Məhkəmə qərarları › İş №2(027)-34/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-34/2024

27.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-34/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh və üçüncü şəxslər Quba rayon Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsində inşa olunmuş yarımtikilinin və hasarın sökülməsi, torpaq sahsəinin əvvəlki vəziyyətinə gətirilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 ha torpaq sahəsinin zəbt olunmuş 0,05 ha hissəsindən çıxarılması, onun tərəfindən həmin torpaq sahəsində inşa edilmiş yarımtiklinin və hasarların öz hesabına sökülməsi, torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması və onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona Quba rayonu Quba Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 68/4 saylı Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-054, kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Torpaq sahəsi iki tərəfdən hasara alınmışdır. Həyat yoldaşı yaşlı və xəstə olduğu üçün həmin torpaq sahəsində ev tikdirə bilməmişlər. Sonradan həyat yoldaşı vəfat etdi. Özü və uşaqları bir müddət həmin torpaq sahəsinə gedə bilmədilər. Torpaq sahəsinə olan hüquqları 17.01 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 348 saylı kitabının 3 saylı vərəqində qeydiyyata alınmışdır. Bu yaxınlarda qonşuları onlara zəng edərək bildirdilər ki, bir nəfər tanımadıqları pols əməkdaşı onlara məxsus torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edərək ev tikdirir. Qonşuları həmin şəxsə bu torpaq sahəsinin onlara məxsus olduğunu bildirsələr də, həmin şəxs onlara əhəmiyyət vermədən tikinti işləri aparmışdır. Uşaqları dərhal həmin əraziyə getmiş və həqiqətən də, torpaq sahəsinin hasarla iki hissəyə bölündüyünü və bir hissəsində tikinti işləri aparıldığının şahidi olmuşlar. Lakin özbaşına tikinti aparan adamı tapa bilməmişlər. Sonradan məlum oldu ki, torpaq sahəsini özbaşına zəbt edən və tikinti aparan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin X4 və İmtahan Şöbəsinin zabiti X1. Uşaqları onu taparaq onlarda olan torpaq sahəsinə dair hüquqmüəyənedici sənədləri ona göstərsələr və torpaq sahəsini boşaltmasını xahiş etsələr də, Rəşad Şıxbabayev torpaq sahəsini satın aldığını bildirərək torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Sonradan onlara müxtəlif adamlardan müxtəlif məzmunlu sifarişlər göndərərək uşaqlarını hədələmiş, qulluq mövqeyindən sui-istifadə edərək nümayişkaranə şəkildə torpaq sahəsinin ona məxsus olduğunu və heç kimin onu həmin torpaq sahəsindən çıxara bilməyəcəyini bildirmişdir. Bu barədə Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Daxili X6 Eyvazova və Quba rayon Prokuroruna yazılı ərizələrlə müraciət etdi. Quba rayon Prokurorluğunda aparılan araşdırma nəticəsində məlum oldu ki, ona məxsus olan torpaq sahəsini Cavabdeh zəbt edərək orada ev və hasar inşa etdirmişlər. İzahatı alınan Cavabdeh oğlu X5 bildirmişdir ki, guya onun Quba şəhəri Qəçrəş yolu yaşayış massivində 0,05 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsi atası Cavabdeh adına sənədləşdirilmişdir, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin torpaq sahəsini hasara almış və orada yaşayış evi tikməyə başlamışdır. Yuxarıda qeyd etdiyim kimi, torpaq sahəsi ona Quba Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 68/4 saylı qərarı ilə verilmişdir və torpaq sahəsinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada yaşayış evi inşa etmək istəmişdir. Hazırda tikili yarımçıqdır, onun şikayətlərindən sonra tikinti işləri dayandırılmışdır. Cavabdeh ona məxsus olan Quba rayonu Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 ha torpaq sahəsinin zəbt olunmuş 0,05 ha hissəsindən könüllü çıxmaq, onun tərəfindən həmin torpaq sahəsində inşa edilmiş yarımtikilini və hasarları öz hesabına sökmək, torpaq sahəsini öz hesabına əvvəlki vəziyyətinə qaytarmaq, torpaq sahəsini boşaltmaq və onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu bərpa etmək istəmir, ona görə də mübahisə məhkəmə qaydasında həll edilməli, tələbinin təmin edilməi barədə qətanmə çıxarılmalıdır. İş üzrə Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixdə etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul edərək, iddiaçı ilə razılaşdığını, sövdələşmə olduğunu, mübahisəni sülh yolu ilə həll edəcəklərini bildirdi və iddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs Quba rayon Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********83 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,1 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 348 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/17196 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Quba şəhərində yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri xx.xx.2022-ci il tarixə 35000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddələrin dizpozitiv şərtlərini hazırki mübahisəyə tətbiq edərək məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən mübahisəli torpaq sahəsinin 0,05 ha hissəsi hasara alınaraq Cavabdeh tərəfindən istifadə edilmiş və faktiki olaraq onun istifadəsindədir. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində tikili mövcuddur və bu tikililərlə bağlı cavabdeh məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı mülkiyyətində olan 0,1 ha torpaq sahəsinin 0,05 ha hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur. Ona görə də, İddiaçı mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu massivində yerləşən torpaq sahəsinin 0,05 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və yarımtikili mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş, mülkiyyətçinin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, tikinti norma və qaydaları pozulmuşdur. Bununla da, Cavabdeh iddiaçıya məxsus Quba şəhəri Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 ha torpaq sahəsinin 0,05 ha hissəsindən qanunsuz olaraq istifadə edilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılmalı və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikililər (yarımtikli və hasarlar) Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən 0,1 torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılsın və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikililər (yarımtikli və hasarlar) Cavabdeh hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar