Məhkəmə qərarları › İş №2(027)-44/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-44/2025

11.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-44/2025 11.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 Məmmədrahim oğlu və İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlunun, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızının və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və torpağın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlu, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızı və İddiaçı5 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı “ Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən onların mülkiyyətində olan Quba rayon Qəçreş kəndi ərazisində yerləşən 95.ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına çəkdiyi hasarın sökülməsi və həmin torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisindən 0,95 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi ayrılmış və onlara mülkiyyəti təsdiq edən JN-262 KOD 30317018 Saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd edilən torpaq sahəsi ayrıldığdan sonra bir müddət torpağa sahiblik edərək istifadə ediblər və sonradan Cavabdeh1 torpağı hasara alaraq onların mülkiyyətinə verilmiş torpağa sahiblik və istifadə etməyə imkan verməmişdi. Onlar öz adlarına çıxarış almaq üçün sənədləri DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş,lakin Cavabdeh1 torpağı müayinə etməyə belə imkan verməmişdir. Ona görə də pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. İddia ərizəsinə əlavə edilmiş JN-262 KOD 30317018 Saylı “ Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktın” dan aşkar olunur ki, qeyd edilən Dövlət Aktına əsasən onların mülkiyyətində olan Quba rayon Qəçrəş ərazisində 0,95 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, onların mülkiyyətində olan 0,95 ha torpaq sahəsi başqa şəxs tərəfindən hasara alınaraq istifadə olunur və ona görə də müayinə işlərinin aparılması mümkün olunmamışdır. Bundan sonra iddiaçılar iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1 da cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Belə ki, sonradan məlum olmuşdur ki, iş üzrə cavabdehin qardaşı Cavabdeh2 da onların torpağının zəbt edilməsində iştirakçıdır. Ona görə də, Cavabdeh2 da cavabdeh qismində işə olunmasını, cavabdehlər-Cavabdeh1 və Cavabdeh2, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı “ Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən onların mülkiyyətində olan Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına çəkdiyi hasarın sökülməsi və həmin torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 Məmmədrahim oğlu və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişlər ki, mübahisəli torpaq sahəsini sovxoz vaxtından rəhmətlik atası, anası və onlar-iki qardaş kəndin adətinə görə dədə-baba torpağını icarəyə götürüb, yararsız torpağı yararlı hala salıb kəndli-fermer təsərrüfatı yaratmış, ağaclar əkmiş, hasar çəkmiş və oradan istifadə etmişlər. Bu torpaq onların dədə-baba torpaqlarıdır, onların orada zəhmətləri var. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməsini xahiş etmişlər. İcarə müqaviləsilə istifadə etdikləri torpaq sahəsinin bir-neçə il icarə haqqını ödədiklərini, sonrakı illərdə heç bir ödənişin olunmadığını və bu barədə onlardan icarə haqqı tələb olunmadığını bildirmişlər. İş üzrə digər iddiaçılar- İddiaçı4 Məmmədrahim qızı və İddiaçı5 məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olan JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.95 ha torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlu, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızı və İddiaçı5 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olan JN-269 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.69 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olan JN-270 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.18 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olan JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.13 ha torpaq sahəsi X4 və X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024cü il tarixli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyin əsasən, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş 0.95 ha torpaq sahəsi ilə JN-269 KOD 30317018 saylı, JN-270 KOD 30317018 saylı və JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən cavabdehlərə verilmiş 0,69 ha, 0,18 ha və 0.13 ha torpaq sahələri üst-üstə düşmür. JN-269 KOD 30317018 saylı, JN-270 KOD 30317018 saylı və JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən 0,69 ha, 0,18 ha və 0.13 ha torpaq sahələri qonşu torpaq sahəsi olan JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş 0.95 ha torpaq sahəsi ilə həmsərhəddir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən təqdim olunmuş arayışda qeyd edilir ki, Quba Aqrofirmasının N.Nərimanov adına sovxozun 1992-1995-ci illərə aid əmr kitablarında icarə müqavilələrinə dair məlumat aşkar edilməmişdir. Ona görə də sorğuda adları qeyd olunan vətəndaşlarla bağlanan icarə müqavilələrinə dair məlumat vermək imkanları yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisindən 0,95 ha torpaq sahəsi iddiçılara ayrılmış və onlara mülkiyyəti təsdiq edən Dövlət aktı verilmişdir. Qeyd edilən torpaq sahəsinin cavabdehlər tərərfindən hasara alınmaqla sahiblik və istifadə etmələrinə imkan verilmədiyindən, hazırki iddia ilə müraciət etmişlər. Cavabdehlər öz növbəsində qonşuluqda onlara məxsus torpaq saghəsinin də olması və mübahisəli torpaq sahəsinin sovxoz vaxtından ailə üzvləri ilə birlikdə kəndli-fermer təsərrüfatı yaradılmaqla icarə əsasında istifadə etdiklərini və ağac əkərək torpaqdan faxiləsiz istifadə etmə hüquqlarının olması ilə əsaslandıraraq iddianı qəbul etməmişlər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə ekspertizası zamanı hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi və həmsərhəd olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Qanunun 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavabdehlər izahatlarında həmçinin icarə müqaviləsi əsasında kəndli təsərrüfata daxil edilməklə iddiaçılara məxsus torpaq sahəsini istifadə etdiklərini, bir neçə il icarə haqqını ödədiklərini, sonrakı illərdə heç bir ödənişin olunmadığını və bu barədə onlardan icarə haqqı tələb olunmadığını etiraf etmişlər. “Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 13-cü maddsəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Qeyd edilən Qanunun 14-cü maddəsinə əsasən Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Göründüyü kimi, qeyd edilən Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatlarının torpaq sahələrinin müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilmişdir. Hər bir şəxsə düşən orta torpaq payının ölçüsü sovxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Qeyd edilən əsasla da torpaq sahələrinin cavabdehlərin torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilməklə iddiaçılara pay torpağı olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlunun, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızının və İddiaçı5 mülkiyyətində olan Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınmalı və həmin torpaq sahəsinin ətrafına çəkilmiş hasar Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlunun, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızının və İddiaçı5 mülkiyyətində olan Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınsın və həmin torpaq sahəsində çəkilmiş hasar Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar