Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-480/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh arasında 23 oktyabr 2009-cu il tarixində Quba rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 365 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqları - 26 mart 2016-ci il təvəllüdlü Babaşov Kamran Orxan oğlunun və 20 noyabr 2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlunun onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 180 manat olmaqla hər ay 360 manat alimentin, həmçinin Babaşov Kənan Orxan oğlunun üç yaşına çatanadək hər ay 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 oktyabr 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Uşaqları - Babaşov Kamran Orxan oğlu 26 mart 2016-ci ildə, Babaşov Kənan Orxan oğlu 20 noyabr 2018-ci ildə anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuşdur. O, hal-hazırda uşaqları ilə birlikdə Quba rayonunun İkinci Nügədi kəndində valideynlərinə məxsus evdə yaşayır. Nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaqları, gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanılması mümkün deyildir. Cavabdeh uşaqların saxlanılması üçün ona heç bir köməklik göstərmir. O, Quba rayonunun Səbətlər kəndində həkim stamotoloq işləyir, eyni zamanda Quba rayonu İkinci Nügədi kəndində şəxsi stamotoloji kabineti vardır. Onun qazancı normaldır, uşaqların saxlanılması üçün aliment ödəməyə maddi imkanı yetərlidir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş iddiaçı nikahın pozulmasına təkid etmiş və cavabdeh keçirilən məhkəmə iclasların da iştirak etməmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 23.10.2009-cu il tarixdə nikahları bağlanmış və nikah Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 365 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – 26 mart 2016-ci il təvəllüdlü Babaşov Kamran Orxan oğlu və 20 noyabr 2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlu anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, analarına daha çox bağlı olduqlarını, iddiaçının uşaqların onun yanında qalmalarını tələb etdiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar iddiaçının (ananın) himayəsində qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşaqların saxlanmaları üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 180 manat məbləğində müəyyən edilə bilməz. İddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment hər uşaq üçün hər ay 150 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Bununla yanaşı, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən, həmçinin azyaşlı uşağı üç yaşına çatanadək ona qulluq etdiyinə görə iddiaçının özü üçün 100 manat sabit pul məbləğidə aliment tutulması hissədində tələb təmin edilməməldir. Çünki Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvada keçmiş ərdən aliment tutulması üçün ərin buna zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23.10.2009-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 365 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 26 mart 2016-ci il təvəllüdlü Babaşov Kamran Orxan oğlu və 20 noyabr 2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlu adlı uşaqları anaları İddiaçı himayəsində qalsınıar. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 26 mart 2016-ci il təvəllüdlü Babaşov Kamran Orxan oğlu və 20 noyabr 2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlu yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2021-ci il tarixindən başlayaraq hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-480/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-480/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver