şəhadətnaməyə əsasən Quba rayon, Zərdabi qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X4 çatan hissədən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-1287 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN:777A, KOD 30316018 olan şəhadətnaməyə əsasən Quba rayon, Zərdabi qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X5 çatan hissədən ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Əlibaba oğlu torpağın mülkiyyətə verilməsinə dair JN-967A KOD 30316018 ha Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 tərəfindən, Torpaqın mülkiyyətə verilməsinə dair JN-777A KOD 30316018 saylı Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, mərhum X6 və mərhum X7 tərəfindən ona 15 mart 2003-ci il tarixdə satılmasına dair alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsini tələb edir. Mübahisə predmetini təşkil edən və Quba rayonu, Zərdabi kəndində yerləşən hər birinin sahəsi 0,06 ha olan həyətyanı torpaq sahələri JN- 777A KOD 30316018 saylı X1 Dair şəhadətnamə əsasında X7, Cavabdeh2, Cavabdeh3, X3 və JN-967A KOD 30316018 saylı X1 Dair şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 15 mart 2003-cü il tarixli alqı-satqı müqaviləsi rəsmi qaydada bağlanmamış və notarius tərəfindən təsdiqlənməmişdir. Belə olan halda, qeyd olunan alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən təmin edilə bilməz. Cavabdehlərin razılığı olmadan əqdin etibarlı hesab edilməsi qanuna uyğun ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı həm iddia ərizəsində həm də məhkəmədə verdiyi ifadədən görünür ki, iddiaçı ilə hazırki iş üzrə cavabdehlər arasında mübahisəli torpaq sahələrinin alqı-satqısı ilə bağlı heç bir yazılı və ya şifahi əqd olmamışdır. Torpaq sahələrinin alqi-satqısı ilə şifahi razışlaşma iş üzrə cavabdehlərin mərhum atası ilə olsa da, həmin dövrdə iş üzrə cavabdehlər yetkinlik yaşına çatmış şəxslər olmuşdur. Həmin mübahisəli torpaq sahələrinin alqı-satqısı ilə əlaqədar hər hansısa əqdin bağlanmasında indiki iş üzrə cavabdehlərin iştirakı zəruri idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarından biri də «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;(iş materillarından görünür ki yayınma mövcud deyil) - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı məhkəmədən torpağın mülkiyyətə verilməsinə dair JN-967A KOD 30316018 ha Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 tərəfindən, Torpaqın mülkiyyətə verilməsinə dair JN-777A KOD 30316018 saylı Şəhadətnamə əsasında Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, mərhum X6 və mərhum X7 tərəfindən ona 15 mart 2003-ci il tarixdə satılmasına dair alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, hazırda qanunla müəyyən olunmuş qaydada əqdi niyə bağlaya bilmədikləri ilə bağlı, həmçinin hazırki iş üzrə cavabdehlərlə mübahisəli torpaq sahələri ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmasını (yazılı və ya şifahi) təqdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar