Məhkəmə qərarları › İş №2(027)-3279/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3279/2025

03.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3279/2025 03.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktoru X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 10 iyun 2025-ci il tarixli № 17 К saylı əmrinin ləğv edilməsi və onun iddia ərizəsinin təmin olunaraq işə bərpa olunmağı və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində fortopiano müəlliməsi vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində o, xalq çalğı alətləri üzrə ümumi fənn dərsi tədris etmiş və heç bir vaxt iş fəaliyyəti ilə əlaqədar irad tutulmamışdır. Digər müəllimələr ilə birlikdə o, da atestasiyadan keçirilməyə cəlb edilmişdir. Atestasiya komissiyasının vərəqəsində qeyd edilir ki, iştirakçı hazırladığı əsəri orta-zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qamaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? Cavablaya bilmədi. Konsert janrı nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? Qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabladı. Romantizmin banisi kimdir? Cavabladı. Romantizimdən başqa hansı cərəyanlar var? Cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortopiana üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. Verilən suallara verdiyi cavablara görə komissiya nəticədə ona “uyğun deyil” rəyini verdi. Belə ki, atestasiya komissiyası tərəfindən 14 sual verilib, 10 suala cavab vermişdir. Hesab edir ki, atestasiya komissiyası tərəfindən ona verilən sualların əksəriyyətinə cavab verməyinə baxmayaraq ona qarşı qərəzli münasibət nümayiş etdirilib və əsassız olaraq Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun 10 iyun 2025-ci il tarixli №-17-K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla qeyd etmək istəyir ki, atestasiya komissiyası Uşaq Musiqi məktəbinin aparıcı fortepiano müəllimələrindən biri olmağına və 17 il 6 ay iş stajı olmasına baxmayaraq ona qarşı qərəzli və qeyri obyektiv qərar qəbul edilmişdir. Atestasiya Komissiyasının qərarı ilə razı deyil ona görə ki, komissiya onu nə iş stajını, nə seçilən müəllimə olmağını və nədə ki, suallara verdiyi müsbət cavabları nəzərə almamışdır. Qeyd etmək istəyir ki, işlədiyi 17 il 6 ay ərzində aparıcı müəllimə kimi onun iş fəaliyyətində nəaliyyətləri olmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun 10 iyun 2025-ci il tarixli № 17 К saylı Əmri ləğv edilməli, o işə bərpa edilməli və ödənilməmiş əmək haqqı ona ödənilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun nəticələrinə münasibətdə qərəzli mövqe olub. İmtahana hazırlaşıb getmişdir. Həyəcanlı olduğundan ola bilər ki, əsərdə çaşmışdır. Həmçinin eynəyini götürmədiyi üçün əsəri üzündən oxumaqdan imtina etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, hansı kriteriya əsasında qiymətləndirilmənin aparılması aydın deyil. Hesab edir ki, 14 sualdan 10-a cavab verdiyinə görə müəlimə imtahandan keçmiş sayılmalıdır. Ona görə də iddia tələbini müdafiə edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktoru X5 iddianı qəbul etməyərək, bildirmişdir ki, əvvəlcədən Mədəniyyət evində Nazirlikdən imtahanda çıxış edən müəllimlər gəlmiş onlarla görüş keçirmiş, imtahanın qaydaları onlara bildirilmişdir. Bildirir ki, hər müəlliməyə 25 dəqiqə müddət verilmişdir, özünə inamlı müəllimlər həmin müddət ərzində həm ev tapşırığını çalmış, 5 dəqiqə qamma keçmiş, 5 dəqiqə çalmaq, notu üzdən oxumaq. Qeyd edilən 14 suala gəldikdə isə bildirir ki, praktiki və nəzəri suallar olmuşdur. İmtahan zamanı ən çox çalğıya önəm verilmişdir. Müəllimə zəif müəllimə olduğundan imatahanda uğursuz nəticə əldə etmişdir. Ona görə də iddianı əsassız hesab edir. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş X1 İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mədəniyyət Nazirliyi tərəfindən ölkə üzrə 2025-ci ildə Atestasiya prosesinə start verilmişdir. Attestasiyada 5 nəfərdən ibarət tərkib olumuşdur. İmtahanda əsas ifaçılığa, praktikaya önəm verilmişdir. Şagirdlərlə işlədiyinə görə müəllimə ifanı yaxşı bilməldirki, bilikləri ötürə bilsin. Qeyd edir ki, həmkar da müəllimlərə kömək edir. Müəllim zəifdirsə praktikası yoxdursa uğursuz nəticə əldə edəcəkdir. Ona görə də hazırkı iddanı əsassız hesab edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Seyid-zadə Şəlalə Cəmaləddin qızı bildirmişdir ki, Quba şəhər Uşaq İncəsənət Məktəbində müəllim işləyir. Attestasiyada həmkar kimi iştirak etmişdir. Proqram üzrə müəllimlərə ev tapşırığı olmuşdur ki, bir əsəri özləri ifa etməli idilər. Sübdə müəllimə ifa edərkən ritm sahəsində nöqsanlar olmuşdur. Sədr onun ifasını saxlayıb nöqsanları ona göstərmişdir. Yenidən ifa etdikdə də saxlayıb iradlarını bildiridi. Müəllimə zəif ifa edirdi. Suallar verildi, bir neçə suala cavab versi, bir neçəsinə isə cavab verə bilmədir. 10-12 müəllimə vardı hərəsinə yarım saat vaxt verilmişdir. Sədr onun ifasını bəyənmədi. Tapşırıq olmuşdur ki, müəllimə özü istədiyi əsəri ifa etsin, həmin tapşırıqdan özü imtina etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin 10 iyun 2025-ci il tarixli, 17-K nömrəli əmrindən görünür ki, Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 10 iyun 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba şəhər Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiya haqqında 01№li Xəbərdarlıq bildirişdən görünür ki, Quba şəhər Uşaq İncəsənət Məktəbinin xx.xx.2024-cü il tarixli 11-F nömrəli əmrinə və bu əmrə dəyişiklik edilməsi haqqında xx.xx.2025-ci il tarixli 06-F nömrəli əmrinə əsasən işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılması, həmin əmrlərlə məktəbin müvafiq şöbəsi və “Elanlar” lövhəsində tanış ola bilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir. -İşçi tərəfindən attestasiyanın keçirilməsi haqqında bildirişin və proqramın təhvil alınması haqqında məlumatdan görünür ki, İddiaçı attestasiyanın keçirilməsi haqqında bildirişi və proqramı xx.xx.2025-ci ildə təhvil alımışdır. -xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00908 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Səfərli qızı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60manat məbləğində mediasiyaya dair xərc ödədi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədi. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin xx.xx.2024-cü il tarixli 11-F nömrəli Əmrinə əsasən Məktəbin əməkdaşları 2025-ci ilin fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilməlidirlər. -Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi xx.xx.2025-ci il tarixli əmrlə təsdiq edilmişdir. -Attestasiya vərəqəsinə əsasən: Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar; Hazırladığı əsəri orta zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qammaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? cavablava bilmədi. Konsert jann nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabjadı. Pomantizmin banisi kimdir? Cavabladı. Romantizmdən başqa hansı cərəyanlar var? cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortepiano üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. -Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Beləliklə, Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi işləmişdir. İşçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmadığını aşkara çıxarmaq məqsədi ilə yaradılmış Attestasiya Komissiyasından keçmədiyi üçün Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 10 iyun 2025-ci il tarixdə xitam verilmişdir. “Təhsil” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. 1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65.

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 4.1-ci madddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi məhkəmədə tədqiq edilən sübütlarla və tərəflərin ifadəsinə əsasən attestasiya komissiyasının rəyinin qərəzli olduğu ilə bağlı iddiaçı sübüt təqdim edə bilməmişdir. Bunu cavabdehin təqdim etdiyi attestasiyadan uğurla keçən və keçməyən işçilərin attestasiya vərəqlərinin müqayisəsi zamanıda aydın görmək mümkündür. Attestasiya vərəqəsinə əsasən: Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar; Hazırladığı əsəri orta zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qammaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? cavablava bilmədi. Konsert jann nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabjadı. Pomantizmin banisi kimdir? Cavabladı. Romantizmdən başqa hansı cərəyanlar var? cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortepiano üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. Ümumulikdə iddiaçı tərəfindən verilmiş 14 sualdan 7 sualı cavablamış, 1 sualdan, yəni əsəri üzündən oxumaqdan imtina etmiş, digər suallara isə zəif və orta cavablar vermisdir. Məhkəmə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırkı işdə attestasiya komissiyası məhz belə bir səlahiyyətli orqandır və onun qərarı qanuni olmaqla qüvvədədir. İddiaçı sözügedən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iddiaçının ödənilməmiş əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, bu tələb törəmə tələb olmaqla, bilavasitə işə bərpa tələbinin təmin edilib-edilməməsindən asılıdır. İddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin 10 iyun 2025-ci il tarixli, 17-K nömrəli əmri əmri qanuni və əsaslıdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar