Məhkəmə qərarları › İş №2(027)-367/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-367/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-367/2024 01.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və X5 onun mülkiyyətində olan Quba rayon Amsar kəndində yerləşən 111,8 kv metr ümumi sahəsi olan evdən çıxarılaraq evi ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətində Quba rayon Amsar kəndi ərazisində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən 111,8 kv metr ümumi sahəsi olan yaşayış evi vardır. Onun mülkiyyətində olan evdə cavabdehlər Siyasət və Sevda Abdullayevalar yaşayırlar. Özü isə ərizədə qeyd etdiyi ünvanda yaşayır, o 1999-cu ildə cavabdehlərin və onun yaxınlarının hədə-qorxusu ilə ata yurdu olan, mübahisəli evdən çıxmışdır, cavabdehlər isə qanunsuz olaraq evini zəbt edib orada yaşayırlar və evdə olan ona və həyat yoldaşına məxsus olan əmlaklardan istifadə edirlər. dəfələrlə cavabdehlərə mülkiyyətində olan evdən çıxıb, evi boşaltmağı tələb etmişdir onlar isə mənə hədə-qorxu gələrək evdən çıxmırlar ona görə də öz pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, ev 2 mərtəbəli, 4 otaqdan ibarətdir. 2 otaq bir aynabənd ikinci mərtəbədə, 2 otaq isə birinci mərtəbədə yerləşir. Evin ümumu sahəsi əslində 128 kvm olmalıdı, qətnamələrdə də bu əksini tapıb, lakin daşınmazın verdiyi çıxarışda evin sahə kv/m-lə səhv yazılıb. Evi atası tikdirib, atası evi tikdirəndə əmisi Eyvaz həbsdə olmuşdur. O evdə qardaşı Alim də yaşamış, o 1999-cu ildə vəfat etmişdir. Cavabdehlər çoxdan bu evdə yaşayırlar. Onlara evin arxa hissəsində “kukuruzluq” deyilən yerdən torpaq verilmişdir, lakin yenə də cavabdehləri mülkiyyətindən çıxara bilməmişdir. Ev ona atasından miras qalmış, o mirası qəbul etmişdir Hal-hazırda evin mülkiyyətçisi odur. Buna baxmayaraq, hazırda o cavabdehlərə kompensasiya verməyə imkanı yoxdur. Ancaq yenə də halallıq olsun deyə gələcəkdə müəyyən məbləğ ödəyəcəkdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 izahatında bildirmişdir ki, ev onun atasından qalıb, o doğulduğu vaxtdan həmin evdə yaşamışdır. Ev 51-52-ci illərdə atası tərəfindən tikilib. Orda onun zəhməti var. Onlar anası ilə birlikdə evdə yaşayırlar, çünki getməyə başqa yerləri yoxdur və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, ümumi sahəsi 111,8 kv metr olan daşınmaz əmlak ümumi birgə mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrə ilə qeydiyyata alınmışdır. 12 noyabr 2022-ci il tarixli 2V-1511 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras-əmlakdan tam hissədə pay almalıdır. 12 noyabr 2022-ci il tarixli 2V-1512 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçı miras-əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, ümumi sahəsi 111,8 kv metr olan daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qarşı xx.xx.2024-cü il tarixli məlumatında, 5 saylı Xaçmaz Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən adı qeyd olunan Cavabdeh1 adına xx.xx.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət üzrə Quba rayonu, Amsar kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aşkar edildiyi bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən, Quba rayon İHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2024-cü il tarixli 5-61/2-08/2024 və 5-61/2-09/2024 məlumatlarında X9 və Abdullayeva X1 yaşadıqları ev inşa olunandan hal-hazıradək həmin evdə yaşadıqları və hal-hazırda yaşadıqları evdən başqa yaşayış evi və ya həyətyanı torpaq sahəsinin olmadığı qeyd edilmişdir. İşə əlavə olunan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-3575/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı mərhum atası X2 miras qalmış Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən yaşayış evinə dair çıxarışın verilməsilə əlaqədar ölçmə işlərinin aparılmasına cavabdehlər X9 və Cavabdeh1 yaratdıqları maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Amsar kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi X4 məxsus olmuş, üzərində tikilmiş evə dair məhkəmə mübahisələri olmuş və sonda torpaq sahəsi, həmçinin üzərində yerləşən yaşayış evinə İddiaçı vərəsəliklə mülkiyyət hüququ müəyyən olunmuşdur. İddiaçı yaşayış evinin mülkiyyətçisi kimi cavabdehlərin evdən çıxarılaraq evi ona təhvil verilməsini xahiş edir, cavabdeh X9 isə yaşayış evinə istifadə hüquqlarının olmasını və başqa yaşayış yerinin olmadığına istinad edərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı hazırda əmlakın yeganə mülkiyyətçisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan evin iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və X9 mübahisəli evə əvvəlki mülkiyyətçi X3 razılığı ilə ev inşa olunanda köçürülmüşlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsin əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcələsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edilmiş 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla birlikdə istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onları uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X9 mübahisəli evə əvvəlki mülkiyyətçi X3 razılığı ilə köçürülməklə və həmin mülkiyyətçi ilə ümumi təsərrüfat aparmaqla evə istifadə hüququ əldə etdiklərindən, iddia tələbi cavabdehlərin iddiaçıya məxsus Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv metr ümumi sahəsi olan evdən çıxarılması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan ev İddiaçı təhvil verilsin. İddia Cavabdeh1 və X5 Quba rayonu, Amsar kəndində yerləşən 111,8 kv/metr ümumi sahəsi olan evdən çıxarılmaları hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar