Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-33/2023 23.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏRDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏRDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,10 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsi qonşu, Cavabdeh1 tərəfindən və müəyyən bir digər hissəsi isə Cavabdeh2 tərəfindən zəbt edilmişdir. O dəfələrlə cavabdehlərdən zəbt etdikləri sahədən çıxmalarını tələb etsə də cavabdehlər zəbt etdikləri sahədən çıxmamışlar. Ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi səbəbindən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə olan hüquqlarının həyata keçiirlməsini məhdudlaşdırır və hüquqları pozulur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, 5 ildir ki, sözügedən 10 sot torpaq sahəsi almışdır. Torpaq sahəsini alanda satan şəxs ona ərazidə olan setka göstərərək ona məxsus torpaq sahəsinin koordinatlarını izah etmişdir. O, torpaq sahəsini aldıqdan sonra rəsmiləşdirmişdir. Torpaq sahəsini ölçən zaman özünə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini müəyyən etmiş və bununla bağlı cavabdehlərə irad bildirmişdir. Onun torpaq sahəsi 12 sot olmalıdır. 2 sot ərazisi zəbt edilmişdir. O, setkanın yerində hasar hörmək istəyir, lakin cavabdhlərə görə edə bilmir. Torpaq sahəsinin ölçülməsi məqsədilə iş üzrə çox sayda ekspertiza təyin olunmuş, lakin ekspertlərə o, yerində ölçmə aparılmasını qoymamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 onun torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı özü setkanı yerində çıxardıb onun ərazisinə yerləşdirmişdir. Beləliklə də, onlara məxsus 2 sot torpaq sahəsini zəbt etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o iddiaçının qonşusu olsa da, sonuncunun torpaq sahəsini zəbt etməmişdir. Göstərilənləri nəzərə alaraq, qanuna uyğun qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs DƏRDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X1 Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,10 ha torpaq sahəsini 14500 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,10 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1316F KOD 30319018 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Quba rayonu, İkinci Nügədi kəndindən 0,20 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,10 ha torpaq sahəsini alaraq öz adına rəsmilşdirmişdir. Hazırda iddiaçı ona məxsus ərazisinin 0,12 ha olmasını, ona məxsus 0,02 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, sonuncların mübahisəli ərazidən çıxarılmasını tələb edir. Cavabdeh1 iddia tələbinə etiraz edir. Digər Cavabdeh2 ümumiyyətlə mübahisəli torpaq sahəsinə aidiyyəti olmadığını bildirir. İddiaçı isə məhkəmə iclasında Cavabdeh2 bildirdiklərini təsdiq edir. Göründüyü kimi, İddiaçı torpaq sahəsinin 0,12 ha olmasını qətiyyətlə bildirsə də, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi, onun adına Quba rayonu, İkinci Nügədi kəndində yerləşən cəmi 0,10 ha torpaq sahəsi xüsusi mlkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, dəflərlə məhkəmə tikinitexniki ekspertizasının təyin olunmasına baxmayaraq iş üzrə iddiaçı həmin ekspertizaların keçirilməsində iştirak etsədə, müvafiq ölçü işlərinin aparılmasına şəxsən əsasız maneə törətmişdir. (hər dəfə ekspertizanın keçirilməsində iştirak edən mütəxəssislərin və ekspertlərin savadsız olması, onların dövlət orqanları tərəfindən təyin olunan vəzifəli şəxslər olmasına baxmayaraq onlara inanmadığını, torpaq sahəsinin kordinatlarını müəyyən edilməsi üçün ölçmə cihazlarının nasaz olmasını və s. kimi bəhanələr gətirərk ekspertizanın keçirilməsinə əsasız maneə törətmişdir.) Bu hal özünün məhkəmədə verdiyi ifadədə də öz əksini tapmışdır. Ona görə də iddiaçının torpaq sahəsinin iş üzrə cavabdehlər tərəfindən zəbt edilməsini zəruri edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏRDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏRDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-33/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-33/2023
23.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver