Məhkəmə qərarları › İş №2(027)-47/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-47/2023

21.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-47/2023 21.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini dəyişdirərək, Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, İddiaçı tərəfindən xidmət haqqı olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8548 saylı ekspert rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki İddiaçı ½ hissədə payının naturada ayrılmasının ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada faktiki bölgüsünün mümkün olmadığını nəzərə alaraq İddiaçı tərəfindən cavabdehə mübahisəli torpaq sahəsinin hazırki real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğin (10 000 AZN) kompensasiya şəklində ona ödənilməsi, bundan imtina edildiyi halda ona və ya məhkəməyə yazılı şəkildə məlumat verilməsi yazılı şəkildə təklif edilmişdir. Cavabdeh ümumiyyətlə iddiaçıya kompensasiyanın ödənilməsinə dair fikrini bildirməmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından və paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, ona aid torpaq sahəsində heç bir tikinti yoxdur. Tikinti ona aid deyil, tikinti X1 torpaq sahəsində yerləşir. Tikintinin mübahisə predmti olan sahəyə aidiyyəti yoxdur. O, torpağın qiymətləndirilməsində iştirak etməmişdir. İddiaçıya 5000 (beş min) manat məbləğində kompensasiya verməyə də, torpağın bölünməsi ilə də razıdır. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçı ərizəsini nəzərdən keçirib, cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-4629/2019 saylı qətnaməsi ilə Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Əlmədətova (Şahverdiyeva) Vəsilə Dilqəm qızının payı ½ hissədə, Cavabdeh payı isə ½ hissədə olmaqla müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 3715/2020 qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4629/2019 saylı qətnaməsi payların müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/2 hissədə İddiaçı, digər 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh tərəfindən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin birgə təsərrüfatda idarə edilməsi mümkün olmadığından iddiaçı tərəf həmin torpaq sahəsinin mübahisə predmeti olan torpaq sahəsinin dəyərləndirilməsini və əmlakın dəyərini onunla cavabdeh arasında bərabər şəkildə bölünməsi tələbini qoymuşdur. İş üzrə təyin edilmiş ekspertin rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti 10000 (on min) manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsi mümkün olduğundan iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10000 (on min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu İddiaçı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Məhkəmə aşağıdakı hüquqi mövqe nümayiş etdirmişdir: Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Həmçinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında bu məsələ ilə bağlı aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsini, evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edə biləcək hər hansı bir mötəbər dəlilləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən xidmət haqqı olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10000 (on min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satış pulu İddiaçı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddia tələbi “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilsin. "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində vəsait Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar